Accessibility links

Eynulla Fətullayev beynəlxalq təşkilatlara təşəkkür bildirir


Eynulla Fətullayev beynəlxalq təşkilatlara təşəkkür bildirir

Eynulla Fətullayev beynəlxalq təşkilatlara təşəkkür bildirir

Beynəlxalq təşkilatlar hətta, jurnalistin ailəsinin kiçik qayğılarına diqqət yetirib. “Belə halları görəndən sonra Avropa və Amerika dəyərlərini necə sevməyəsən?”

Gündəlik Azərbaycan qəzetinin baş redaktoru Eynulla Fətullayev dünən prezident İlham Əliyevin sərəncamı ilə 4 illik həbsdən sonra əfv olunub. O Amerikanın Səsi radiosuna müsahibəsində həbsdə olarkən ona dəstək olmuş beynəlxalq təşkilatlara minnətdarlıq bildirib, həbsxana həyatından danışıb.

Sual: Həbsdə olarkən sizə qarşı münasibətlər necə olub? Həbsxana həyatınız necə keçdi?

Cavab: Həbsə qədər Azərbaycanda repressiv sistemin bu qədər qəddar olmasına inanmazdım. Prezident İlham Əliyev də tez-tez təkrar edir ki, milli-mənəvi dəyərlərimiz var. Yəni, Azərbaycan hakimiyyəti ən azı çıxış və deklarasiyalarında bu milli-mənəvi dəyərlərə istinad edir. Bizim milli-mənəvi dəyərlərdə inanmıram ki, dövlətin cəza siyasətinin bu qədər qəddar şəkildə həyata keçirilməsi nəzərdə tutulub. Mən Avropa dəyərlərini bir kənara qoyuram. Gəlin, milli-mənəvi dəyərlərə istinad edək. Hətta, mili-mənəvi dəyərlərdən çıxış etsək belə, siyasi dünyagörüşünə görə həbsdə salınmış insanlara qarşı bu qədər qəddar olmaq qəbul olunmazdır.

Sual: Beynəlxalq təşkilatların sizin müdafiənizlə bağlı apardığı işləri necə qiymətləndirirsiniz?

Cavab: Mən beynəlxalq təşkilatların rolunu və fəaliyyətini qeyd etmək istəyirəm. Birincisi, Amnesty İnternational təşkilatının adını qeyd etmək istəyirəm. Bu təşkilat məni çox böyük fədakarlıqla müdafiə edib. Təsəvvür edin ki, yüz mindən artıq fəal mənə dəstək məktubu göndərib. Bilirsinizmi bu, həbsxanada insana nə qədər mənəvi dəstək verir, mübarizəyə sövq edir? Eyni zamanda, insanın sınmasına imkan vermir, mənəvi cəhətdən prinsipiallığa kökləyir. Ona görə də, hədsiz minnətdaram. Artikl-19 və bu təşkilatın proqram direktoru Rebeka Vinsel qarşısında baş əymək istəyirəm. Azərbaycanın Böyük Britaniyadakı səfirliyi qarşısında keçirilən mitinqin şəkillərinə baxdım və gördüm ki, Rebeka xanım ana olmağa hazırlaşır. Amma, buna baxmayaraq Rebeka xanım əlində meqafonla mitinqə gəlib, tələblər irəli sürür, mənim azadlığa çıxmağımı istəyir. Bu, məni mütəəssir etdi. Göz yaşlarımı saxlaya bilmədim. Nyu-Yorkda Nina Oqnyonovanın proqram direktoru olduğu Jurnalistlərin Müdafiə Komitəsinə öz təşəkkürümü bildirirəm. Bu təşkilat dünyaca məşhur olan 500-dən çox jurnalistin imzasını topladı, aksiyalar keçirdi, daim dəstək oldular. Hətta, ailəmin kiçik qayğılarına diqqət yetirdilər. Belə halları görəndən sonra Avropa və Amerika dəyərlərini necə sevməyəsən? Necə də bu dəyərlərin Azərbaycanda təntənəsini arzulamayasan? Freedom House təşkilatı və Devid Kremeri xüsusilə qeyd etmək istəyirəm. Devid Kremer Amerika Dövlət katibinin müavini olarkən 2008-ci ildə Azərbaycan hakimiyyəti ilə çox ciddi danışıqlar apardı və prezidenti mənim azadlığıma səslədi.

