Accessibility links

"Əslində qiyam mayın əvvəllərindən başlamışdı" [Müsahibə]


Pənah Hüseyn
Pənah Hüseyn

1993-cü il iyunun 4-də baş verən hadisələr illər keçdikcə, yenə də müzakirə obyektidir. Həmin vaxt baş nazir olmuş, Gəncədə keçirilmiş əməliyyatlara birbaşa nəzarət etmiş Pənah Hüseyn AzadlıqRadiosuna danışır:

- 4 iyunda nə baş vermişdi - qiyam, hakimiyyət dəyişikliyi, çevriliş?

-Ölkənin qanuni seçilmiş prezidentinə qarşı silahlı dəstələrdən istifadə olunaraq, açıq siyasi çevriliş şüarları ortaya qoyulmuşdu. Bunun Azərbaycan türkcəsində «qiyam»dan başqa adı yoxdur. Fakt odur ki, dövlətə qarşı cinayət edildi və ölkənin qanuni prezidenti devrildi.

- Niyə hələ də 4 iyun hadisələrinə birmənalı hüquqi qiymət verilməyib?

- Həmin hadisənin qiyam olmasını indiki iqtidarın da bir sıra yüksəkvəzifəli şəxsləri deyib. Ancaq nəzərə almaq lazımdır ki, 1993-cü ildə hərbi qiyamçılarla siyasi müxalifət, o cümlədən indiki iqtidarda təmsil olunan şəxslər birləşdilər və ölkədə hərbi siyasi qiyam başladı. Bu məsələnin doğru, düzgün, obyektiv qiymətləndiriləcəyini indiki iqtidardan gözləmək olmaz. Amma istər tarixi baxımdan, istər hüquqi baxımdan bu məsələyə bəraət qazandırmaq mümkün deyil. Məsələ əgər çözülərsə və təhlillər aparılarsa, onda indiki iqtidarla xeyli dərəcədə bağlı məqamlar üzə çıxacaq.

- Qiyam niyə baş verdi, hansı şərait bunu zəruri etmişdi?

- Mayın təxminən 9-u, 10-da Surət Hüseynovun rəhbərliyi ilə hərbi birlik yaradıldı. Orada o dövrdə orduda vəzifədə olan bir sıra şəxslər, başqa qeyri-qanunu dəstələr təmsil olunurdu. Təxminən bir həftə sonra bu hərbi birlik hökumətə ultimatum verdi. O cümlədən neft kontraktlarının bağlanmaması, danışıqların dayandırılması ilə bağlı. Əslində bu qiyam mayın əvvəllərindən başlamışdı. İyunun 4-də isə uğursuzluq yarandı. Bu, təkcə Surət Hüseynov və onun ətrafı deyildi, sonradan siyasi müxalifət də buna qoşulmuşdu. Xaricdən – istər Rusiya, istər İran xüsusi xidmət orqanlarının bu məsələdə iştirakı haqda sonradan məlumatlar ortaya çıxdı. Elə onda da faktlar var idi. Nəticədə hökumətin qiyamı yatırtmaq tədbirləri uğursuzluğa məruz qaldı. Sonra hərbi qiyama siyasi müxalifət də açıq şəkildə qoşuldu. Nəticə də məlumdur. Hər şeydən əvvəl isə onlarla şəxs öldürüldü, o cümlədən hökumətdə vəzifədə olan şəxslər. Ölkədə siyasi xaos yarandı. O dövrdə - 1993-cü ildə Qarabağ müharibəsinin demək olar ki, qurtarmaq şansı yaranmışdı. Kəlbəcərin azad olunması, iyul-avqustda ATƏT-in sülhməramlılarının yerləşdirilməsi reallaşmaq üzrə idi. Mart ayında Bakı-Ceyhan kəməri ilə bağlı razılıq əldə olunmuşdu. İyulun 2-də Londonda neft müqavilələrinin bağlanması gözlənilirdi. Ölkədə payızda seçkilərin keçirilməsi barədə qərar qəbul olunmuşdu. Yeni Konstitusiya hazırlanırdı. Bu siyasətin qarşısını almaqdan ötrü bütün bunlar baş verdi. Xarici qüvvələrin təhriki, daxildəki siyasi, hərbi şəxslərin səyi ilə belə bir dövlət çevrilişi həyata keçirildi. Bu, sadəcə, bir iqtidar dəyişikliyi deyildi. Azərbaycan bir sıra məsələlərdə geriyə düşdü.

- Siz baş nazir kimi Gəncədə keçirilən əməliyyatlara birbaşa nəzarət edirdiniz. Ə.Elçibəy hakimiyyəti Gəncədə niyə məğlub oldu?

