Accessibility links

Eynulla Fətullayev dərhal həbsdən azad edilməsi tələbi ilə müddətsiz aclığa başlayıb


Eynulla Fətullayev dərhal həbsdən azad edilməsi tələbi ilə müddətsiz aclığa başlayıb
Eynulla Fətullayev dərhal həbsdən azad edilməsi tələbi ilə müddətsiz aclığa başlayıb

Məhbus jurnalist ədliyyə naziri Fikrət Məmmədova, Ali Məhkəmənin sədri Ramiz Rzayevə, Bakıda fəaliyyət göstərən beynəlxalq hüquq təşkilatlarına, diplomatik nümayəndəliklərə açıq məktub yazıb

“Mən dərhal azad olunmağımı tələb edirəm və bu məqsədlə 19 oktyabr 2010-cu il tarixdən müddətsiz aclıq aksiyasına başlayıram”. Bu bəyanatla “Gündəlik Azərbaycan” qəzetinin həbsdə olan baş redaktoru Eynulla Fətullayev çıxış edib.

Məhbus jurnalist ədliyyə naziri Fikrət Məmmədova, Ali Məhkəmənin sədri Ramiz Rzayevə, Bakıda fəaliyyət göstərən beynəlxalq hüquq təşkilatlarına, diplomatik nümayəndəliklərə açıq məktub yazıb.

“Turan” agentliyinin yaydığı açıq məktubda deyilir: “22 aprel 2010-cu il tarixdə Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan hakimiyyətinə qarşı qaldırdığım iddia üzrə qərar verərək, Azərbaycanın da tərəfdar olduğu Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 1-ci və 2-ci bəndlərində, habelə 10-cu maddəsində təsbit olunmuş hüquqlarımın pozulduğunu, eyni zamanda ifadə azadlığı hüququma hökumətin kobud müdaxiləsini müəyyənləşdirib, mənim dərhal azadlığa buraxılmağımı tələb edib.

Azərbaycan hökuməti qərardan Böyük Palataya şikayət etsə də, Böyük Palatanın Komitəsi 4 oktyabr 2010-cu il tarixli qərarı ilə işin Böyük Palataya verilməsi haqqında Azərbaycan hökumətinin müraciətini rədd edib. Beləliklə, Avropa İnsan Hüquqları Konvensiyasının 44-cü maddəsinə görə, Avropa Məhkəməsinin barəmdə çıxardığı qərarı qətidir. Konvensiyanın 46-cı maddəsinə görə, qərarların razılığa gələn yüksək tərəflər üçün (o cümlədən Azərbaycan üçün) icrası məcburi səciyyə daşıdığından, mən qeyd-şərtsiz və dərhal azad olunmalıyam. Azərbaycan hökumətinin sifarişi ilə barəmdə quraşdırılan növbəti (artıq saysız-hesabsız) saxta ittiham üzrə keçirilən məhkəmə prosesi mənim dərhal azad olunmağıma maneə ola bilməz.

Mənim barəmdə həbs qətimkan tədbiri seçilməyib, Qaradağ Rayon Məhkəməsinin 6 iyul 2010-cu il tarixli hökmü isə qüvvəyə minməyib.

Eyni zamanda, Qaradağ Rayon Məhkəməsinin hakimi cənab İsmayıl Xəlilov öz hökmündə Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin 30 oktyabr 2007-ci il tarixli hökmündən doğan hüquqi nəticələri tanımamaqla və bununla da Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını qismən icra etməklə mənim dərhal azad olunmağıma hüquqi zəmin yaratmış olur”.

Azərbaycan məhkəməsi Eynulla Fətullayevi terrorla hədələmə, milli və etnik ayrı-seçkiliyin qızışdırılması, vergidən yayınma ittihamları ilə 2007-ci ildə 8,5 il həbs cəzasına məhkum edib.

Bununla yanaşı, 2009-cu ilin dekabrında cənab Fətullayevə qarşı narkotik maddə saxlamaq maddəsi ilə cinayət işi başlanıb. İttihama görə, baş redaktorun saxlandığı həbsxanada onun paltarından narkotik aşkarlanıb. Bu ilin iyulunda o, yenidən 2,5 il müddətinə həbs cəzası alıb. Cənab Fətullayev, eləcə də beynəlxalq və yerli ictimaiyyət israr edir ki, narkotikləri onun paltarına qəsdən qoyublar. Məqsəd jurnalistin Avropa İnsan Haqları Məhkəməsinin qərarı əsasında azad edilməsinə mane olmaqdır.

XS
SM
MD
LG