Accessibility links

Azərbaycanda icazəsiz mitinqdə iştiraka görə cərimənin yüzqat artırılması təklif edilib [Mövqelər]


 Etiraz aksiyası

Etiraz aksiyası

7 manatdan 13 manatadək olan cərimənin, yeni layihədə 500 manatdan 1000 manatadək artırılması nəzərdə tutulub. Bundan öncə Rusiya parlamenti cərimələri artırıb

Oktyabrın 16-da Milli Məclisin deputatı Rəfael Cəbrayılov Milli Məclisə “Sərbəst toplaşma azadlığı haqqında” qanuna, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi təqdim edib.

Sənəddə hökumətin icazə vermədiyi aksiyaların iştirakçılarına və təşkilatçılarına qarşı cərimələrin kəskin şəkildə artırılması nəzərdə tutulub.

Belə ki, hazırda icazəsiz kütləvi aksiyalarda iştirak edən şəxs 7 manatdan 13 manatadək cərimə olunursa, yeni layihədə bu cərimə 500 manatdan 1000 manatadək artırılması nəzərdə tutulub. Yeni sənəddə hökumətin razılığı olmadan keçirilən aksiyanın təşkilatçıları üçün 1500 manatdan 3000 manatadək cərimə nəzərdə tutulub. Təşkilatçı vəzifəli şəxsdirsə 3000 manatdan 6000 manatadək məbləğdə cərimə edilməsi təklif olunub.
Təşkilatçı hüquqi şəxsdirsə 15000 manatdan 30000 manatadək cərimə tətbiq edilməsi təklif edilir.

Xatırladaq ki, 2012-ci ilin yazında Rusiya Dövlət Duması analoji qanun qəbul edib.

R.Cəbrayılov müstəqil deputatdır, Bakının Binəqədi rayonundan seçilib.

Etiraz aksiyası

Etiraz aksiyası

Deputat “Media forum” saytına deyib ki, layihəni öz təşəbbüsü ilə hazırlayıb.

“İstər sanksiyası baxımından, istər hüquqi tənzimləməsi baxımından “Sərbəst toplaşmaq azadlığı” qanunu bərbad vəziyyətdədir. Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinin bu qanunla əlaqəli maddələri də bərbad vəziyyətdədir. Mən hər iki məcəlləyə əlavə və dəyişikliklər nəzərdə tutan layihə də vermişəm”.

Onun fikrincə, hazırda qüvvədə olan qanuna görə, icazəsiz aksiyanın cəriməsi 7 manatdan 13 manatadəkdir. Bu, çox cüzi miqdardır.

“Belə cüzi cərimə ilə insanı qanunsuz əməldən çəkindirmək olmaz. Qanunsuz mitinqdə iştirak edib 10 manatını ödəyəcək, sonra yenə də iştirak edəcək. Amma üç-dörd aylıq maaşını cərimə ödəsə, onda anlayacaq ki, qanunsuz əməllərdə, aksiyalarda iştirak etmək olmaz”.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun sərtləşdirilməsi üçün təklif olunan əlavə və dəyişiklikləri şərh etməyə ehtiyac görmədiyini bildirib.

“Media forum” saytına Əli Həsənov deyib ki, hər bir deputatın qanunvericilik təşəbbüsü ilə çıxış etmək, qanun layihələri hazırlamaq hüququ var: “Əgər Milli Məclisin deputatı belə bir layihə hazırlayıbsa, yəqin onu əsaslandırar”.
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Amerikanın Səsi radiosuna deyib ki, layihə ilə hələ tanış olmayıb. Tanış olandan sonra daha geniş fikir bildirəcək.

“Amma cərimələrin bu qədər çox olması məqsədəuyğun deyil. Bu, həm də Azərbaycana qarşı təhdid və təzyiqləri ənənəyə çevirən bir sıra beynəlxalq təşkilatlar üçün bəhanə ola bilər”, - qeyd edib.

“Azərbaycanda qanunsuz kütləvi aksiyada iştirak edənlərin cərimələri artırılmalıdır”. Bu barədə Trend agentliyinə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Mübariz Qurbanlı bildirib.

Onun sözlərinə görə, cəmiyyətdə bəzi radikal dairələr qeyri-qanuni aksiyalara rəvac verir və bu aksiyalar maddi ziyanla nəticələnən qarşıdurmalara gətirir.

