Accessibility links

ABŞ 6 ölkədə tanklar və ağır hərbi texnika yerləşdirir


ABŞ-ın müdafiə naziri Eşton Karter Rusiyanın Ukraynaya müdaxiləsini müzakirə etmək üçün NATO həmkarı ilə Brüsseldə görüşməlidir.

Birləşmiş Ştatlar NATO müttəfiqlərini Rusiya və terrorçu qruplardan gələn təhlükələrdən müdafiə edəcəyinə əmin edərək, Baltikyanı ölkələr də daxil olmaqla altı ölkədə 250 ədəd tank və başqa ağır hərbi texnika yerləşdirməyi planlaşdırır.

Bu gün Estoniya paytaxtında danışan ABŞ Müdafiə naziri Eşton Karter müxbirlərə deyib ki, Baltikyanı ölkələr olan Estoniya, Litva və Latviya, eləcə də Bolqarıstan, Rumıniya və Polşa bu hərbi avadanlığı qəbul etməyə hazır olduqlarını bildirib. Onun sözlərinə görə, hərbi texnika təlim və hərbi manevrlər məqsədilə regionda bir yerdən başqa yerə aparılacaq.

Rusiyanın keçən il Ukraynanın Krım yarımadasını ilhaq etməsindən sonra NATO liderləri Şərqi Avropada NATO müttəfiqləri vasitəsilə hərbi təlimlər və rotasiyaların artırılması haqda razılıq əldə edib.

Hərbi texnikanın yerləşdirilməsinin detallarını açıqlamayan Eşton Karter bildirib ki, texnikanın yerləşdirilməsi Avropa qüvvələrinə təlimlərin daha da genişləndirilməsi və onların mobil qabiliyyətinin artırılması məqsədi daşıyır. O deyib ki, ABŞ-ın mövcudluğu daimi, lakin mobil olacaq.

XS
SM
MD
LG