Accessibility links

Əvəz Zeynallı Mətbuat Şurasının qəzeti qara siyahıya salmasını sifariş sayır. Zeynallı həbsdədir və o beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusu kimi tanınıb

Avqustun 30-da Bakının Nərimanov rayon məhkəməsində “Xural” qəzetinin həbsdə olan redaktoru Əvəz Zeynallının Mətbuat Şurasına (MŞ) qarşı iddiası əsasında məhkəmə prosesi keçirilib.

Məhkəmə prosesinə səbəb 2011-ci ilin sentyabrında MŞ-nın “Xural” qəzetinin adını “reket qəzet” siyahısına salması olub.

Ə.Zeynallı qəzetin adının qara siyahıya salınmasını siyasi sifarişin nəticəsi kimi dəyərləndirib, əsassız sayıb. Həm də təzyiqlərin Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən “Xural”qəzetinin məhkəməyə verilməsilə başlandığı xatırladılıb.

Qəzetin adının qara siyahıya salınmasına səbəb kimi 2011-ci ilin sentyabr ayında MŞ-ya 6 şikayətin daxil olması göstərilib. Ə.Zeynallı MŞ üzvü olmadıqları üçün bu qurumun qəzet barəsində hər-hansı qərar qəbul etməsini absurd adlandırıb. MŞ-nın özünü isə ölkədə müstəqil mətbuatı məhv etməkdə ittiham edib. Baş redaktor məhkəmə prosesində adlarının qara siyahıya salınmasına səbəb olan 5 şikayətin hər birinin araşdırılmasının vacibliyini vurğulayıb.

Proseisn gedişində hakim tərəflərə barışıq təklif edib. MŞ-nın təmsilçisi Müşfiq Ələsgərli müəyyən şərtlər əsasında barışığa getməyin mümkünlüyünü deyib. Ə.Zeynallı qəzetin adının qara siyahıdan çıxarıldığı halda barışığa hər-hansı problem qalmayacağını nəzərə çatdırıb.

Məhkəməyə vəsatətlərini təqdim edən Ə.Zeynallı ölkənin bir sıra mətbu və informasiya oqranları rəhbərlərinin şahid qismində dəvət olunmasını istəyib. MŞ-ya daxil olan 5 şikayət ərizəsinin yazılmasına səbəb olan məqalələrin müstəqil ekspertlər tərəfindən araşdırılmasını tələb edib.

Cavabdeh tərəfin hüquqşünası Şəmsəddin Əliyev MŞ-nın leksikonunda “reket” ifadəsi olduğunu inkar etsə də, Ə.Zeynallının “o zaman MŞ-nın Reket jurnalistikayla mübarizə Komissiyasının fəaliyyəti nədən ibarətdir?” sualına cavab verə bilməyib. Ş.Əliyev baş redaktorun iddialarını əsassız saysa da, bunu sübut etməkdə çətinlik çəkib.

Bundan sonra hakim məhkəmə prosesini sentyabrın 2-si saat 11:00-dək təxirə salıb.
XS
SM
MD
LG