Accessibility links

“Əsgər ölümünə son!” aksiyası [Fotoqalereya & Video]


Qabaqcadan tətbiq edilən qadağalara baxmayaraq aksiya baş tutub. Onlarla etirazçı saxlanıb

Qabaqcadan tətbiq edilən qadağalara baxmayaraq çoxsaylı gənclər təşkilatları, ictimai xadimlər “Əsgər ölümlərinə son!” şüarı ilə Bakının Fəvvarələr Meydanında etiraz aksiyası keçirib.

Etirazçılar həmçinin “İstefa!”, “Orduda ölümlərə yox!”, “Ordu morq deyil!”, “Polis, öz xalqına zülm etmə!” şüarları səsləndirib.

Dərhal polis dəstələri mitinq iştirakçılarını saxlamağa və dağıtmağa başlayıb. Bu zaman suvuran maşınlardan, gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə olunub.

Xüsusi təyinatlı polis alayı dəyənəklərdən istifadə edib. Xəsarət alanlar olub.

Aksiyanın daha bir xüsusiyyəti, çoxsaylı yaşlı nəslin nümayəndələrinin, xüsusən əllərində həlak olmuş oğullarının və qohumlarının portretlərini tutan qadınların iştirakıdır.

İlkin məlumatlara görə, 70-dən çox aksiya iştirakçısı saxlanılıb. Onlar arasında jurnalist Xədicə İsmayılova, gənc fəallar Turqut Qəmbər, Əbülfəz Qurbanlı, Bəyim Həsənli, Kənan Qasımlı, Ruslan Əsəd, Rauf Məmmədli, Ayaz Xəlilzadə, Ağababa Məmmədov, Osman Əhmədov, Orxan Babayev və başqaları var. Müsavat Partiyasının məlumatına görə, onları avtobuslardaca döyüblər və qazla zəhərləyiblər.

Polis həmçinin bir neçə əsgər valideynini də saxlayıb, onları asfalt üzərində sürüyüblər.

Aksiya ümumilikdə təxminən bir saatdan çox davam edib. Polis aksiyadan öncə və aksiya boyu Fəvvarələr Meydanına gedən küçələri mühasirəyə alıb və heç kimi meydana buraxmayıb. Bununla belə, insanlar vətəndaş fəallığı nümayiş etdirib polis dəyənəklərindən və hədələrdən qorxmayaraq meydana çıxıblar.

Çoxsaylı insanın su içərisində olmasına, xəsarət almasına baxmayaraq meydanda ictimai ruh yüksəkliyi olub. Aksiyadan öncə fəalların saxlanmasına, onlara qarşı narkotik, “Molotov kokteyli” ittihamları irəli sürülməsi də meydanda mübarizə ruhunu aşağı salmayıb.

Aksiya boyu polisin bir çox hallarda zorakılıqlarına baxmayaraq, etirazçılar onlara qarşı zorakı hərəkətlərə baş vurmayıb.

İctimai Palata, o cümlədən çoxsaylı siyasi partiyalar, hüquq müdafiəçiləri polisin həddən artıq zor tətbiq etməsini pisləyib. Hökumətin toplaşmaq azadlığını təmin etməsini, qeyri-döyüş şəraitində əsgər ölümünə görə günahkarların cəzalandırılmasını tələb edib.

Show comments

XS
SM
MD
LG