Accessibility links

Sərt soyuqlar qaçqınlar üçün böyük problemlərə səbəb ola bilər [Video]


Avropada miqrant böhranı II Dünya Müharibəsindən sonra da davam edir. Böyük mühacir axını Balkanlardan keçərək, Avropanın zəngin ölkələrinə can atır. Lakin havalar soyuduqca mühacirlərin yerləşdirilməsi üçün daha çox vəsait lazım olacaq.

Avropada havanın mülayim keçməsi qaçqınların Aralıq dənizindən keçərək, bölgəyə gəlməsinə yardım edir. Lakin yaxın zamanda gözlənilən sərt soyuqlar Balkanlardan keçən minlərlə qaçqın üçün böyük problemlərə, insan itkisinə səbəb ola bilər.

Con Hopkins universitetində Avropa və Asiya məsələləri üzrə mütəxəssis, professor Çarls Qati beynəlxalq ictimaiyyətin bu məsələyə indidən diqqət yetirməli olduğunu deyir. “Balkan dövlətlərinə bu məsələni həll etmək üçün maliyyə dəstəyi lazımdır. Bu yaxınlarda kansler Angela Merkel Türkiyəyə 3 milyard avro məbləğində yardım təklif etdi. Ola bilsin ki, bu məbləğ kifayət etməyəcək. Lakin belə xoş məramın yardım edəcəyinə ümid edirəm.”

Birləşmiş Ştatlar Sahil Mühafizə Xidmətinin pilotu Brayan Lisko uzun müddət Aralıq dənizində xilasetmə əməliyyatlarında iştirak edib. O, Avropanın dəniz vasitəsilə gələn qaçqınlara yardımını müsbət qiymətləndirir. “Onlar təhlükəli qayıqlarla gələn minlərlə insana yardım etdilər. İnsan alverçiləri qaçqınları təhlükə qarşısında qoymaqla pul qazanır. Avropalılar isə dənizdəki insanları xilas etməklə, gözəl iş görürlər.”

Miqrasiya Siyasəti institutunun həmtəsisçisi Ketlin Nyuland deyir ki, Birləşmiş Ştatlar 10 min qaçqını qəbul etməyə söz verib. Bu isə belə bir böhrana yardım üçün kifayət deyil. “Zamanla Birləşmiş Ştatlar Suriyadan daha çox qaçqın qəbul edəcək. Lakin bizim qaçqınlarla bağlı prosedurlar çox uzun zaman alır və çox maliyyə tələb edir. Buna görə də biz prosedurları qaydasına salmalıyıq.”

BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığı Yunanıstanda və Balkan ölkələrindəki qaçqınlara yardım məqsədilə donor ölkələrə əlavə 96 milyon dollar ayrılmasına dair müraciət edib. “Qışlama planı” adlanan planda qış aylarında humanitar faciələr və insan itkilərinin qarşısının alınması üçün Xorvatiya, Serbiya, Sloveniya və Makedoniyaya yardım nəzərdə tutulur.

XS
SM
MD
LG