Accessibility links

Faiq Əmirovun həbsi ilə bağlı rəsmi məlumat yayılıb


Faiq Əmirli

Faiq Əmirli

Faiq Əmirov Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu barədə Azərbaycan Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərinin birgə məlumatında deyilir.

Məlumatda bildirlir ki, istintaq zamanı Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü - partiya sədrinin köməkçisi Faiq Əmirovun “Azadlıq” qəzetinin maliyyə direktoru kimi öz qulluq mövqeyindən sui-istifadə edərək “Hizmət hərəkatı”nın təəssübkeşləri ilə birlikdə, məzmununda “fətullahçılığı”, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasını təbliğ edən, milli ləyaqətin alçaldılması məzmunlu ədəbiyyatı və elektron informasiya daşıyıcılarını yaymaq məqsədilə saxlamasına, habelə öz adının və mobil telefon nömrələrinin olduğu “Hizmət imam”ları siyahısında adları qeyd olunan şəxslərlə də qarşılıqlı əlaqələrinə dair əsaslı şübhələr müəyyən olunub.

“F.Əmirovun yaşadığı ünvanda və avtomobilində həyat yoldaşının, eləcə də özünün dəvət etdiyi hal şahidlərinin və “Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmlinin iştirakı ilə axtarış aparılıb. Faiq Əmirov dindirilmə prosesinə cəlb edildiyindən, avtomobilinin açarlarını Təzəxan Mirələmliyə şəxsən təqdim edib və sonuncu onun həyat yoldaşının və hal şahidlərinin iştirakı ilə avtomobilin qapılarını və yük yerini açıb.

Axtarış zamanı avtomobildən idxalına müvafiq razılıq tələb edilən Fətullah Gülənə həsr olunmuş 3 kitab, onun xütbələrinin video yazısı olan 8 disk, mənzilindən isə “Azadlıq” qəzeti redaksiyasının qaimə-fakturalarının toplandığı 2 sellofan torba, elektron informasiya daşıyıcıları və iş üçün əhəmiyyət kəsb edən digər əşyalar aşkar edilərək maddi sübut kimi götürülüb”, məlumatda qeyd edilir.

Baş Prokurorluq 2016-cı ilin avqustun 12-də Fətullah Gülənin rəhbərlik etdiyi “Hizmət hərəkatı”nın Azərbaycanda fəaliyyətinin qarşısının alınması məqsədi ilə cinayət işi başlayıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Dövlət Təhlükəsizliyi Xidməti “Azərfon” MMC-nin operatoru vəzifəsində işləyən AXCP Xətai rayon Gənclər təşkilatının sədri Fuad Əhmədlini saxlayıb.

Birgə məlumatda deyilir ki, hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək istintaqa cəlb olunmaları istiqamətində zəruri prosessual hərəkətlər və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Öz növbəsində, Faiq Əmirov ittihamları qəbul etmir və gülünc adlandırır.

Əmirovun vəkili Eldəniz Layıcov bildirib ki, indiyədək nə istintaqda, nə də məhkəmədə belə məzhəkəli cinayət işi ilə rastlaşmayıb.

XS
SM
MD
LG