Accessibility links

İnsan haqları qrupları keçən həftə ərzində Təbriz və Urmiyə şəhərlərində azı 5 məhbusun asılaraq edam edildiyini və 8 edam məhkumunun Urmiyə zindanının təkadamlıq kameralara köçürüldüyünü bildirir.

Bu haqda insan haqları pozuntuları ilə bağlı xəbər yayan HRA agentliyi və İran İnsan Haqları Təşkilatı (İran HR) məlumat yayıb.

Sentyabrın 24-də biri Təbrizdən, üçü Qərbi Azərbaycan vilayətindən olmaqla narkotik qaçaqmalçılığı ittihamı ilə mühakimə edilmiş 4 məhbus Təbriz Mərkəzi Zindanının həyətində dar ağacından asılıb.

Sentyabrın 26-da isə qətl ittihamı mühakimə edilmiş Əmir Behruza qarşı çıxarılan qısas hökmü Urmiyə Mərkəzi Zindanında icra edilib.

HRA-nın məlumatına istinadən, Urmiyə zindanında saxlanılan biri qadın olmaqla, 8 edam məhkumu sentyabrın 28-də təkadamlıq kameralara köçürülüb. HRA narkotik qaçaqmalçılığı ittihamı ilə mühakimə edilmiş bu məhbusların edam hökmünün yaxın zamanlarda həyata keçiriləcəyini yazıb.

Beynəlxalq insan haqları qurumları prezident Həsən Ruhaninin hakimiyyətə gəldiyindən sonra İranda həyata keçirilən edam hökmlərinin kəskin artdığını bildirirlər.

Amnesty International İranda narkotik qaçaqmalçılığı ilə əlaqədar edamlar haqqında yaydığı hesabatda etnik və dini azlıqlardan olan müttəhimlərin ən çox edam riski altında olduğunu vurğulayıb.

XS
SM
MD
LG