Accessibility links

Fatima Tlisova: İŞİD video mesajlarla Qafqazdan və Azərbaycandan gəncləri cəlb etmək istəyir


Türkiyə mediası keçən həftə İstanbulda Atatürk hava limanında hücumun Rusiya, Qırğızıstan və Özbəkistan vətəndaşları tərəfindən törədildiyi haqda məlumat verib. Terror hücumu ilə əlaqədar keçmiş Sovet İttifaqı ölkələrinin vətəndaşları saxlanılıb. Bu şəxslər arasında Azərbaycan vətəndaşının da olduğu bildirilir. Terror hücumunun əsas təşkilatçılarından birinin isə çeçen Əhməd Çataev olduğu haqda məlumatlar verilib. Şimali Qafqaz regionu üzrə ekspert Fatima Tlisova bölgədən İŞİD sıralarına döyüşçü axını haqda bir sıra məqələlərin müəllifidir. Amerikanın Səsinin “Amerika icmalı” proqramında müsahibədə Fatima Tlisova İstanbul hücumu ilə əlaqədar saxlanılanlar, Qafqaz bölgəsində ekstremist ideyaların yayılması və İŞİD-in regiondan gəncləri öz sıralarına cəlb etmək səyləri haqda danışıb.

Dilşad Əliyarlı: İstanbulda hücumda şübhəli bilinənlərlə bağlı son məlumatlar hansılardır?

Fatima Tlisova: Hələ ki təsdiq edilmiş informasiyadan, təhlükəsizlik orqanları və Türkiyə hökumətinin təsdiq etdiyi məlumatlardan məlum olur ki, bu terror aksiyasının birbaşa iştirakçılarından ikisi Rusiya Federasiyasının vətəndaşları olub. Onlardan biri Dağıstandandır, dünən isə artıq belə bir məlumat gəldi ki, ikinci şəxs Qaraçay-Çərkəz respublikasından milliyyətcə gənc noqaydır. Türkiyə hökuməti hücumun törədilməsi ilə birbaşa əlaqəsi olan bu şəxslərin kimliyini təsdiqləyib. Türkiyə mediasında və ekspertlər arasında təsdiq edilməmiş informasiyaya əsasən isə bu hücumun təşkilatçısı, onun həyat keçirilməsini Əhməd Çataev planlaşdırıb. Bu, məşhur cihadçıdır. O əvvəlcə, “Qafqaz Əmirliyi” adlanan qurumun tərəfdarı olub, sonra isə İŞİD-ə qoşulub və burada yüksək rütbələr alıb. Onun Gürcüstanın Pankisi vadisindən Tarxan Baturaşvili adı ilə tanınan Ömər Əl-Şişani ilə yaxın əlaqələri olub. Bu, məlum olan informasiyadır.

"İŞİD-in birbaşa Rusiya, Şimali Qafqaz, Cənubi Qafqaz, Mərkəzi Asiyada adamların mobil telefonlarına döyüşçü toplanması kampaniyasına dair mesajları və reklamları çatdırılır."-Fatima Tlisova

Eyni zamanda, kütləvi həbslərin edildiyi məlumdur. Bu şəxslər arasında 30 nəfər sadəcə yoxlanış üçün saxlanmayıb, onlar həbs ediliblər. Onların böyük hissəsi keçmiş Sovet İttifaqındandır. Burada Tacikistan, Qırğızıstan, Azərbaycan da qeyd edilir. Lakin bu haqda hələ rəsmi şəkildə bildiriş verilməyib.

Dilşad Əliyarlı: Türkiyə mətbuatının verdiyi məlumata görə, hadisə ilə əlaqədar şübhələnilənlər arasında Azərbaycan vətəndaşı da var. Bəzi təhlilçilərin fikrincə, İŞİD sıralarında Azərbaycan da daxil olmaqla keçmiş Sovet İttifaqından, minlərlə döyüşçü var. Bu şəxslər İŞİD sıralarına necə qoşulur? Yeni döyüşçülər necə cəlb edilir?

Fatima Tlisova: Yeni döyüşçülərin cəlb olunması yaxşı təşkil edilmiş bir prosesdir. Onların hədəf qrupları var və burada kifayət qədər çoxşaxəli şəbəkə fəaliyyət göstərir. Bunlar yeni adamların cəlb edildiyi yerlərə yaxın olan inanılmış insanlardır. Bu, adamların birbaşa cəlb edilməsidir. Amma indi bu proses daha çox internet vasitəsilə, müxtəlif gizli “çat”larda yazışmaq imkanı verən mesaj xidməti vasitəsilə həyata keçirilir. Eyni zamanda, bu iş sosial şəbəkələr vasitəsilə də edilir.