Freedom House təşkilatının rəhbəri olduqdan sonra isə daim mənim azadlığımla bağlı çağırışlar edib. Human Rigths Whatch təşkilatı, onun hesabatları, beynəlxalq qeyri-hökumət təşkilatlarını, nüfuzlu Avropa İttifaqını, Avropa Şurasını, ATƏT-i bu məsələyə daha diqqətlə yanaşmaya sövq edirdi. Ümumilikdə, Azərbaycan üzrə konsorsiuma daxil olan təşkilatların hər birinə təşəkkür bildirirəm. Çünki, onların Avropa Şurası Nazirlər Komitəsində lobbiçilik fəaliyyəti və mənimlə bağlı qəbul edilən hər bir qərarda lobbiçilik fəaliyyətini xüsusi olaraq qiymətləndirmək istəyirəm.

Bir də, demək istəyirəm ki, nə yaxşı ki, Amerikanın Səsi radiosu var. 2008-ci ilin dekabrın sonunadək təcrid edildiyim dünyaya Amerikanın Səsi radiosu vasitəsi ilə çıxırdım. Bu səs mənə həm də dünyada və Azərbaycanda olan son məlumatları çatdırırdı. Əfsuslar olsun ki, repressiyalar Amerikanın Səsindən də yan ötmədi. Mən, bunu bir dəfə bildirmişəm. Bəziləri başa düşmür ki, hətta Sovet İttifaqı kimi nəhəng totalitar dövlətlər, imperiyalar Amerikanın Səsini boğa bilmədi. Çünki, Amerikanın Səsi ədalətin səsidir, ədalətin carçısıdır, Kiçik, çırtdan avtoritar hökumətlər, rəhbərlər bilməlidir ki, Amerikanın Səsini heç kəs boğa bilməz. Çünki, bu azadlığın, həmrəyliyin, ədalətin və ülvi amalların səsidir. Ona görə, Sizin radionun qarşısında baş əyirəm, sizə təşəkkür edirəm.

Sərhədsiz Reportyorlar təşkilatına təşəkkür edirəm. Onlar daim mənimlə və ailəmlə həmrəy olublar. Onlar daim mənimlə maraqlanıb, daim bizim problemləri işıqlandırıb, daim mənim və ailəmin siyasi, eyni zamanda sosial hüquqlarını müdafiə edib. Onlar bir daha sübut etdilər ki, sərhədsizdirlər.

Sual: Bundan sonra fəaliyyətinizi necə davam etdirəcəksiniz? Bloqçuluqla məşğul olacaqsınızmı, sosial şəbəkələrdə çıxış edəcəksinizmi?

Cavab: Mən istəyirəm ki, ənənəvi jurnalistika ilə məşğul olum. Bilirsiniz ki, mən həmişə jurnalist təhqiqatları ilə məşğul olmuşam. Bu janra böyük rəğbətim və bağlılığım var. Lakin, düşünürəm ki, hökumət maneə olarsa, imkan verməzsə, sosial jurnalistikaya keçmək məcburiyyətində qalacam.

Sual: Həyatınıza təhlükə hiss edirsinizmi?

Cavab: Yox. Hələ heç bir hədə, təhlükə yoxdur. Çünki, mən prezidentin sərəncamı ilə azadlığa buraxılmışam. Düşünmürəm ki, prezidentin sərəncamı ilə azadlığa buraxılan şəxsi belə tez hədələsinlər.

XS
SM
MD
LG