Accessibility links

Gənclər etiraz aksiyaları zamanı insanların həbsini qanunsuzluq sayır [Audio]


AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı və "Azad Gənclik" Təşkilatının sədri Ülvi Həsənli

AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı və "Azad Gənclik" Təşkilatının sədri Ülvi Həsənli

Hakim partiya cərimələrin artırılmasının icazəsiz aksiyaların qarşısını almağa yönəldiyini bildirir. Müxalifət isə hesab edir ki, həbs və cərimələr problemləri həll etmir, daha da dərinləşdirir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı və “Azad Gənclik” Təşkilatının sədri Ülvi Həsənli Amerikanın Səsi radiosuna müsahibəsində oktyabrın 20-də İctimai Palatanın parlamentin buraxılması tələbi ilə keçirdiyi etiraz aksiyası zamanı tutulmalarını qanunsuz adlandırıb. Əbülfəz Qurbanlı 8 sutka, Ülvi Həsənli 7 sutka inzibati həbsə məhkum edilmişdi.


“Etiraz aksiyası zamanı yüzdən çox insan saxlanmışdı, onlardan 13 nəfərinə 7 sutkadan 10 sutkayadək inzibati qaydada həbs verilib. Parlamentin buraxılması tələbi ilə keçirilən dinc aksiyada insanların saxlanması və həbsi qanunsuzdur”, - deyə Ülvi Həsənli bildirib.

Əbülfəz Qurbanlı aksiyanın dağıdılmasını və insanların saxlanmasını dinc toplaşmaq azadlığı ilə bağlı konstitusiya müddəasının pozulması hesab edir.

“Sabiq deputat Gülər Əhmədovanın hərəkətlərinə hələ hüquqi qiymət verilməyib. Hesab edirik ki, parlament saxta yolla formalaşdırılıb və bu səbəbdən də parlamentin buraxılması tələbi ilə aksiyalarımız davam edəcək”, o qeyd edib.

Hər iki gənc məhkəmənin qərarından apelyasiya şikayəti verib.

Gənclər həmçinin icazəsiz etiraz aksiyalarında iştiraka görə cərimələrin sərtləşdirilməsini qınayır.

“Bu insanları qorxutmaq üçün edilir. Hökumət insanları qorxutmaqla problemi həll edə bilməz. Belə qərarlar problemləri daha da dərinləşdirir və bizim mübarizə əzmimizi daha da gücləndirir”, Ülvi Həsənli deyib.

Gənclər İctimai Palatanın noyabrın 2-də parlamentin qarşısında keçirəcəyi etiraz aksiyasında iştirak etməkdə qərarlıdır.

Gənclər həmçinin cərimələrin insanların əmək haqqına uyğun hesablanmasını da vacib sayır.

“Bizim itirəcəyimiz heç nə yoxdur. İşə qəbul etmirlər, əmək haqqı almırıq. Ölkədə bizi kimi yüz minlərlə insan var. Amma, pulu hakimiyyətdə olanlar qazanır. Düşünsünlər ki, ən real hökm verən məhkəmə xalqdır. Xalq bu rejimin hökmünü verib. Bir gün tətbiq etdikləri cərimələri özləri ödəməli olacaq”, Əbülfəz Qurbanlı hesab edir.

Öz növbəsində, hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda qanunsuz aksiyaların keçirilməsinə görə qanunvericilikdə nəzərdə tutulan cərimələrin artırılması tamamilə düzgündür.

"Azərbaycanda kütləvi aksiyalar "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunla tənzimlənir. Qanunsuz aksiyalar keçirənlər icimai-siyasi, təhlükəsizlik, ictimai asayiş baxımdan cəmiyyətə zidd olan hərəkətlərə yol verir. Məhz buna görə də müvafiq qanunlara əlavələr edilir, tələblər artırılır ki, qeyri-qanuni hərəkətlərə rəvac verilməsin. Əgər müxalifət kütləvi aksiyalar keçirmək istəyirsə, qanun çərçivəsində hərəkət etməlidir. Əks halda qanunun tələbləri ilə üzləşəcək. Bu mənada hesab edirəm ki, qanunsuz aksiyalarla bağlı cərimələrin artırılmasını nəzərdə tutan dəyişikliklər tam doğru və məntiqlidir" , - YAP icra katibinin müavini vurğulayıb.
XS
SM
MD
LG