Accessibility links

Əvəz Zeynallı: Qəzetlərin, fərdlərin necə söndüyünü gördüm [Video-Müsahibə]


“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Amerikanın Səsinə müsahibəsində həbsxana həyatı, jurnalistin həbsxanadan azad dünyaya baxışı, həbsxanada islahatların vacibliyi və azad media problemlərindən danışıb.

Amerikanın Səsi: Həbsxana həyatınız necə keçdi? Jurnalist üçün həbs nə deməkdir?

1158 gün həbs müddətim çəkdi və öz fəaliyyətimlə məşğul oldum, yazdım, oxudum, araşdırmalar apardım, əlimdə olan mətbuatın, yazarların monitorinqini apardım.

Əvəz Zeynallı: Bir çox hallarda insanın özündən asılıdır. Həbsxana həyatım yaşadığım həyatın davamı kimi, yəni normal keçdi. 1158 gün həbs müddətim çəkdi və öz fəaliyyətimlə məşğul oldum, yazdım, oxudum, araşdırmalar apardım, əlimdə olan mətbuatın, yazarların monitorinqini apardım. Yəni 3 il iki ay iki gün müddətində Azərbaycan mətbuatının, imkan olduğu qədər Azərbaycan televiziyalarının monitoriniqi aparmışam.

Amerikanın Səsi: Monitorinqiniz nə deyir?

Həmin Redaktorlar Birliyinin ayrı-ayrı fərdlərinin necə söndüyünü, ümumiyyətlə həmin Redaktorlar Birliyinin hansı cinahlara səpələndiyini görürdüm.

Əvəz Zeynallı: Monitorinq prosesi gözümün qabağında, günə-gün, saata-saat, yazıya-yazı aydınlandı. Bu gün hansı mövqedə olan yazarın, sabah hansı mövqedə olduğunu, televiziyalarda mövqelərin necə dəyişdiyini, qəzetlərin mövqelərini necə dəyişdiyini görürdüm. Həm də mən mətbuatın qaynar içindən, fəaliyyətdən getmişdim. Mən çox ciddi fəaliyyət göstərən Redaktorlar Birliyindən getmişdim. Həmin Redaktorlar Birliyinin ayrı-ayrı fərdlərinin necə söndüyünü, ümumiyyətlə həmin Redaktorlar Birliyinin hansı cinahlara səpələndiyini görürdüm. Yəni mənim monitorinqimdə çox şey var.

Amerikanın Səsi: Siz həbsə gedəndən sonra ölkədə mətbuat azadlığında dəyişiklik nə qədərdir?

Mən azad mətbuat adamı, ölkədə də azad mətbuat yoxdur.

Əvəz Zeynallı: Demək olar ki, mətbuat azadlığı qalmayıb. Ən böyük problem də odur. Mənim üçün ən böyük problem mətbuat azadlığının olmamasıdır. Mən azad mətbuat adamı, ölkədə də azad mətbuat yoxdur. İndi, bundan sonra necə edəcəm, nə cür edəcəm, artıq yəqin ki, bu haqda ciddi düşünməli olacam.

Amerikanın Səsi: Yəni, “Xural” qəzetinin fəaliyyətini davam etdirəcəksiniz7

Əvəz Zeynallı həbsə necə gedibsə, həbsdən elə də çıxıb.

Əvəz Zeynallı: Mən ona çox çalışacam. Amma, həmin “Xural” qəzetinin fəaliyyətini davam etdirəcəm. Yəni heç bir şərtsiz, heç bir şərt qoyulmadan, Əvəz Zeynallı həbsə necə gedibsə, həbsdən elə də çıxıb. Nə heç kimin şərtini qəbul etməyib, nə heç kimin qarşısında baş əyməyib, nə də heç bir tabunun qarşısında baş əymək niyyəti yoxdur. Dik girmişəm, dik də çıxmışam, dik də davam edəcəm.

Amerikanın Səsi: Həbsxana necə görünür? Neçə il idi həbsxanada idiniz, hansı dəyişikliklər, islahatlar edilməlidir? Jurnalist gözü ilə necə baxırsınız?

O qədər problem var ki, həbsxana sistemi a-dan z-yə dəyişməlidir.

Əvəz Zeynallı: Çox ciddi problemlər var. Yəni, həbsxanalar və orada olacaq islahatlar sahəsində mənim çox ciddi düşüncələrim var. Bəlkə qanun layihələri hazırlayacağıq. O qədər problem var ki, həbsxana sistemi a-dan z-yə dəyişməlidir. Birini deyim, mən jurnalistəm. Mən orada kompüterdə yaza bilmirdim. Həbsxanada hər otaqda kompüter var. Bizim zonda 100-dən artıq kompüter var idi, amma onun kladiaturasına mən yazı üçün toxuna bilməzdim. Telefon sistemi bütün dəyişməlidir. Həftədə iki dəfə danışmaq mümkündür, amma hər gün danışmaq mümkündürsə edilməlidir. Görüş sistemi dəyişməlidir. Məhkumların mətbuatla təchiz olunma sistemi dəyişməlidir. Mən müstəqil mətbuatı alırdım, kənardan gətizdirirdim. Hər gün mənə kənardan mətbuat gətirirdilər. Yəni 1158 gün dalba-dal hər gün evdən mətbuat gələrmi? Halbuki orada abunə olmalıdır. Mümkün qədər sistem demokratikləşdirilməlidir. “Azadlıq” qəzeti penitensiar sistemə niyə gətirilməsin? Mənə rahat gətirirlər, alıb oxuyuram. Amma ora gəlmir. Məhbusların, məhkumların azadlığa buraxılma məsələsində çox ciddi problemlər var. Qanuna görə ağır cinayətlərlə məhkum olunmuşlar cəzanın üçdə ikisini çəkdikdən sonra azad oluna bilər. Amma, bu ümumiyyətlə işləmir, tətbiq olunmur. Bu ən böyük problemdir. Yəni bu və digər problemlərlə bağlı gündəliyimdə yazmışam, zaman-zaman müzakirə edəcəyik.

Amerikanın Səsi: Bir də son günlər sizin ziyarətlə bağlı sosial şəbəkələrdə yazılar dərc olunmaqdadır. Münasibətiniz necədir?

Mənim Azərbaycanda qarşısında baş əyəcəyim bir heykəl yoxdur.

Əvəz Zeynallı: Heç bir problem yoxdur. Mən Heydər Əliyevi yüzlərlə dəfə ziyarət etmişəm. Sevgililər günündə həmişə ziyarət etmişik. Problem görmürəm. Biz silsilə şəklində Şıxəli Qurbanovu, Həsən bəy Zərdabini, Heydər Əliyevi, Seyid Cəfər Pişəvərini, Zərifə Əliyevanı və Əbülfəz Elçibəyi ziyarət etmişik. Bilənlər bilir. Deyəsən orada cavan uşaqlar peyda olub. Onlar da bilir. Burada qeyri-adi bir şey yoxdur. Əvəz Zeynallı Heydər Əliyevin də məzarının qarşısında dik durub. Mən heç bir zaman heç kimin məzarına baş əyməmişəm. Mən çox böyük idealların adamlarının qarşısında baş əyirəm. Mənim Azərbaycanda qarşısında baş əyəcəyim bir heykəl yoxdur.

Show comments

XS
SM
MD
LG