Accessibility links

Əsədi hakimiyyətdən devirmək daha böyük xaosa səbəb ola bilər


ABŞ dövlət katibi Reks Tillersonun prezident Bəşər Əl-Əsəd sülaləsinin hakimiyyətinin sona yaxınlaşdığına dair bəyanatı ABŞ-ın Suriya liderinə qarşı daha sərt mövqe nümayiş etdirəcəyinə işarədir.

Dövlət katibinin çərşənbə axşamı verdiyi bu açıqlama ABŞ-ın Suriyada hava hücumu həyata keçirməsindən və daha ağır addımlar atacağı ilə bağlı xəbərdarlıq etməsindən sonraya təsadüf edir.

Lakin Əsədi hakimiyyətdən kənarlaşdırmak cəhdi böyük çətinliklərlə qarşılaşacaq və nəticədə xaosa gətirib çıxara bilər. Eyni zamanda isə bu, daimi mühasirə və bombardman altında yaşayan 1 milyona yaxın suriyalının çəkdiyi iztirablara son qoya bilər.

Altı ildir davam edən vətəndaş müharibəsinə baxmayaraq, Əsəd hakimiyyətdən getmir. Bunun əsas səbəbkarları onun güclü müttəfiqləri Rusiya və İrandır, çünki onlar Əsəd hökümətini siyasi və hərbi yolla dəstəkləməyə davam edirlər.

Aydın bir keçid planı olmadan Əsədi devirmək risklidir və bunun Suriya sərhədlərindən kənarda da nəticələri ola bilər.

ABŞ-ın Əsədlə bağlı mövqeyi nədir?

Ötən həftə ABŞ administrasiyası Suriya ilə bağlı mövqeyində böyük dəyişiklik etdi. Bundan bir neçə həftə öncə isə prezident Donald Tramp daxil olmaqla, bir çox ABŞ rəsmisi Rusiya ilə əməkdaşlıq etməyə hazır olduqlarına işarə edirdi və Əsədin durumunun prioritet olmadığını deyirdi.

Lakin belə görünür ki, aprelin 4-də Suriyanın şimalında üsyançıların nəzarət etdiyi şəhərə kimyəvi hücum Trampın mövqeyini tamamilə dəyişdi və ABŞ-ın birbaşa Əsəd qüvvələrini hədəf alan hava hücumu həyata keçirməsinə gətirib çıxardı.

Tramp administrasiyası Suriyadakı əsas hədəfi, eləcə də Əsədin hakimiyyətdən nə zaman gedib-getməməli olduğu ilə bağlı qarışıq mesajlar verir.

ABŞ dövlət katibi Reks Tillerson
ABŞ dövlət katibi Reks Tillerson

"Hər kəsə aydındır ki, Əsəd hakimiyyəti sona doğru yaxınlaşır”, Tillerson deyib. “Amma əsas sual bu hakimiyyətin necə sonlanacağıdır. Biz düşünürük ki, keçid dövrünün özü də vahid Suriyanın davamlılığı və sabitliyi üçün çox mühümdür”, deyə o əlavə edib. ​

Əsəd ailəsinin güc mənbəyi nədir?

Əsəd ailəsi Suriyanı 50 ildir idarə edir. Bu sülalə o dərəcədə kök salıb ki, onların tərəfdarları ölkəni “Əsədin Suriyası” adlandırır. Döyüş zonalarında rejimə bağlı döyüşçülər divarlarda “Ya Əsəd qalacaq, ya da biz bu ölkəni yandıracağıq” sözlərini yazıblar.

Ölkədə dağıntılara baxmayaraq, Əsədi hələ də dəstəkləyənlər var. O lap əvvəldən bu müharibənin terrora qarşı mübarizə olduğunu iddia edirdi və məharətlə “böl və fəth et” siyasəti vasitəsilə bu müharibəni onunla İslamçı terrorçular arasında bir seçimə bərabər edib.

Hökümət tərəfdarı nümayişçilər
Hökümət tərəfdarı nümayişçilər

Onun tərəfdarları arasında özünün mənsub olduğu Ələvi məzhəbi, eləcə də xristianlar və druzlar kimi azlıqda olan məzhəblər yer alır. Onlar ekstermistlərin ölkənin idarəsini ələ keçirdiyi təqdirdə təqib olunmaqdan qorxurlar. Bundan əlavə güclü biznes icmasının böyük hissəsi də Əsədi dəstəkləyir və Suriyanın üsyançı fraksiyalar və səhra komandirlərinin idarə etdiyi hissələri ilə müqayisə etdikdə onu sabitlik mənbəyi olaraq görür. İnsan haqları pozuntuları ilə tanınan Suriyanın güclü təhlükəsizlik idarələri də sonadək Əsədi dəstəkləyəcək.

Əsədə alternativlər nədir?

Onu əvəzləyəcək bariz namizəd yoxdur. Əsəd atası və atasının sələfinin yürütdüyü siyasəti davam etdirir. Onların hər biri illər boyu müxalif səsləri boğub. 2011-ci ilin mart ayında başlayan üsyandan sonra, müxalifət təmsilçirəri həbs edildi, öldürüldü və ya sürgün edildi. Bəzi təhlilçilərin dediyinə görə, Əsədi yalnız ələvi ordu generalı əvəzləyə bilər, çünki belə bir liderin mövcudluğu Suriyadakı azlıqlar üçün qarantiya ola bilər.

Rusiya prezidenti Vladimir Putin və Suriya prezidenti Bəşər əl-Əsəd
Rusiya prezidenti Vladimir Putin və Suriya prezidenti Bəşər əl-Əsəd

Hazırda isə belə bir fiqur yoxdur. Bu səbəbdən də, artıq bir neçə ildir xarici siyasət üzrə ekspertlər Əsədə alternativ tapmaqda çətinlik çəkirlər.

Əsədi güc yolu ilə devirmək olarmı?

ABŞ Əsədi hakimiyyətdən devirmək üçün ona qarşı bir çox tədbirlər görə bilər. Buna hərbi nəzarət mərkəzlərini bombalamaq, hərbi təyyarələri vurmaq və Əsədi devirmək üçün döyüşən üsyançılara silah dəstəyini artırmaq daxildir.

Bu addımlardan hər biri isə Rusiya və İranla qarşıdurmaya səbəb ola bilər.

Bu, həmçinin Əsədin hakimiyyətdən getməsini istəsə də, ABŞ-ın Suriyanı bombalamasının əleyhinə olan üsyançı fraksiyaların əks reaksiyasına gətirib çıxara bilər.

Əsəd devrilsə nə olacaq?

Avropalılarla ABŞ-ın keçmiş administrasiyası qonşu İraqdakı kimi rejim dəyişikliyinin baş verməsini istəmədiklərini açıq dilə gətiriblər.

Onlar deyir ki, Əsədin qəfil bir şəkildə devrilməsi dövlət qurumlarının çökməsinə və məzhəblərarası qırğinlara gətirib çıxara, habelə İslam Dövləti qrupu, Əl-Qaidə və İraqda zorakılıqlar edən şiə yarı-hərbi qüvvələri kimi miltant qrupların yayılmasını asanlaşdıra bilər.

Rusiya rəsmiləri isə Suriyada zorakı rejim dəyişikliyinin təhlükələrini göstərmək üçün ABŞ-ın İraq və Liviyadakı uğursuzluqlarını nümunə olaraq qeyd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG