Accessibility links

Ermənistanla həmsərhəd kəndlərin problemlərinin və ehtiyaclarının araşdırılması


“Azərbaycan və Ermənistanın sərhəd bölgələrində yaşayan insanların səsi” adlı araşdırmanın təqdimatı keçirilib

“Azərbaycan və Ermənistanın sərhəd bölgələrində yaşayan insanların səsi” adlı araşdırmanın təqdimatı keçirilib

Fevralın 16-da “Təhlükəsiz gələcəyə doğru, Azərbaycan və Ermənistanın sərhəd bölgələrində yaşayan insanların səsi” adlı araşdırmanın təqdimatı keçirilib.

Hesabat Saferworld (Təhlükəsiz Dünya) təşkilatı Humanitar Tədqiqatlar Cəmiyyəti ilə birlikdə İsveçrə hökuməti tərəfindən maliyyələşdirilən “Ermənistan və Azərbaycanın sərhəd bölgələrində münaqişə və təhlükəyə qarşı icma mərkəzli təşəbbüslərin dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanıb.

Saferworld-in Qafqazda layihələr üzrə meneceri Təbib Hüseynov bildirib ki, layihə çərçivəsində Ermənistan və Azərbaycanın 10 sərhəd kəndində vəziyyət hər iki tərəfdən araşdırılıb.

Araşdırmanın məqsədi kənd sakinlərinin ehtiyaclarının və tələbatlarının qiymətləndirilməsi, onların səsinin dövlət orqanlarına və beynəlxalq təşkilatlara çatdırılması, insidentlər nəticəsində dəyən ziyanın qiymətləndirilməsi idi.

Bu işin münaqişə tərəflərinə əsas mesajı Cenevrə Konvensiyasına riayət etmək, mülki şəxslərə və obeyktlərə zərbə endirməkdən uzaq olmağa çağırışdır.

“Layihə 2014-cü ilin yanvarından 2015-ci ilə qədər həyata keçirilib. Sahə araşdırmalarının başlanğıcı 2014-cü ilin iyul-avqustunda vəziyyətin gərginləşməsi ilə eyni vaxta təsadüf edib”, deyə Humanitar Araşdırmalar Cəmiyyətinin rəhbəri Əvəz Həsənov bildirib.

Bu, mülki əhaliyə dəyən ziyanı bilavasitə sənədləşdirməyə imkan verib.

İndiyədək mülki şəxslərə və onların əmlakına qarşı yönəlmiş insidentlərin əlçatan sistemli qeydiyyatı aparılmayıb.

Layihə çərçivəsində http://protectcivilians-ru.blogspot.com/p/database-map-of-incidents.html veb-resursu yaradılıb. Bu səhifədə 2014-cü ilin yanvar ayından etibarən münaqişə zonasında mülki əhaliyə ziyan dəyən insidentlərin monitorinqinin nəticələri yerləşdirilib.

Məlumat öldürülənlər, yaralananlar və mülki əmlaka dəyən ziyan haqqında məlumatlara bölünür.

Azərbaycan tərəfdən hesabat müəllifi ekspert Toğrul Cuvarlıdır. O, hər iki tərəfdən sərhəd kəndlərinin əhalisinin problemlərinin və narahatlıqlarının bənzər olduğunu qeyd edib.

Bununla belə, ekspert təhlükəsizliyin təmin edilməsi məsələsində erməni tərəfin mövqeyində fərqlər olduğunu müəyyən edib. Belə ki, sülhməramlı qüvvələrin yerləşdirilməsinin və snayperlərin geri çəkilməsinin tərəfdarı olan ermənilər eyni zamanda yerli əhalinin silahlanmasını təklif edirlər və bu da sülhyaratma prosesi ilə uzlaşmır.

Hesabatda sərhəd kəndlərində təhlükəsizliyin gücləndirilməsi, sosial müdafiə, infrastrukturun inkişafı, yerli əhalinin öz ehtiyaclarının təmin edilməsi üzrə layihələrə cəlb edilməsi üzrə tövsiyələr irəli sürülüb.

Vətəndaş Cəmiyyəti İnstitutundan erməni ekspert Maya Barxudaryan da buna bənzər hesabat və tövsiyələr hazırlayıb.

XS
SM
MD
LG