"Çox zaman oraya gedən bu yeni adamlar tez zamanda, bir-iki ay içində tələf olur. Onları ən qızğın döyüşlərin getdiyi yerlərə göndərirlər və onlar orada uzun müddət yaşamır."Fatima Tlisova

İŞİD-in birbaşa Rusiya, Şimali Qafqaz, Cənubi Qafqaz, Mərkəzi Asiyada adamların mobil telefonlarına döyüşçü toplanması kampaniyasına dair mesajları və reklamları çatdırılır. İndi artıq müəyyən dil qrupuna aid auditoriya üçün hədəfli video mesajlar göndərirlər. Onlar bunu çeçen və rus dillərində, Azərbaycan dilində, eləcə də başqa dillərdə hazırlayırlar. Yəni artıq onlar hədəf götürdükləri auditoriyanı genişləndirərək, daha çox gənci cəlb etməyə çalışırlar. Bu gənclərdən əslində “top qarşısına çıxarılmaq” üçün istifadə edilir. Ekspertlərin demək olar hamısı deyir ki, qrup sıralarına qoşulmuş yeni əsgərlər arasında tələfat ağlasığmaz dərəcədə böyükdür. Və çox zaman oraya gedən bu yeni adamlar tez zamanda, bir-iki ay içində tələf olur. Onları ən qızğın döyüşlərin getdiyi yerlərə göndərirlər və onlar orada uzun müddət yaşamır.

Dilşad Əliyarlı: Bu yaxınlarda İŞİD-in rus dilində veb səhifəsində yerləşdirilmiş video görüntüdə Azərbaycanın şimal rayonlarının bir sakininin rəsmilərinə qarşı hədələrlə çıxış etdiyi nümayiş etdirilib. Ekspertlər həmin şəxsin yüksək rütbəyə malik olduğunu qeyd edib. Adi insanların belə rütbələrə yüksəlməsinin səbəblərini necə izah etmək olar?

Fatima Tlisova: Sizin qeyd etdiyiniz şəxsin göstərildiyi video əslində reklam xarakteri daşıyırdı. O özünü Qafqazlı Abdulla adlandırırdı. Mən onun əsl adını öyrənmək üçün Azərbaycanda onun anadan olub boya-başa çatdığı kəndin şurasının başçısı ilə əlaqə saxladım. İndi mən bu haqda yazı üzərində işləyirəm. Təxminən 20 dəqiqəlik videoda həmin şəxs azərbaycanca danışırdı. Videonun kiçik bir hissəsində isə o həm də ləzgi dilində danışır. Onun anadan olduğu kənd Dağıstanda Rusiya sərhədinə çox yaxındır və orada ləzgilər yaşayır. Tamamilə aydındır ki, İŞİD-in reklam-təbliğat şöbəsinin bu videonu hazırlayarkən taktika və strategiyası hər bir region üçün və bu halda Azərbaycan üçün məqsədli mesaj göndərilməsindən ibarətdir. Özü də qeyd olunmalıdır ki, burada rus dilində subtitrlər də var. Qeyd etmək lazımdır ki, İstanbulda Atatürk hava limanında özünü partlatmış şəxslərdən biri Dağıstandan ləzgi olub. Beləliklə də bu mesajlar adamlara çatdırılır. Bu video bütün veb səhifələrdən, YouTube və bütün başqa kanallardan demək olar dərhal yığışdırılmışdı, amma bununla belə o hələ də İŞİD-in daxili kanallarında yenidən və yenidən peydə olur. Bu onu göstərir ki, İŞİD üçün mesajların Şimali Qafqazda gənclərə, radikallaşmaya meylli olan insanlara çatdırılması nə qədər əhəəmiyyətlidir.

"İŞİD-in reklam-təbliğat şöbəsinin bu videonu hazırlayarkən taktika və strategiyası hər bir region üçün və bu halda Azərbaycan üçün məqsədli mesaj göndərilməsindən ibarətdir."-Fatima Tlisova

Bu onları nəyə görə cəlb edir və onlar yuxarı rütbələrə necə yüksəlir suallarına cavaba gəldikdə isə burada bir çox səbəbi göstərmək olar. Məsələn, həmin videoda göstərilir ki, o şəxsin özünün neçə silahı var. Bu isə qafqazlılar, elə kişiliər üçün cəlbedici görünür. O, açıq döyüşlərə gedir. Yəni Qafqazda olduğu kimi bir yerdə gizlənib, oradan atəş açmaq məcburiyyətində qalmır və buna görə xüsusi əməliyyat nəticəsində öldürülə bilməz. Onlar Suriya və İraqda olduğu kimi açıq şəkidə döyüşmək imkanına malik deyil. Onların İŞİD daxilində yüksəlməsinə gəldikdə, burada hər şəxsin özəl keyfiyyətlərindən çox şey asılıdır. Bəzi insanlar dediyim kimi, xüsusilə də gənclər 1-2 ayın içində ölür və unudulurlar. Onların heç adlarını yaxınlarından başqa heç kim bilmir. Yüksələnlər isə daha güclü, əvvəlcədən ola bilsin Qafqazda Çeçenistan münaqişəsində, ya da gizli cihadçı hərəkatında hərbi təcürbəyə malik adamlardır. Bununla yanaşı, onlar təbiətən yüksək döyüş qabiliyyətinə malikdirlər. Bunun sayəsində onlar yüksələ bilir. Eyni zamanda, İŞİD çox sayda rusdilli döyüşçülərin cəlb olunmasına çalışır. Yəni İŞİD-in gözündə öz regionunda mühüm görünən və nüfuza malik adam qrup sıralarında da daha çox yüksəlmək, komandir, bölgə komandiri və hətta bundan yuxarı rütbəyə yüksəlmək imkanı qazanır.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG