Accessibility links

Faiq Əmirovun həbs müddəti uzadılıb-Sərhədsiz Reportyorlar bəyanat verib (Yenilənib)


Faiq Əmirli

Faiq Əmirli

Müxalifət fəalı “Hizmet” Hərəkatının imamı kimi təqdim edilir, Əmirov ittihamı qəbul etmir

"Sərhədsiz Reportyorlar" Təşkilatı “Azadlıq” qəzetinin həbsdə olan maliyyə direktoru Faiq Əmirovun səhhətindəki problemlərdən narahtdır və onun dərhal azad edilməsinə çağırıb. Təşkilat “Azadlıq” qəzetinin təqib olunmasına da son qoymağı tələb edir.

Qurumun bəyanatında deyilir ki, həbs səbəbi özünü doğrultmayan Faiq Əmirovun müalicəyə ehtiyacı var.

“Bu situasiya Azərbaycanda insan hüquqlarının hansı vəziyyətdə olduğunu göstərir. Biz Əmirovun vəziyyətindən çox narahatıq və onun dərhal azad edilməsinə çağırırıq”, sənəddə qeyd olunur.

Təşkilatın bəyanatında vurğulanır ki, Faiq Əmirovun həbsindən sonra hakimiyyət “Azadlıq” qəzetinə əlavə problemlər yaradıb və qəzet nəşrini dayandırmaq məcburiyyətində qalıb. Bu arada isə istintaq “Azadlıq” qəzetində elan verən şəxsləri dindirir və qəzetə qarşı yeni cinayət işi açmağa çalışır.

“Azadlıq” qəzetinin mühacirətdə olan baş redaktoru Qənimət Zahid Sərhədsiz Reportyorlar Təşkilatına bildirib ki, qəzet üçün bu növ təzyiqlər yenilik deyil. Əsas məqsəd qəzeti məhv etməkdir. Faiq Əmirovun da həbsinin əsl səbəbi “Azadlıq”ın maliyyə direktoru olmasıdır.

***

Noyabrın 11-də Bakının Nəsimi rayon Məhkəməsi prokurorluğun təqdimatı ilə “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirovun həbs müddətini 2017-ci il yanvarın 12-dək uzadıb. Prosesə hakim Babək Pənahov sədrlik edib.

Faiq Əmirov bu il avqustun 20-də saxlanıb. Avqustun 22-də Nəsimi rayon Məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib.

F.Əmirov Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanı onu hazırda ABŞ-da yaşayan Fətullah Gülənin tərəfdarlarının "Hizmet" Hərəkatının imamı kimi təqdim edir.

Faiq Əmirov ittihamı qəbul etmir və siyasi sifariş sayır. Əmirov müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalıdır.

Partiyanın bəyanatında deyilir ki, hakimiyyət bununla özünün Türkiyədə 15 iyul çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fəthullah Gülənlə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.

Vəkil Aqil Layicov bu günki məhkəmənin Əmirovun həbs müddətini uzatması ilə bağlı qərarını gözlənilən hesab edib.

“Adətən prokurorluğun belə təqdimatları məhkəmələr tərəfindən qeyd-şərtsiz yerinə yetirilir”, vəkil bildirib.

Qərardan apellyasiya şikayəti veriləcək.

Show comments

XS
SM
MD
LG