Accessibility links

Cəbhənin demək olar ki, bütün istiqamətlərində atəşkəs rejimi pozulmaqdadır. İtkisiz ötüşmək mümkün olmur.

Son günlər Ermənistan-Azərbaycan cəbhəsində gərginlik artmaqda davam edir. Amerika dövlət katibinin Cənubi Qafqaz ölkələrinə səfəri müddətində (5-7 iyun) hər iki tərəf onadək hərbiçisini itirib. Azərbaycan Müdafiə Nazirliyinin son məlumatları da həyəcan doğurmaya bilmir. Cəbhənin demək olar ki, bütün istiqamətlərində atəşkəs rejimi pozulmaqdadır. Doğrudur tərəflər hələ ağır silah və texnikadan istifadə etmir.

Amma, itkisiz də ötüşmək mümkün deyil. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, iyunun 10-da Ermənistan-Azərbaycan cəbhəsində Azərbaycan ordusunun iki zabiti minaya düşüb. Nəticədə kapitanlar İlqar Verdiyevin qolu, Zahir Məmmədovun ayağı amputasiya olunub. Hadisə Goranboy rayonunun Ermənistan tərəfindən işğal olunmuş ərazisində qoşunların təmas xəttində baş verib.

Ermənistan və Azərbaycanın güc strukturlarının bəyanatları cəbhədə vəziyyətin bundan sonra da gərginləşəcəyindən xəbər verir. Azərbaycan Müdafiə Nazirliyi Ermənistan rəhbərliyinin ölkəsindəki sosial-iqtisadi durumun ağırlığını cəbhədə vəziyyəti gərginləşdirməklə xalqın diqqətindən yayındırmaq istədiyini bəyan edib. “Ermənistan rəhbərliyi cəbhədəki döyüşlərdən sonra vəziyyətdən çıxış yolu kimi, yalan və uydurma məlumatları genişləndirməyi özü üçün başlıca hədəfə çevirib. Bunu ölkənin informasiya vasitələrində dərc olunan fasiləsiz dezinformasiyaların mahiyyətindən aydın görmək olar”, - deyə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirib.

Öz növbəsində, Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, iyunun 7-8-də Ermənistanın müdafiə naziri Seyran Ohanyan Azərbaycanla həmsərhəd Tavuş rayonunda erməni qüvvələrinin ön mövqelərində olub. “Azərbaycan tərəfdən yeni atışma olarsa erməni tərəfi sərt cavab verəcək”, - deyə o qeyd edib.

Ermənistan-Azərbaycan cəbhəsindəki gərginlik beynəlxalq ictimaiyyəti, o cümlədən xüsusilə Cənubi Qafqaz regionunda iqtisadi və siyasi maraqları olan qüvvələri ciddi narahat etməkdədir.

Belə ki, Amerika dövlət katibi Hillari Klinton Azərbaycana səfəri zamanı cəbhədə son günlər əsgərlərin həlak olmasından narahatlığını bildirib.

O deyib ki, prezidentlər Sarkisyanla Əliyevi Helsinki Yekun Aktının prinsipləri əsasında nizamlanmaya nail olmaq üçün lazımi səyləri göstərməyə çağırıb. “Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz. Münaqişənin hərbi həll yolu yoxdur. Gənc əsgərlərin ölümü bizim üçün yasdır. Biz sülhə nail olmaqla əsgərlərin axıdılan qanına qiymət verməliyik. Biz yalnız sülh yolunu seçməliyik”_ deyə o qeyd edib.

APA Agentliyinin məlumatına görə, bu gün NATO Baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Tiflisdə keçirdiyi mətbuat konfransında Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsinə münasibət bildirib. “Biz NATO olaraq müharibəyə qarışmırıq. Lakin, ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllində həyata keçirdiyi səyləri dəstəkləyirik. Son günlər münaqişə zonasında baş verənləri diqqətlə müşahidə edirik. Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi bizi də narahat edir”.
C. Appaturay bildirib ki, NATO problemin sülh yolu ilə həllinin tərəfdarıdır: “Ümid edirik ki, gərginlik səngiyəcək”.

