Accessibility links

Türkiyə beynəlxalq vasitəçilik səylərinin mərkəzinə çevrilir

  • Amerikanın səsi

Türkiyə beynəlxalq vasitəçilik səylərinin mərkəzinə çevrilir

Türkiyə beynəlxalq vasitəçilik səylərinin mərkəzinə çevrilir

İstanbul “Vasitəçilik yolu ilə sülh:yeni oyunçular, yeni yanaşma tərzi və cəsur təşəbbüslər” adlı konfransa ev sahibliyi edib

Türkiyənin xarici işlər naziri İstanbulu beynəlxalq böhranların həllində vasitəçilik mərkəzinə çevirmək istəyir. İstanbul “Vasitəçilik yolu ilə sülh:yeni oyunçular, yeni yanaşma tərzi və cəsur təşəbbüslər” adlı konfransa ev sahibliyi edib. Konfrans rəsmi Ankaranın Suriyada yaşanan böhran və İranın nüvə proqramı ilə bağlı yaranmış vəziyyətin həlli səylərini davam etdirdiyi vaxt keçirilib.

Konfransda dünya ölkələrinin hazırkı və keçmiş xarici işlər nazirləri, habelə mütəxəssislər iştirak etmişdir. Tədbir İstanbulun Finlandiya ilə əməkdaşlıq yolu ilə beynəlxalq vasitəçilik mərkəzinə çevrilməsi təşəbbüslərinin bir hissəsi olaraq həyata keçirilib. Bu təşəbbüslə çıxış edən Türkiyənin Xarici İşlər naziri Əhməd Davutoğlu İstanbulun bunun üçün ən münasib yer olduğunu deyib.

“Türkiyə Balkanlardan Mərkəzi Asiyaya qədər bütün geosiyasi zəlzələlər üzərindədir. Tükriyə lap mərkəzdədir. Və bütün bu böhranlar birbaşa, dolayısı ilə, tarixən və mədəni baxımdan bu və ya digər şəkildə Türkiyəyə aiddir”-deyə o bildirib.

Təşəbbüs üç istiqamətdə həyata keçilir. Buraya vasitəçilik səylərinin əhəmiyyəti ilə bağlı məlumatlandırma səviyyəsinin artırılması, BMT daxilində və regional səviyyədə vasitəçilik səylərinin gücləndirilməsi və Türkiyənin regionda özünün rolunun artırılnasl daxildir. Təşəbbüsə BMT-nin Baş Assambleyasının prezidenti Nasir Əbdüləziz Əl Nasser öz dəstəyini bildirib. İstanbulda iclas iştirakçıları qarşısında çıxış edərək, o, böhranların həllində region ölkələrinin rolunun artırılması məsələsinə toxunub. O deyib ki, region ölkələri bölgədə baş verən münaqişələr və yaranmış vəziyyəti daha yaxşı başa düşdüyü üçün bu ölkələrin böhranların həllində yaxından iştirakı təbiidir.

Suriyada vəziyyət konfrasın gündəliyində əsas məsələ idi. Suriya ilə 900 kilometr sərhədə malik Türkiyə qanlı münaqişənin sona çatırılması istiqamətində diplomatik səylərə rəhbərlik edir. Lakin tənqidçilər Ankaranın Dəməşqdə nüfuzunu itirdiyini bildirir. Bununla belə, Türkiyə Xarici İşlər nazirliyinin sözçüsü Selcuk Ünal diplomatik həll yolunun üzərində işin davam etdirildiyini bildirib. O deyib ki, Suriyada böhran başlandığı vaxtdan Türkiyə məsələnin diplomatik yolla həllinə çalışır.

İstanbul həm də regionda daha bir böyük böhrana səbəb olan İranın nüvə proqramı ətrafında müzakirələrdə vasitəçilik səylərinin mərkəzinə çevrilir. Keçən il Türkiyə BMT Təhlükəsizlik Şurasında İrana qarşı sanksiyaların əleyhinə səs verdikdən sonra Qərb müttəfiqləri ilə münasibətlər bir qədər gərginləşmişdir. Lakin müşahidəçilər Ankaranın NATO-nun əsas etibarilə İrana yönəlmiş raket əleyhinə müdafiə sistemində iştirak etməyə razılıq verməsini və Tehranın əsas müttəfiqi olan Dəməşq rejiminə müxalif olduğunu qeyd edir. Ekspertlərin fikrincə, İranla münasibətlərdə gərginliyin olmasına baxmayaraq, Türkiyə Tehranla dialoqda əsas tərəfdaş olmağa davam edir.

Türkiyənin beynəlxalq vasitəçilik səylərinin mərkəzi kimi çıxış etməsinə dair təşəbbüs qeyri-sabitlik və böhranla qarşılaşmış regionda ölkənin artan diplomatik rolunun müəyyən mənada rəsmiləşdirilməsi kimi qiymətləndirilir.

XS
SM
MD
LG