Accessibility links

Etibar Məmmədov: Azərbaycanda tam durğunluqdur


Etibar Məmmədov: Azərbaycanda tam durğunluqdur
Etibar Məmmədov: Azərbaycanda tam durğunluqdur

AMİP lideri hökumət-xalq, hökumət-müxalifət münasibətləri, korrupsiyaya qarşı mübarizə barədə hökumətin bəyanatlarından danışır.

Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov Amerikanın Səsi radiosuna müsahibəsində ölkədəki ictimai-siyasi durum, hökumət-xalq, hökumət-müxalifət münasibətləri, korrupsiyaya qarşı mübarizə barədə bəyanatlardan danışıb.

Sual: Azərbaycandakı mövcud ictimai-siyasi durumu necə qiymətləndirirsiniz?

Cavab: Tam durğunluq. Yəni, siyasi durğunluq mövcuddur. İqtisadi sahədə azadlıqlar təmin edilmədiyinə, məmur maneələri yüksək olduğuna, aşağı və orta təbəqənin iqtisadi fəaliyyəti üçün lazımı şərait yaradılmadığına görə sahibkarlıq fəaliyyətinin genişliyindən danışmaq olmaz.

Sual: Azərbaycan rəhbərliyi korrupsiyaya qarşı genişmiqyaslı mübarizə elan etdi. Nəticələr müsbətdirmi?

Cavab: Korrupsiyaya qarşı mübarizə beş-altı ay öncə elan edilib. Deklorativ bəyanatlar olub. Mübarizənin birinci şərti aşkarlığın təmin olunmasından keçir. Təəssüf ki, aşkarlıq yoxdur. Nəticələrin əldə olunması üçün mübarizənin bir adamın adından aparılması yox, kütləvi xarakter alması lazımdır. Ən əsası isə insanlar şikayətlərinin nəticəsinin şahidi olmalıdır. Korrupsiya ilə bağlı şikayətlərə baxılmaması əhali arasında hökumətin səmimiliyinə inamsızlığa və tamamilə əks effektlərə gətirib çıxara bilər.

Sual: Hökumət-xalq münasibətlərində liberallaşma prosesi gedirmi?

Cavab: Liberallaşma xalqın hakimiyyətin idarə olunmasında iştirakıdır. Bu bir aksiomadır. Xalq hökumətin idarə edilməsində iştirak edə bilmirsə, müəyyən bir kaska yaranırsa, hakimiyyət tam ələ alınırsa, başqaları buraya buraxılmırsa, bu məmur özbaşınalığına səbəb olur. Bu isə liberallaşmadan uzaqlaşmaqdır. Liberallığın təminatı üçün hökumətin fəaliyyətində şəffaflıq təmin edilməli və qanunlar işləməlidir. Fikrimcə, Azərbaycanda çox mütərəqqi və dünya standartlarına uyğun qanunlar qəbul edilir. Amma, qanunların tətbiqi üçün icra mexanizmləri hazırlanmır və icra mexanizmləri nazirlərin ixtiyarına buraxılır. Nazirlər isə daxili təlimatlar yaradır və bununla da qanunun müddəalarını sıfıra endirir. Yəni, daxili təlimatlar qanunlardan işlək olur və qanunlardan üstün qüvvəyə malik olur. Bu səbəbdən də qanunlar işləyə bilmir. Qanunun işləyə bilmədiyi ölkədə isə tərəqqiyə nail olmaq mümkün deyil.

Sual: Liberallığın yaranmasında müxalifətin tənqidləri əsas rol oynayır. Azərbaycanda iqtidar-müxalifət münasibətlərini necə qiymətləndirirsiniz?

Cavab: İlk öncə, hakimiyyətin idarə olunmasında xalqın iştirakı təmin edilməlidir. Xalq isə hakim və ya müxalifət partiya ilə hakimiyyətin idarə edilməsində iştirakı özü seçməlidir. Bu, xalqın ixtiyarına buraxılmadığı üçün seçim edə bilmir. Nəticədə, müxalifətin idarəetmədə iştirakı qeyri-mümkün olur. Ona görə də, ölkədə liberallıq mümkün olmur, mümkün olacağı da çox şübhəli görünür.

Sual: Son aylarda İctimai Palata bir neçə dəfə mitinqlərə cəhd edib və çoxsaylı insan həbs edilib. Müxalifətin ümumi mübarizə metodologiyasını necə dəyərləndirirsiniz?

Cavab: Bu məsələlərə çox müdaxilə etmək istəmirəm. Anlaşıqlı olsun deyə fikrimi deyim. Hər hansı tələblərlə çıxış edən insanlar öz fikrilərində bir şey tutub, başqalarının iştirakını gözləyirlərsə, o mümkün olmur. Hesab edirəm ki, xalqın nə istədiyini və mübarizənin hansı formasında iştirak etmək istədiyini öyrənsələr nəticə əldə oluna bilər.

Sual: Vəziyyətdən çıxışı nədə görürsünüz? Ölkədə liberallığın və aşkarlığın yaranması üçün hansı addımlar atılmalıdır?

Cavab: Burada siyasi partiyalardan daha çox, hökumətin üzərinə məsuliyyət düşür. Məsləhət görərdim ki, hakimiyyət dünyada gedən prosesləri nəzərə alsın və özü təşəbbüslə çıxış etsin.

XS
SM
MD
LG