Accessibility links

Ermənilər Vaşinqtonda Dağlıq Qarabağın müstəqillik ildönümünü qeyd etdilər


Amerikanın azərbaycanlı icması separatçılığa etiraz edir
Amerikanın azərbaycanlı icması separatçılığa etiraz edir

Ermənistanın ABŞ-dakı səfiri Tatul Markaryan öz nitqində DQ ermənilərinin öz müqəddəratlarını müəyyən etməyə haqları çatdığını bildirdi. Azərbaycan tərəfini illuziyalara qapılmamağa çağıran cənab Markaryan söylədi ki, DQ erməniləri heç zaman Azərbaycan tərəfindən idarə olunmağa razılıq verməyəcəklər.

Sentyabrın 28-də ABŞ Konqresinin binasında Dağlıq Qarabağ ermənilərinin müstəqillik elan etməsinin ildönümü ilə bağlı tədbir keçirilib. DQ erməni icmasının Vaşinqtondakı nümayəndəliyi və Konqresin erməni kokusunun sponsorluğu ilə keçirilən yığıncaqda ermənilərin 1990-cı illərin əvvəllərindən bəri əldə etdikləri nailiyyətlərdən söz açılmış və ABŞ dövlətinin DQ ermənilərinə yardım mexanizmləri müzakirə olunmuşdur. Konqresin qarşısında isə Amerikanın azərbaycanlı icmasının üzvləri piket təşkil etmiş və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən şüarlar səsləndirmişlər.

Konqresin cənub görüş otağında keçirilən tədbirə ABŞ-da yaşayan erməni icmasının üzvləri və ermənilərə təəssübkeşlik edən Amerika rəsmiləri qatılmışdılar. Tədbirin aparıcı natiqi uzun müddət Amerikada ermənilərin maraqlarını himayə edən Konqres üzvü Frank Pallone idi. Nyu Cersidən seçilmiş Demokrat konqresmen tədbirə gələnləri DQ ermənilərinin müstəqillik elan etməsinin 19-cu ildönümü münasibətilə təbrik etdi. Dağlıq Qarabağa keçmiş səfərindən xoş xatirələrini auditoriya ilə bölüşən cənab Pallone son illər ərzində Dağlıq Qarabağda erməni dövlətçiliyinin möhkəmləndiyini və demokratik praktikanın kök saldığını vurğuladı. DQ erməni icmasının özünü-idarəçiliyini təsvir edən Nyu Cersili konqresmen Azərbaycanın separatçı bölgəsində gördüklərini Amerikanın öz demokratik ənənələri ilə müqayisə etdi. Azərbaycan tərəfini təcavüzkarlıqda ittiham edən qanunverici ümid etdiyini bildirdi ki, ABŞ və başqa dövlətlər DQ ermənilərinin müstəqilliyini tanıyacaq.

DQ ermənilərinin təsis etdiyi parlamentin spikeri kimi təqdim olunan Aşot Qulyan cənab Pallone və ABŞ-dakı erməni icmasına tədbiri təşkil etdiklərinə görə təşəkkür etdi. Cənab Qulyan ABŞ konqresinin ermənilərlə bağlı daim ədalətli mövqe tutduğunu bildirərək hələ Sovet dönəmində Kremlə DQ ermənilərinin taleyi barədə müraciətlərin daxil olduğunu xatırlatdı. Daha sonra o, Ermənistan-Azərbaycan müharibəsi zamanı Konqresin Azadlığa Dəstək aktına 907 nömrəli düzəlişindən danışdı. Onun sözlərinə görə Konqresin Azərbaycana tətbiq etdiyi sanksiyalar ABŞ qanunvericilərinin ermənilərin taleyinə biganə qalmadığına bir dəlil idi. Aşot Qulyan 20-ci əsrin ikinci yarısında bir çox millətlərin müstəqillik tapdığını və bu tendensiyanın müsbət olduğunu söylədi. O, hesab etdiyini bildirdi ki, dünyada başqa millətlər kimi Dağlıq Qarabağ erməniləri də müstəqil dövlət qurmaq hüququna malikdirlər.

Ermənistanın ABŞ-dakı səfiri Tatul Markaryan öz nitqində DQ ermənilərinin öz müqəddəratlarını müəyyən etməyə haqları çatdığını bildirdi. Azərbaycan tərəfini illuziyalara qapılmamağa çağıran cənab Markaryan söylədi ki, DQ erməniləri heç zaman Azərbaycan tərəfindən idarə olunmağa razılıq verməyəcəklər. Azərbaycanın ermənilərlə bağlı siyasətini pisləyən Ermənistan səfiri bəyan etdi ki, erməni tərəfi təzyiqlərin qarşısında əyilməyəcək. Azərbaycanın silah və pul baxımdan ermənilərdən üstün olduğunu deyən səfir əvəzində erməni tərəfin sarsılmaz iradəyə malik olduğunu söylədi.

Kapitoli qarşısında etiraz aksiyası keçirən azərbaycanlı icmanın üzvləri əllərində Azərbaycanın ərazi bütövlüyünü tərənnüm edən, Ermənistanın işğalçı siyasətini pisləyən şüarlar və bayraqlar tutmuşdular. Tədbirin keçirildiyi məkandan bir qədər aralıda durmuş piketçilər öz mesajlarını axşamçağı işdən qayıdan Vaşinqton sakinlərinə çatdırmağa çalışırdılar. ABŞ-Azərbaycanlıları Şəbəkəsinin lideri Bədir Məmmədli Amerikanın Səsinə şərhində tədbirin məqsədləri haqda məlumat verdi. O, söylədi ki, onun təmsil etdiyi azərbaycanlı icması Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi sayır. Cənab Məmmədli Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətini pislədi və amerikalı-azərbaycanlıların gələcəkdə də Azərbaycanın maraqlarını müdafiə etmək və səsini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün tədbirlər keçirəcyini söylədi.

XS
SM
MD
LG