"Dəymiş maddi ziyanı həmin radikal qruplar ödəmirlər. Digər tərəfdən, cüzi məbləğdə cərimə təyin olunarkən, şəhərin mərkəzi yerində qeyri-qanuni aksiya keçirənlər hansısa dəyərli bir əmlaka ziyan vurduqda, bu, onu ödəmir", - Qurbanlı deyib.

Millət vəkili bildirib ki, bu cərimələr profilaktik xarakter daşıyır.

"Bu cərimələr elə müəyyənləşdirilməlidir ki, aksiyada iştirak edənlər cərimələrin ağırlığını hiss edərək qanuna zidd hərəkətlər etməsinlər", - o vurğulayıb.
Azərbaycan Hüquqçular Assosiasiyasının prezidenti Ənnağı Hacıbəyli hökumətin keçirilməsinə razılıq vermədiyi kütləvi aksiyaların iştirakçıları və təşkilatçıları üçün təklif olunan yeni cərimələri konstitusiyaya zidd sayır.

“Media forum” saytına açıqlamasında Ənnağı Hacıbəyli deyib ki, İnzibati Xətalar Məcəlləsində inzibati xətalarla bağlı sanksiyalarda çox böyük anarxiya və dərəbəylik mövcuddur.

“Hüquq qaydalarına görə, sanksiyalar müəyyən ediləndə müxtəlif meyarlar nəzərə alınmalıdır. Eyni zamanda sanksiyaların məbləği müəyyən ediləndə onun iqtisadi, siyasi, etik və başqa əsasları göstərilməlidir. Amma Azərbaycan qanunvericiliyində, xüsusilə İnzibati Xətalar Məcəlləsində heç bir meyara uyğun gəlməyən sanksiyalar var. İctimai münasibətlərin xarakterinə, əməlin ağırlıq dərəcəsinə, onun sosial mahiyyətinə uyğun gəlməyən, bir-birinə zidd sanksiyalar nəzərdə tutulur. Sərbəst toplaşmaq azadlığı insanların konstitusion hüququdur. Eyni zamanda bu, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsinə Dair Avropa Konvensiyasında təsbit olunmuş və çox ciddi qorunan bir hüquqdur”.

Etiraz aksiyası

Etiraz aksiyası

Azərbaycan Hüquqçular Assosiasiyasının prezidenti qeyd edib ki, sərbəst toplaşma azadlığı həm də insanların dövlət idarəçiliyinə, hakimiyyətə təsir göstərməsi, dövlət məsələlərinin müzakirəsinə nail olması vasitələrindən biridir.

“Azərbaycan hakimiyyəti bunun qarşısını almaq üçün dəfələrlə müxtəlif formalarda sərbəst toplaşmaq azadlığını məhdudlaşdıran addımlar atıb, qanuna çoxsaylı avtoritar əlavə və dəyişikliklər edib. İndi cərimələrin artırılması təklifi də insanların konstitusion hüquqlarını gerçəkləşdirməsinin qarşısını almağa yönəlib”, o qeyd edib.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli isə “Media forum” saytına deyib ki, Milli Məclisin deputatı Rafael Cəbrayılovun hazırladığı layihə vətəndaşların dinc toplaşmaq azadlığının məhdudlaşdırılmasına yönəlib.

“Layihədə dinc etiraz aksiyalarına hökumətin qadağalar tətbiq etdiyi hallarda iştirakçılar və təşkilatçılara qarşı cərimələrin kəskin artırılması nəzərdə tutulur. Bu isə demokratik ölkələrdə, xüsusən Avropa Şurası və ATƏT məkanında sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması barədə hökumətlərin öhdəlikləri ilə bağlı prinsiplərə ziddir.

Layihə həmçinin sərbəst toplaşmaq azadlığının ayrılmaz hissəsi olan ifadə və birləşmək azadlığına yönəlməklə Azərbaycan Konstitusiyası, Avropa İnsan Hüquqları Konvensiyası, ATƏT-in Kopenhagen sənədi və Avropa Şurasının sərbəst toplaşmaq azadlığı barədə rəhbər prinsiplərinə ziddir. Qanun layihəsi öncə Avropa Şurası Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəyini almaq üçün hər iki instituta təqdim olunmalı və ya parlamentin gündəliyinə daxil edilməməlidir”, o bildirib.
XS
SM
MD
LG