Accessibility links

AXCP sədrinin köməkçisi məhkəməyə istehza edib, “məni nənəmin yuxusuna görə cəzlandırırsınız”

Avqustun 22-də Bakının Nəsimi rayon Məhkəməsi hakim Şəlalə Həsənovanın sədrliyi ilə “Azadlıq” qəzetinin yayım işləri üzrə direktoru, AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirli barəsində üç ay həbs qətimkan tədbiri seçib.

Faiq Əmirli avqustun 20-də saxlanılıb. O Cinayət Məcəlləsinin168-cü maddəsi (dini ixtişaşlar yaratmaq, yaymaq, öz dini üstünlüyünü başqalarına təlqin etmək və. s) və 283-cü maddəsi (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) təqsirli bilinir.

Vəkil Aqil Layıcov Amerikanın Səsinə müsahibəsində bildirib ki, "Faiq Əmirli elə şeydə günahlandırılır ki, mənim həqiqi gülməyim tutur.

İndiyədək heç bir məhkəmə, istintaq mənə bu qədər gülünc gəlməyib. Bu yapılan iftiranın ifrat dərəcəsinə varmaq deməkdir. Guya Faiq Əmirli imamdı, guya moizələr oxuyub, bu moizələr də iğtişaşlara səbəb olub, dini nifrət doğurub, bunu da publik şəkildə edib. Bu publik şəkildə etməklə digər şəxslərin qarşısında üstünlük qazanmaq istəyib. Eyni zamanda, “Hizmət hərəkatı” ilə sıx bağlılığı olub.İttiham bundan ibarətdir”, o qeyd edib.

Aqil Layicov

Aqil Layicov

Vəkil məhkəmənin qərarından apellyasiya şikayəti veriləcəyini və sonra Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediləcəyini bildirib.

Layıcov Faiq Əmirlinin avtomobilindən tapılan Fətullah Gülənlə bağlı olan kitabların məhkəmədə nümayiş etdirilmədiyini deyib.

“Biz tələb etdik. Dedilər ekspertizaya təqdim edilib. Amma, ekspertizaya təqdim edilmə qərarı olsa idi, bu qərarla biz də tanış olmalı idik. Belə qərar yoxdur. Görünür ”tapdıqları” kitabların gülüş doğuracağından çəkinirlər, ona görə məhkəmə qarşısına çıxarmırlar. Ola bilsin sabah kitabları başqası ilə əvəz edəcəklər”, vəkil bildirib.

Faiq Əmirli isə məhkəmədə deyib ki, "görünür vaxtı ilə nənəm yuxusunda görüb ki, mən ya seyid, ya da imam olacam. Məni nənəmin o zamanlar gördüyü yuxuya görə cəzalandırırsınız. Lap, “Yuxu” filmindəki kimi”, o istehza ilə məhkəməyə deyib.

XS
SM
MD
LG