Accessibility links

Milli Şura: Azərbaycanda vətəndaş azadlığının bütün göstəriciləri məhv olunur


Bakıda evlərin uçurulması

Bakıda evlərin uçurulması

“Bütün azərbaycanlılar bir nəfər kimi ayağa qalxmalı, mülkiyyət və digər hüquq və azadlıqların qorunması uğrunda mübarizə aparmalıdır”. Milli Şura ev söküntüləri ilə bağlı bəyanat verib

Artıq bir aydan çoxdur, paytaxt Bakının üç müxtəlif məhəlləsində genişmiqyaslı söküntü işləri həyata keçirilir.

“Alatava-3", ”Xutor" qəsəbəsi və Cəlil Məmmədquluzadə (keçmiş “Papanin”) prospektində yaşayış evləri və ticarət obyektləri yerlə yeksan edilib. Əhalinin mülkiyyət hüququnun pozulması, söküntülərlə bağlı Demokratik Qüvvələrin Milli Şurası bəyanatla çıxış edib.

Sənəddə deyilir:

“Təəssüflər olsun ki, Azərbaycan hakimiyyəti uzun müddətdir ki, vətəndaşların mülkiyyət hüququna hörmətlə yanaşmır. Xüssuilə də son 3 ildə Azərbaycanda şəhərin mərkəzində və digər ərazilərdə vətəndaşların kompensasiya hüququ təmin olunmamaqla, onların evləri sökülür.

Əvəzində isə şəhərin ayrı-ayrı yerlərində hakim ailənin yaxınlarına aid parklar salınır və heykəllər qoyulur. Bu Azərbaycan vətəndaşına onun mülkiyyət hüququna birbaşa təcavüzdür.

Milli Şura bəyan edir ki, Azərbaycanın hər bir vətəndaşı aydın şəkildə bilməlidir ki, hakimiyyətin yürütdüyü siyasət onların sosial durumuna və mənəviyyatına zərbəyə hesablanıb.

Hakimiyyətin yürütdüyü siyasət nəticəsində Azərbaycanda vətəndaş azadlığının bütün göstəriciləri məhv olunur.

Ona görə də bütün azərbaycanlılar bir nəfər kimi ayağa qalxmalı, mülkiyyət və digər hüquq və azadlıqların qorunması uğrunda mübarizə aparmalıdır.

Mülkiyyət hüququ təkcə hər hansı bir mülkə sahib olmaq deyil. O həm də vətəndaşların özünü qorumaq və ləyaqət hüququdur. Milli Şura bütün azərbaycanlıları bu ləyaqət hüququnun qorunması uğrunda mübarizə səsləyir”.

Hakimiyyət rəsmiləri Bakıda söküntülərin davam edəcəyini bildirib. Bakı şəhər İcra Hakimiyyəti söküntülər aparılmış ərazilərdə müasir parklar, yollar, yaşayış massivləri salındığını bildirir.

Yüksək vəzifəli dövlət rəhbəri paytaxtın mərkəzi rayonlarında yaşayış evinin və ya biznes qurumunun ofisinin hər kvadratmetrinin 1500 manata alınmasını tövsiyyə edib. Amma söküntü aparılan mərkəzi rayonlarda 50 metr məsafədə tikilmiş yaşayış binalarında qiymətlər hər kvadratmetr üçün 2000-2500 manatdan (təmirsiz) başlayır.

Paytaxın mərkəzi hissələrinə bitişik rayonlarda isə uçurulan evlərin hər kvadratmetri üçün 1000 manat verilir. Bütün bunlar sakinlərin geniş etirazına səbəb olub. Dəfələrlə hakimiyyət orqanları ilə yerli sakinlər arasında qarşıdurma qeydə alınıb.

Qanunvericiliyə görə, mülkiyyətin qiymətini mülkiyyət sahibi müəyyən etməlidir. Dövlət ehtiyacları üçün mülkiyyətin və ya torpaq sahəsinin alınması isə yalnız sərhəd zolaqlarında və dövlət əhəmiyyətli yolların salınması zamanı baş verə bilər.
Qanunvericiliyə görə, bütün hallarda qiymətləri mülkiyyət sahibləri müəyyən edir.
Mülkiyyət sahibi mülkiyyətini satmaq istəmədikdə bu məhkəmə yolu ilə baş tuta bilər. Amma, məhkəmənin də təyin etdiyi qiymət bazaar qiymətlərinə uyğun olmalıdır və vətəndaş digər itkiləri üçün (əşyalarının köçürülməsi, mənəvi, psixoloji, yeni yaşayış yerinə uyğunlaşma, sənədləşmə işlərinin aparılması, iş yeri ilə məsafə, uşaqların məktəblərinin dəyişdirirlməsi və s.) kompensasiya almalıdır.

Amma, bir neçə halda vətəndaşın evinin sökülməməsi barədə məhkəmə qərarı olsa belə, evi zorla sökülüb. Vətəndaşlar zorla evindən çıxarılıb.
XS
SM
MD
LG