- Mən burda prezidentin hansısa günahını görmürəm. Çünki Elçibəy bu məsələdə bizə, o cümlədən mənə tam səlahiyyət vermişdi. Hesab edirəm ki, bu, xeyli dərəcədə subyektiv amillərlə bağlı oldu. Hətta qiyamçılar Gəncədə bir çox dövlət məmurunu həbs edəndən sonra da qiyamı yatırmağa kifayət qədər imkanlar qalırdı. Olub keçəndən sonra əlbəttə ki, danışmaq və dəyərləndirmək heç də həmişə doğru olmur. Amma hesab edirəm ki, daha cəsarətli və daha qətiyyətli addımlar atmaq lazım idi. İndiki bu zaman məsafəsindən baxanda, hesab edirəm ki, bizim hökumət daha cəsarətli addımlar atmalı idi. Qiyamın yatırılması üçün Konstitusiyanın verdiyi bütün imkanlardan istifadə edilməli idi.

- Bəs Heydər Əliyevin Bakıya dəvət edilməsi nə vaxt zərurətə çevrildi?

- Artıq bəzi proseslər baş vermişdi. Müəyyən bir məqamda bizim əsas məqsədimiz prezident Elçibəyin hakimiyyətinin qorunub saxlanması idi. Çünki ölkənin siyasi xəttinin qarantı Elçibəy idi. Ona görə də, ilk günlərdə siyasi müxalifətlə hərbi müxalifət arasındakı birliyi pozmaq, onların daha açıq şəkildə birləşməsinin qarşısını almaqdan ötrü bizə qarşı olan siyasi qüvvələrə hakimiyyət bölgüsü təklif etmək ideyası gündəmə gəldi. Belə təklifi mən də vermişdim. Baxmayaraq ki, Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri idi, o dövrdə ən əsas siyasi müxalifət o və Yeni Azərbaycan Partiyası idi. Bir də Etibar Məmmədovun rəhbərlik etdiyi partiya. Onlara belə bir müraciətlər edilmişdi. Söhbət Heydər Əliyevin prezidentliyə dəvət edilməsindən getmirdi. Söhbət qiyamın yatırılması üçün qanuni prezident Elçibəyə dəstək verməsinə nail olmaqdan gedirdi. Heydər Əliyev Bakıya bu məqsədlə dəvət olunmuşdu.

- Ancaq Heydər Əliyev qiyamdan 11 gün sonra - iyunun 15-də Ali Sovetin sədri oldu. Əbülfəz Elçibəy isə həmin hadisədən 3 gün keçməmiş Bakını tərk etdi...

- O dövrdə mən baş nazir vəzifəsindən istefa ərizəsi yazmışdım. Daha sonra İsa Qəmbər Ali Sovetin sədri vəzifəsindən istefa vermişdi. Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi elə də sadə olmadı. Bunun üçün həmin iclasda Elçibəyin iki dəfə çıxış etməsi lazım gəldi. Amma Heydər Əliyev Ali Sovetin sədri seçiləndən sonra (Gəncəyə gedib gəlmişdi) onun Surət Hüseynova qarşı addımların əleyhinə olduğu meydana çıxmışdı. Hətta Nəvahi yaxınlığında ciddi bir hərbi toqquşma olmuşdu. Buna etiraz etmişdi. Bizim gözlədiyimizin əksinə olaraq Heydər Əliyev o dövrdə ola bilsin ki, Surət Hüseynovu daha güclü hesab edirdi. Həm də özünün prezident olması xəttini götürərək Surət Hüseynovla ittifaqa getməyə meylləndi. Belə bir şəraitdə də Elçibəy Bakını tərk etməyə məcbur olmuşdu. İstefa verib getməməsinin də səbəbi ondan ibarət idi ki, yeridilən siyasi kursun davamından ötrü müəyyən imkanlar qalsın.

- 4 iyun baş verməsəydi, onda ölkənin vəziyyəti necə olardı?

- Fikrim subyektiv də qəbul oluna bilər. Amma faktlarla əsaslandırmaq mümkündür ki, 1993-cü ildə həm Azərbaycan, həm də Ermənistan üçün məqbul bir variantda müharibə qurtarırdı. Bu, bütövlükdə bizim regionda çox böyük bir hadisə olardı. İkincisi, biz bu gün demokratik bir Azərbaycanı görərdik. Hüquqi dövlət, daha inkişaf etmiş bir Azərbaycanı görərdik. Mənim fikrimcə, 1993-cü ilin iyunundakı hadisələr bizi on illər geriyə saldı.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG