Accessibility links

Erməni ekspertlər ölkələrində cərəyan edən siyasi proseslər haqda danışdılar

  • Əsgər Möhsümoğlu

Erməni ekspertlər ölkələrində cərəyan edən siyasi proseslər haqda danışdılar

Erməni ekspertlər ölkələrində cərəyan edən siyasi proseslər haqda danışdılar

Ermənistan üçün başlıca strateji təhlükə Azərbaycan, yaxud Türkiyə deyil, onun təcrid olunması və regional mahiyyətini itirməsi riskidir, deyə Riçard Giraqosyan Cənubi Qafqazın ötən 20 ili mövzusunda Karnegi Beynəlxalq Sülh Fondunun konfransında bildirdi. Yerevanda qərargahlanan Regional Araşdırmalar Mərkəzinin amerikalı sədri Ermənistanın Azərbaycanla davam edən münaqişəsi sayəsində regional enerji layihələrindən kənarda qaldığını və iqtisadi inkişafının önündə böyük maneələr yarandığını vurğuladı. Giraqosyan hesab etdiyini bildirdi ki, Azərbaycan və Ermənistan 20 il əvvəlki körpəlik dövrünü adlayaraq yeniyetməlik çağına yetişiblər. Amma primitiv millətçiliyin vüsət aldığı məkan kimi hələ də onları yetkin dövlət statusuna şamil etmək olmaz.

Giraqosyanın sözlərinə görə çox sayda adam iqtisadi fürsət dalınca Rusiya və yaxud ABŞ-a üz tutur. Hərçənd ki, ölkədə hazırda müəyyən siyasi sabitlik mövcuddur, Ermənistan keçid periodunu yaşayır. Vaxtikən hakimiyyətə yiyələnmiş Qarabağ mənşəli siyasi elita yenisi ilə əvəzlənməkdədir. Əsas toqquşmalar hakimiyyətin öz daxilində cərəyan edir. Siyasi mübarizə, Giraqosyanın sözləri ilə, keçmiş (Levon Ter-Petrosyan), hazırkı (Serj Sarkisyan) və sonuncu prezident (Robert Koçaryan) arasında gedir. Qarşıdan palament seçkiləri yaxınlaşdıqca prezident Sarkisyan ikinci dönəmə seçilmək üçün mənsub olduğu Respublikaçılar Partiyasının mövqelərini möhkəmləndirməyə çalışır. Sadə ermənilərin siyasətə münasibətlərinə gəldikdə Giraqosyan etinasızlıq müşahidə etdiyini bildirdi. İnsanlar hələ də Dağlıq Qarabağla sabit gələcək arasında seçimlə qaldıqlarını düşünürlər. Radikal millətçilər ermənilərin Dağlıq Qarabağa bağlılıqlarını əldə bayraq edərək demokratiyanın genişlənməsinə əngəl törədir və Ermənistanı Rusiyadan asılı durumda saxlamaqda davam edirlər. Nəticə olaraq Giraqosyan hazırkı status kvonun Ermənistanın milli maraqlarına xidmət etmədiyini və durğunluqdan çıxmaq üçün yollar aramağın vacib olduğunu bildirdi.

Qafqaz İnstitutunun sədri Aleksandr İskəndəryan Ermənsitan siyasi elitasının təkamül prosesini üç mərhələ ilə izah etdi. Ilkin mərhələdə ziyalılar önə çıxaraq Dağlıq Qarabağ məsələsini qabartmaqla Ermənistanın müstəqilliyə gedən yolunu müəyyən etdilər. Daha sonra müharibədən qalib çıxmış hərbçilər estafeti ələ aldılar. Hazırkı dövrdə isə elitar mövqelərin tədricən oliqarxların əllərinə keçməsi müşahidə olunur. Ermənistanın xarici siyasətinə gəldikdə, İskəndəryan Ermənistanın ABŞ və Rusiya arasında zərif balans saxlamağa çalışdığını vurğuladı. Ekspert qeyd etdi ki, Ermənistanın hazırda yalnız iki dövlətlə normal münasibətləri var ki, bunlar Gürcüstan və İrandır. Gürcüstan Rusiyanın, İran isə ABŞ-ın qatı düşmənidir. Belə olan halda ermənilər çalışırlar ki, rusların və amerikalıların maraqlarını nəzərə alırkən qonşuları ilə də mehriban münasibət saxlasınlar. Uğur ondan ibarətdir ki, Rusiya Ermənistana Gürcüstana göstərdiyi münasibəti sərgiləmir. Eləcə də Vaşinqton Belarusa göstərdiyi təpkiləri Yerevana göstərmir. İskəndəryan qarşıda gediləsi yolun uzun və qeyri-müəyyən olduğunu bildirdi.

Sual-cavab sessiyasında Azərbaycandan Respublikaçı Alternativ Hərəkatının (REAL) təmsilçisi İlqar Məmmədov ermənilərdən ibarət panelə sual ünvanladı. Məmmədov hərbi bazaların Ermənistan ərazisində yerləşdirilməsinə dair Ermənistanla Rusiya arasında imzalanmaış müqaviləni Yerevan rəsmilərinin nə vaxtsa ləğv etmək səlahiyyətinə malik olub-olmadığını soruşdu. Sualı cavablandıran Riçard Giraqosyan bildirdi ki, rusların Ermənistandakı hərbi mövcudiyyəti Ermənistanın suverenliyinə təhlükədir və hökumət əvvəl-axır bunu nəzərə almalıdır. İskəndəryan qeyd etdi ki, hazırda erməni cəmiyyətində bu fikir üzrə konsensus hökm sürür. Əksəriyyət razılaşır ki, Türkiyə və Azərbaycan kimi qeyri-dost dövlətlərlə əhatə olunmuş Ermənistanın Rusiya kimi hərbi müttəfiqə ehtiyacı var.

XS
SM
MD
LG