Cənubi Qafqazın digər dövləti Gürcüstan da cəbhədə gərginliyin artmasından narahatlığını bildirib. Bu ölkənin xarici işlər nazirinin müavini Nino Kalandadze deyib ki, təhlükəsizlik baxımından regionda vəziyyət kövrəkdir və beynəlxalq birlik bunu bilir. “Gərgin vəziyyətdə tez-tez bu cür insidentlər baş verir və onlar regionda sabitliyə xidmət etmir. Hesab edirəm ki, tərəflər problemin nə dərəcədə mürəkkəb olduğunu və eskalasiyanın acınacaqlı nəticələrə gətirib çıxara biləcəyini dərk edirlər”.
Avropa İttifaqının xarici məsələlər, siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eştonun bəyanatında isə deyilir ki, Ermənistan-Azərbaycan sərhədində silahlı insidentdən ciddi narahatlıq keçirir.
”İnsan tələfatı ilə bağlı dərin təəssüfümü bildirir və tərəfləri atəşkəs haqqında sazişə əməl etməyə, vəziyyətin gələcək eskalasyasına yol verməmək üçün öz bəyanatlarında təmkinlik nümayiş etdirməyə çağırıram”, - bəyanatda vurğulanır.
Onun fikrincə, güc və ya onun tətbiqi barədə hədələr, həmçinin status-kvo münaqişələrin həllinə yardım etmir. “Bu insidentlər ATƏT tərəfindən təklif olunmuş insidentlərin araşdırılmasına dair mexanizmin vacibliyini göstərir”.

Xanım Eşton həmçinin Ermənistan və Azərbaycanı, tərəfdaş ölkələri Madrid prinsipi üzrə sazişin əldə olunmasına dair səyləri canlandırılmağa, prezidentləri ATƏT-in Minsk Qrupu çərçivəsində götürdükləri öhdəlikləri tam yerinə yetirilməyə çağırır.

Bütün bu çağırışlara baxmayaraq, iyunun 10-da və 11-də cəbhə boyu atışma davam edib. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, gün ərzində Ağdam, Goranboy, Tərtər, Füzuli və Gədəbəy rayonlarında atışma intensiv olub.

Amma, cəbhədə atışmalar intensiv olsa da hələ danışıqlara da ümidlər itməyib. Amerika dövlət katibi Hillari Klinton iyunun 7-də Azərbaycana səfəri zamanı deyib ki, iki həftə sonra Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə yeni görüşü olacaq. “Biz orada yeni yanaşma tərzlərini müzakirə edəcəyik. Mən Ermənistanda və Azərbaycanda bu məsələləri müzakirə etdim. Gərək münaqişə həllini tapsın, bir yol olmalıdır. Biz 2012-ci ildə yaşayırıq. Münaqişənin həllinin vaxtı çoxdan keçib. Mən əlimdən gələni edəcəm. Hər iki prezidentə söz vermişəm ki, münaqişənin həlli üçün əlimdən gələni edəcəm”, - deyə o xatırladıb.

Xanım Klinton münaqişənin nizamlanmasına yeni yanaşma tərzindən danışdığı bir zamanda isə ABŞ-ın Demokratiyaya Yardım Milli Fondunun (NED) dəstəyi ilə iyunun 16-da Gürcüstanın Təkəli kəndində Cənubi Qafqaz ölkələrinin sərhədində üç ölkə sülhməramlılarının növbəti görüşü keçiriləcək. Göründüyü kimi debatların mövzusu Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejiminin pozulması: reallıq və ya ictimai müdaxilə?” olacaq. Eyni zamanda, bu günlərdə ATƏT-in Minsk qrupunun digər həmsədr dövləti Rusiyanın paytaxtında Ermənistan və Azərbaycan jurnalistlərinin görüşü keçirilib.

Görünür, münaqişənin nizamlanması prosesində yeni yanaşma tərzi Cənubi Qafqaz icmaları arasındakı münasibətlərin liberallaşmasından keçəcək.

XS
SM
MD
LG