Accessibility links

Eyyub Yaqubov: Mən böyük məmnuniyyətlə Amerikaya qastrol səfəri edərdim [Audio]




Bakhtiyar Zamanov: “Musiqiyə gəlişiniz necə oldu? Müğənni sənətini seçməkdə kimlərə borclusunuz?”

Eyyub Yaqubov: “Uşaq ikən məni piano dərsləri almaq üçün musiqi məktəbinə qoydular. Bilirsiniz musiqi məktəbində klassik mahnılar öyrədilir. Ailəmizdə də xalq musiqisi, muğama böyük maraq var idi. Mənim atam həkim idi. Lakin buna baxmayaraq tar alətində gözəl ifa edirdi. Bizim evdə musiqili, ədəbi məclislər qurulurdu. Bütün bunlar məndə musiqi sənətinə maraq yaratdı. Daha sonra mən Asəf Zeynallı adına musiqi kolecinə daxil oldum və elə o dövrdə respublikanın xalq artisti Əlibaba Məmmədovun “Humayun” ansamblına dəvət aldım. Bütün bu illər ərzində mən piano ifaçısı kimi fəaliyyət göstərirdim və müğənni olmağı heç vaxt düşünməmişdim. Kiçik dairələrdə, dost məclislərində züm-zümə edirdim, oxuyurdum. 1995-1996-cı illərdə geniş kütlə qarşısına çıxmağa başladım.”


Sual: Nəyə görə məhz Bakı haqda mahnılar sizi daha çox maraqlandırır?

Cavab: Mən özüm Bakıda doğulmuşam və Bakı mənzərəsi, küçələri, tinləri mənim üçün daim əziz olub. Bundan da əlavə dinlədiyim Rəşid Behbudov, Şöhkət Ələkbərova, Oktay Ağayev, digər tərəfdən Vaqif Mustafazadə, Hacibaba Hüseynov kimi karifey musiqiçilərimizi dinləməyim bu gün Bakını vəsf etməyimin səbəbidir.”

Sual: “Siz mahnıların ugurlu olub-olmayacagını, yəni tamaşaçının sevgisini qazanıb-qazanmayacağını necə müəyyən edirsiniz?”

Cavab: “Əvvəlcədən bunu bilmək olmur. Sadəcə mahnıları ifa edirəm, dinlənilir və bəyənilir və bir müddətdən sonra artıq zövq, təcrübə formalaşır və artıq dinləyicilərlə sənin aranda gözəl bir ünsiyyət yaranır.”

Sual: “Xarici ölkələrə qastrol səfərlərniz tez-tez olur? Hansı ölkələrdə olmusunuz?”

Cavab: “Əsasən Rusiya şəhərlərində, Moskva, Sank Peterburqda, sonra Ukraynanın Odessa şəhərində qastrol səfərlərində oluram. Digər tərəfdən Türkiyəyə, İstanbul şəhərinə qastrol səfərlərim çox olur. Türkiyənin Kanal D televiziya kanalının verilişdə iştirak etmişəm. Nədənsə hələ ki, Avropaya və Amerikaya səfərlərim olmayıb. Amerikaya məmnuniyyətlə qastrol səfəri edərdim.”

Sual: “Hal hazırda yeni planlar üzərində işləyirsiniz?”

Cavab: “Teatrlaşdırılmış bir konsert, “myüzikal” üzərində işləyirik. Bir tərəfdən Bakı folklorundan ibarət mahnılar. Digər tərəfdən lirik mahnılar. Bunların bir vəhdətdə olmasını teatrlaşdırılmış şəkildə göstərmək istəyirik. Mən bu tamaşada həm pianoçu kimi iştirak edəcəm, həm klassik musiqi, həm də Azərbaycan folklorundan mahnılar ifa edəcəm.”
XS
SM
MD
LG