Accessibility links

Redaktorun işi üzrə şahidlər dindirilir. Şahidlər bir-birini inkar edir

“Xural” qəzetinin redaktoru Əvəz Zeynallının işi üzrə bugünki məhkəmə prosesində şahidin – “Xəmsə” restoranının sahibi Mürvət Həsənlinin ifadəsi dinlənilib.

İbtidai istintaqda Həsənli “Kurort” SC-nin keçmiş rəhbəri Akif Məmmədovun Zeynallıya onun haqqında materialların dərc edilməsinə son qoyulması məqsədilə 4 min manat verdiyinə şahidlik etmişdi. Lakin bu gün məhkəmədə Həsənli ziddiyyətli ifadələr verib.
“Xural” əməkdaşlarının məlumatına görə, Həsənli əvvəlcə Zeynallıya pul verildiyini görmədiyini deyib. Onun sözlərinə görə, Məmmədov ondan min manat alıb və Zeynallıya verəcəyini deyib.

Daha sonra dövlət ittihamçısının suallarını cavablandıran Həsənli ibtidai istintaqda verdiyi ifadələri təsdiq edib. Hakimin ibtidai istintaqa verdiyi ifadələri təsdiq edib-etməməsi barədə suala Həsənli inkar cavabı verib. Məmmədov özü bir müddət əvvəl Zeynallıya pul vermədiyini və ona qarşı iradı olmadığını bildirib.

Zeynallı deputat Gülər Əhmədova və digər iddiaçıların şikayəti əsasında zorla pul tələb etmək ittihamı ilə həbs edilib, lakin bu gün şikayətçi yoxdur və Əhmədova özü də iş üzrə şahid qismində keçir, deyə “Xural”ın əməkdaşı Əfqan Muxtarlı bildirib.

Qeyd edək ki, dünən prosesdə Nərimanov rayon məhkəmə icraçılarının şahid ifadələri alınıb, onlar müdafiə tərəfin əksər suallarına “yadımda deyil”, “bilmirəm” kimi qeyri-müəyyən cavablar veriblər.

Müdafiə tərəfi Zeynallıya qarşı məhkəmə qərarının icra edilməməsi ittihamının irəli sürülməsinin əsassız olduğunu bildirib, belə ki, o, məhkəmə iddiaları üzrə borclarını ödəməyə başlayıb.

Zeynallı həmçinin bildirib ki, redaksiyanın əmlakı 4 iddia əsasında müsadirə edilsə də, iddiaçılar arasından Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adı çıxarılıb.

Zeynallının işi üzrə növbəti iclas çərşənbə gününə təyin edilib.
XS
SM
MD
LG