Accessibility links

Əvəz Zeynallı “ədalətsiz” olduğu üçün dövlət ittihamçısının işdən uzaqlaşdırılması barədə vəsatət qaldırıb, hakim bu vəsatəti təmin etməyib.

Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə deputat Gülər Əhmədovanın şikayəti əsasında rüşvət tələb etməkdə ittiham olunan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının işi üzrə proses davam edib.
İclasda Zeynallı vəkili Elçin Sadıqovun səlahiyyətlərinin bərpası haqqında vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin edib və Sadıqovun vəkillik hüquqları bərpa edilib.
Bundan başqa, müttəhim “ədalətsiz” olduğu üçün dövlət ittihamçısı Ramazan Hadıyevin işdən uzaqlaşdırılması barədə vəsatət qaldırıb, lakin hakim bu vəsatəti təmin etməyib.
Bu dəfə müttəhim hakim Ramella Allahverdiyevaya etiraz edərək, bunu onun siyasi sifarişi yerinə yetirməsi ilə izah edib. Hakim öz növbəsində Zeynallının işinin onun bir çox işlərindən biri olduğunu və heç bir siyasi sifarişi yerinə yetirmədiyini, müttəhimin ittihamlarının isə onun uydurması olduğunu bildirib.
Daha sonra şahid qismində “Kurort” MMC-nin keçmiş direktoru Akif Məmmədov çıxış edərək, Zeynallı ilə 2006-cı ildən tanış olduqlarını təsdiq edib. Məmmədovun sözlərinə görə, “Xural” qəzetində onun haqqında və işi ilə bağlı böhtan xarakterli materiallar dərc olunub. Məmmədov bildirib ki, redaksiyaya gedərək, Zeynallıdan belə materiallar dərc etməməyi xahiş edib, lakin Zeynallı bundan imtina edib.
Bu zaman redaktor maddi problemlərdən şikayət edib və sahibkardan kompüter istəyib. Akif Məmmədov isə redaksiyaya kompüter hədiyyə edə bilməyəcəyini deyib.
Günün ikinci yarısında proses digər şahidlərin ifadələri ilə davam edib.
Əvəz Zeynallı 2011-ci ilin payızında həbs olunub, redaksiyanın əmlakına həbs qoyulub.
XS
SM
MD
LG