Accessibility links

Karyerası ərzində keçirdiyi bütün döyüşlərdə qalib gəlmiş Floyd Meyvezer tezliklə təqaüdə çıxacağını açıqlayıb

Dünən bütün dünyanın maraqla gözlədiyi və "Əsrin döyüşü" adlandırdığı döyüş baş tutub. ABŞ-ın Nevada ştatının Las Veqas şəhərindəki "MGM Grand Garden Arena"da baş tutan döyüşdə indiyədək keçirdiyi 47 döyüşün heç birində məğlub olmayan amerikalı Floyd Meyvezer 9 fərqli kateqoriya üzrə dünya çempionu olmuş filippinli Menni Pakyao ilə qarşılaşıb.

12 raundluq döyüşü Floyd Meyvezer qazanıb. Hər üç hakim amerikalı boksçunun lehinə qərar verib. Bununla da o, WBC, WBO və WBA kəmərlərinin hamısına birdən sahib olub.

Ümumilikdə 400 milyon gəlir gətirən matçın 300 milyon dollarlıq mükafat fondunun 60 faizi Floyd Meyuezerin (180 milyon dollar), 40 faizi isə Menni Pakyaonun (120 milyon) payına düşüb. Meyvezerin qazandığı WBC çempionluq kəmərinin dəyəri 1 milyon dollardı. 800 qram qızıldan olan kəmərin üstündə 3017 zümrüd var və 165 ölkənin bayrağı həkk olunub.

Məğlubiyyətsiz ünvanını davam etdirən 38 yaşlı Floyd Meyvezer 48-ci döyüşündə 48-ci qələbəsini qazanıb. 36 yaşlı filippinli Menni Pakyao isə 65 matçlıq peşəkar boksçu karyerasında 6-cı məğlubiyyətini alıb.

Qeyd edək ki, "Əsrin döyüşü"nün biletləri aprelin 23-də bir dəqiqə ərzində satılıb. Biletlərin rəsmi qiyməti 1,5 min dollardan 7,5 min dollara qədər olsa da, saytların birində ilk sıraya bilet 55 min dollardan, digərində isə 100 min dollardan baha satılıb.

Matçdan sonra Meyvezer bu il daha bir döyüş keçirdikdən sonra təqaüdə çıxacağını bildirib.

XS
SM
MD
LG