Accessibility links

Zəncan və Qəzvində 5 məhbus asılaraq edam edilib


18 Fevral 2014 - Qəzvində edam

18 Fevral 2014 - Qəzvində edam

İran xəbər agentlikləri ötən günlərdə Zəncan və Qəzvin vilayətlərində narkotik qaçaqçılığı ittihamı ilə məhkum edilimiş 5 məhbusun asılaraq edam edildiyini bildirib.

Yarı-rəsmi Mehr xəbər agentliyinə istinadən, fevralın 17-də Zəncanın Mərkəzi zindanında edam edilən S. B. və M. R. Zəncan İnqilab Məhkəməsində heroin qaçaqçılığı ittiham ilə mühakimə olunmuşdular. Mehr asılanların kimliyi ilə bağlı əlavə məlumat yaymayıb.

Fars xəbər agentliyi isə iki həmədanlı və bir urmiyəli vətəndaşın fevralın 18-də Qəzvin vilayətində asılaraq edam edildiyi ilə bağlı məlumat yayıb. Məhkumlardan ən azı biri əhalinin gözləri qarşısında asılıb. Fars edam prosesinin şəkillərini yayıb.

Fars agentliyinə müsahibə verən Qəzvin vilayətinin inqilab və ümumi prokuroruna istinadən, həmədanlı Mahmud Hüseyni və Cəlal Telimxani, habelə urmiyəli Əli Əkbər Mehdizadə Takistan və Qəzvin İnqilab məhkəmələri tərəfindən edama məhkum edilmişdilər.

Prokuror İsmayıl Sadiqinin sözlərinə görə, Əli Əkbər Mehdizadə ilə birlikdə həbs edilmiş başqa bir məhkum isə daha öncə əhalinin gözləri önündə edam edilmişdi. Onun Qəzvin sakini Hüseyn Lütfi Xisal olduğu bildirilib.

İnsan haqları qruplarının açıqladığı statistikaya görə, İran Çindən sonra edam hökmünün ən çox icra edildiyi ölkədir. Həmin qruplara istinadən, mötədil siyasətçi kimi tanınan Həsən Ruhaninin hakimiyyətə gəlməsindən sonra icra olunan edam hökmlərinin sayı kəskin artıb.Bu edamların böyük bir qismi İranın Azərbaycan şəhərlərində icra olunub.

Amnesty International İranda narkotik qaçaqçılığı ilə əlaqədar edamlar haqqında yaydığı hesabatda etnik və dini azlıqlardan olan məhkumların ən çox edam riski altında olduqlarını qeyd edib.

Güneyli vəkil Musa Bərzin ötən oktyabr ayında Amerikanın Səsinə verdiyi müsahibədə İranda edam hökmü çıxaran məhkəmələrdə baş verən qanunsuzluqları şərh edib.
XS
SM
MD
LG