Accessibility links

Etibar Əliyev: Azərbaycanda müəllimin əmək haqqı 110-143 manatdır


Etibar Əliyev: Azərbaycanda müəllimin əmək haqqı 110-143 manatdır

Etibar Əliyev: Azərbaycanda müəllimin əmək haqqı 110-143 manatdır

Azərbaycanda təhsil islahatları və ali məktəblərə qəbul prosesi, özəl təhsil, təhsilin keyfiyyəti barədə ekspertlərin fikriləri ilə tanış olun.

“21-ci Əsr -Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycanda təhsil islahatları və ali məktəblərə qəbul prosesindən danışıb.

Ekspertin dediyinə görə, bu il ali təhsil sistemində pullu əsasların xüsusi çəkisi 65% təşkil edir. “İkinci qrupda (iqtisadiyyat) dövlət sifarişinin səviyyəsi 27%, üçüncü qrupda (humanitar elmlər) 28% təşkil edir. Bu faktiki əhalinin pulunun əlindən alınması deməkdir.

1992-ci ildə “Təhsil haqqında” qanun qəbul olunanda ekspertlər güman edirdilər ki, ixtisaslı mütəxəssislərin hazırlanması əsasən dövlətin üzərinə düşəcək, ali məktəblər bir-biri ilə rəqabət aparacaq, üstünlük dəqiq və təbiət elmlərinə veriləcək”.

O bildirib ki, bu gün Bakı Dövlət Universitetində fizika fakültəsində illik təhsil haqqı 850, hüquq fakültəsində 2 min 100 manatdır. “Çünki, prokuror və polis işləmək sərfəlidir, nəinki elmi işçi. Özəl ali məktəblərdə təhsil haqqı 4 min 800 manata çatır, lakin orada müəyyən istisnalar olmaqla, normal elmi-texniki baza, stabil professor-müəllim heyəti, elmi fənlər üzrə real kafedralar, biliklərin qiymətləndirilməsi üçün vahid metodologiya yoxdur”.
Yerli ekspertlər bildirir ki, dünyada elə universitetlər var ki, illik haqq 20 min ABŞ dollarından 50 min dollar arasındadır. “Lakin bu universitetlər rəqabət qabiliyyətlidir, dünyada tanınmış bürolarda akkreditə olunublar. Bizdə orta əmək haqqı ayda 315 manatdır. Əhalinin bütün təbəqəsinin ali təhsil almaq imkanlarından danışmaq çətindir. Xaricdə hər bir ali məktəbdə, xüsusən, özəl ali məktəblərdə Müşahidə şuraları var. Bura əlaqədar sifarişçilərin nümayəndələri daxildir. Onlar istedadlı tələbələrin, əsasən maddi çətinliyi olanların təhsil haqlarını ödəyirlər. Azərbaycanda kreditlə banklar məşğul olur ki, onlar da yekun nəticə ilə maraqlanmır. Kredit dərəcələri çox yüksəkdir, universitetlər isə qəsdən tələbələrə əziyyət verirlər, belə ki, birinci təhsil ili üçün haqqı daxil olduqdan dərhal sonra, təhsil ili başlayana kimi ödəmək lazımdır”.
O orta və ali məktəblər üçün dərslik probleminin olduğunu da deyir. “Belə ki, texnika köhnədir, savadlı redaktorların və korrektorların sayı azdır, naşirlər kağıza qənaət etməyə çalışır”.

Bu gün isə Etibar Əliyevin “Müasir təhsil texnologiyaları” kitabının təqdimatı olub.
“21-ci Əsr” Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyevin kitab müasir təhsil texnologiyalarının mahiyyəti, fəlsəfəsi və tətbiqi yollarından bəhs edir. Bunlar modul tədris, problemi öyrətmə, bilinqival təhsil, distant təhsil, əməkdaşlıqda öyrətmə, debat, informasiyanın əldə olunması, tənqidi təfəkkürün inkişafı, portfolio-informasiyanın toplanıb sistemləşdirilməsi texnologiyalarıdır. Müzakirələrdə sovet təhsil sistemi ilə Azərbaycanın hazırki təhsil sistemi ətrafında müqayisələr zamanı fikir ayrılığı yaranıb. “Sovet təhsil sistemi heç zaman keyfiyyətli bilik verməyib”, - Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçmiş rəhbəri Vurğun Əyyub bildirib.

Bəzi ekspertlər sovet təhsil sistemində ən azı texniki fənlər üzrə keyfiyyətli bilik almağın mümkünlüyünü deyib. “Sovet təhsil sistemi totalitar sistem üçün çox yaxşı sistem idi. Şagird müəllimə, müəllim direktora, direktor isə partiya rəhbərinə tabe idi. Bu sistem uşaqlara totalitar varlığa tabe olmağın lazımlığını diqtə edirdi. İndi sistem dəyişib, bazar iqtisadiyyatının tələblərinə uyğun mütəxəssis yetişdirilməlidir”, - tarix müəllimi Aydın Allahverdiyev bildirib. Mütəxəssislər hesab edirlər ki, Azərbaycanın müasir təhsil texnologiyalarını müəyyənləşdirilməsi üçün ilk öncə cəmiyyətin hədəflərini müəyyən etmək lazımdır. “Biz hara gedirik, Avropaya, Asiyaya, yoxsa hara... Bundan sonra nəyi və necə öyrənməyi düşünmək lazımdır”, - o qeyd edib.

Ekspertlər təhsilin keyfiyyətini irəli aparmaq üçün pedaqoji mütəxəssislərin əmək haqqı sisteminə yenidən baxılmasını da zəruri sayır. “Finlandiyada müəllim 8 saatlıq iş gününə görə ayda 2500 avro, Cənubi Koreyada 3167, Böyük Britaniyada 3083, ABŞ-da 3083, Tunisdə 1333, Çilidə 875, Türkiyədə 750, Macarıstanda 667, Peruda 375 dollar maaş alır. Azərbaycanda isə həftədə 12 saat dərs deyən müəllim stajdan asılı olaraq 110-143 manat əmək haqqı alır”, - E. Əliyev bildirib.

XS
SM
MD
LG