Accessibility links

Əsgər ölümü etirazla qarşılanıb: martın 10-da aksiya keçiriləcək


Əsgər Ölümlərinə etiraz aksiyası

Əsgər Ölümlərinə etiraz aksiyası

İctimai fəalların aksiya çağırışından sonra Müdafiə Nazirliyi və Hərbi Prokurorluq məlumat yayıb.

Martın 1-də səhər saatlarında Azərbaycanın Göyçay rayonunun (Bakıdan 216 kilometr cənub-qərb) Kürdəmiş kənd sakini əsgər Seymur Allahverdiyevin meyiti ailəsinə verilib. Bu barədə Amerikanın Səsinə hüquq müdafiəçisi Oqtay İsgəndərli bildirib.

Ailə üzvləri meyitə baxış keçirib və məlum olub ki, əsgər baş nahiyəsindən aldığı güllə nəticəsində vəfat edib. Mərhumun hərbi xidmətini başa vurmasına cəmi bir ay qalıbmış.

Onun sözlərinə görə, mərhumun ailəsi təcili olaraq tibbi ekspertiza keçirilməsini tələb edir.

Müdafiə Nazirliyinin mətbuat xidməti əsgər ölümünü təsdiq edib. Mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, Şəmkir hərbi birləşməsinin əsgəri, Qazax rayonundakı “N” saylı hərbi hissədə xidmət edən Göyçayın Kürdəmiş kənd sakini, 1990-cı il təvəllüdlü Allahverdiyev Seymur Mürvət oğlu dünən postda olarkən tabeliyində olan avtomat silahdan atəş açaraq intihar edib.

Faktla bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb.

Son zamanlar əsgər ölümləri cəmiyyət tərəfindən birmənalı şəkildə pislənir və yanvarın 12-də keçirilən ictimai etirazda minlərlə insan iştirak edib.

Əsgər Seymur Allahverdiyevin ölümü də vətəndaş fəallarının əsgər ölümlərinə qarşı növbəti etiraz aksiyası keçirmək çağırışına səbəb olub.

Facebook-da yer alan çağırışda deyilir ki, aksiyanın 10 mart saat 15.00-da Bakıda Fəvvarələr Meydanında keçirilməsi nəzərdə tutulur.

Aksiya iştirakçıları 30 min Facebook istifadəçisinə dəvət göndəriblər.

Seymur Allahverdiyevin intihar etməsi barədə iddia əsgərin ailəsinin də qəzəbinə səbəb olub. Ailənin sosial şəbəkələrdə yaydığı videodan görünür ki, cəsədin başının üst hissəsi yoxdur. Bu, onun avtomatdan öz gicgahına atəş aça biləcəyini şübhə altına qoyur.

Vətəndaş fəallarının etiraz aksiyası çağırışından sonra Müdafiə Nazirliyinin və ı Hərbi Prokurorluğunun mətbuat xidmətləri birgə məlumatla çıxış edib.

Məlumatda deyilir ki, əsgər Allahverdiyev Seymur Mürvət oğlunun ölməsi faktı ilə əlaqədar hərbi prokurorluğun əməkdaşlarından ibarət istintaq qrupu tərəfindən hadisə yerinə foto və videoçəkiliş aparılmaqla baxış keçirilib, baxış zamanı hadisə yerindən iş üzrə əhəmiyyət kəsb edən əşyalar götürülüb, məhkəmə-tibbi ekspertin, prokurorun və müstəntiqin iştirakı ilə meyitin xarici və daxili müayinəsi aparılıb və digər zəruri təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.

M.Allahverdiyevin meyitinin xarici və daxili müayinəsi zamanı onun bədən səthində odlu silahdan açılmış atəşlər nəticəsində əmələ gəlməyə xarakterik xəsarətlərdən başqa, digər hər hansı xəsarət və ya xəsarət izləri, o cümlədən döyülmə nəticəsində əmələ gələ bilən hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilməyib. .

İlkin araşdırma ilə müəyyən edilib ki, əsgər S. Allahverdiyev 28 fevral, saat 15.10 radələrində döyüş postunda xidmət apararkən öz xidməti istifadəsində olan silahdan baş nahiyəsinə atəş açmaqla özünü öldürüb.


Həmçinin Müdafiə Nazirliyi və Hərbi Prokurorluğunun mətbuat xidmətləri təəssüf hissi ilə bildirir ki, bu hadisədən öz məqsədləri üçün istifadə etməyə çalışan ayrı-ayrı şəxslər sosial şəbəkələrdə mərhum əsgər Seymur Allahverdiyevin guya döyülərək öldürülməsi barədə heç bir reallığa əsaslanmayan qərəzli çıxışlar edir, təyin edilmiş ekspertiza rəyləri və digər istintaq hərəkətlərinin nəticələri məlum olmadan müxtəlif əsassız fərziyyələr irəli sürülməklə ictimaiyyət çaşdırılır.

Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun mətbuat xidmətləri bəyan edir ki, cəmiyyətdə çaşqınlıq yaratmaq, ordu barədə mənfi və əsassız fikirlərin formalaşması məqsədlərinə xidmət etməklə, ölkədə ordu quruculuğu sahəsində həyata keçirilmiş işlərə kölgə salmağa yönəlmiş bu cür qərəzli və reallığa əsaslanmayan fikirlərin sosial şəbəkələrdə yayımlanması yolverilməzdir.
XS
SM
MD
LG