Accessibility links

Faiq Əmirlini səhhətindəki problemlərinə görə həkimlər müayinə edib


Faiq Əmirli
Faiq Əmirli

“Azadlıq” qəzetinin həbsdə olan maliyyə direktorunun vəkili Fəxrəddin Mehdiyev onunla aprelin 13-də görüşdüyünü deyib

“Azadlıq” qəzetinin həbsdə olan maliyyə direktoru, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi Faiq Əmirlini həkimlər müayinə ediblər.

Bu haqda Azadlıq Radiosu-na təcridxanada onunla görüşən vəkili Fəxrəddin Mehtiyev məlumat verib. F.Mehdiyev müdafiə etdiyi şəxslə aprelin 13-də görüşüb.

Vəkil bildirib ki, F.Əmirlini səhhətindəki problemlərinə görə 1 saylı Bakı İstintaq Təcridxanasında həkimlər müayinə edib.

F.Əmirlinin müalicəsinin davam etdirildiyini qeyd edən vəkil onun öd kisəsində, eləcə də qara ciyərində problemlərin olduğunu bildirib.

“Bunu təcridxananın tibb müəssisəsində də təsdiqləyiblər”, vəkil deyib.

2 aydan artıqdır ki, F. Əmirlinin yaxınları, vəkilləri onun sağlığında ciddi problemlərin olduğunu deyirdilər.

Faiq Əmirli ötən il avqustun 20-də saxlanıb.

O, CM-nin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan türk din xadimi Fətulla Gülən tərəfdarlarının «Hizmet» hərəkatının imamı kimi təqdim edir.

AXCP isə Faiq Əmirlinin həbsini siyasi sifariş sayır.

Türkiyədə hakimiyyət çevrilişinə cəhddə ittiham edilən Fətulla Gülən də ona qarşı ittihamları qəbul etmir.

Faiq Əmirlinin həbsindən sonra “Azadlıq” qəzetinin çapı dayanıb.

XS
SM
MD
LG