Accessibility links

Fələstinli köçkünlər ikinci dəfə qaçqın həyatı yaşayırlar


Üç mindən artıq fələstinli qaçqın BMT Yardım Agentliyinin Livandakı ofisində qeydiyyatdan keçib

Suriyada yarim milyon fələstinli qaçqın qeydiyyata alınıb. Bundan daha az sayda adam isə Livanda qeydiyyatdadır. Onların çoxu Suriyada qalırdı, lakin keçən ay qaçqın düşərgələri və onların ətrafında qızışan döyüşlər yüzlərlə fələstinlini qonşu Livanda sığınacaq axtarmağa məcbur edib. Amerikanın Səsinin Beyrutdakı müxbiri Margaret Beşir ikinci dəfə məcburi qaçqınlıq həyatı yaşayan fələstinlilərdən yazır.

Livana gələn fələstinli ailələrinin çoxu Şatilla qaçqın düşərgəsində qalır.
Onlardan biri qırx yaşlı Racə Haşemdir. O, Dəməşqdə olarkən beş uşağının təhlükəsizliyindən narahat olduğunu deyir: “Döyüş təyyarələri, minamyot atəşləri, və qətllərdən sonra mən uşaqlarımı götürüb bura gəldim. Biz daha bu vəziyyətə dözə bilməzdik.”

Qonşusu partlayış nəticəsində həlak olduqdan sonra o, bu qənaətə gəldi ki, düşərgəni tərk etmək vaxtı yetişib.

Racə Haşemi deyir ki, qonşusu, param-parça oldu və digər insanlar kimi həlak oldu. "İndi mən bilmirəm, onlar deyir ki, bizim qonşuları və həyat yoldaşımın qohumlarını öldürüblər. Onlardan bəziləri yaralanıblar, bəziləri isə həlak olublar,” deyə Racə bildirir.

Birləşmiş Millətlər Təşkilatı Yardım Agentliyinin (UNRWA) Livandakı mətbuat katibi Xuda Səmra deyib ki, əsasən iyul ayının ortalarında düşərgədə döyüşlərin şiddətləndiyi ərəfədə Suriyadan gələn 3000-dən artıq fələstinli qaçqınlar Livanda qeydiyyatdan keçiblər.

Xuda Səmra deyir: “Hələ də çox sayda insanın BMT-nin ofisinə müraciət etmədiyini ehtimal edirik, lakin indiyə qədər bizə müraciət edən fərdlərin sayı üç min nəfəri keçib.”

Sifətinin görünməsini istəməyən 25 yaşlı Ömər BMT-də qeydiyyata alınanlardan biridir.
“Biz çox kiçik miqdarda yardım alırıq və bu, bizə kömək olur: Allah yardım edir,” deyə Səmra bildirir.

BMT əməkdaşı deyir ki, didərgin düşmüş fələstinlilər iş tapmaqda çətinlik çəkirlər. Bu, isə onların vəziyyətini daha da mürəkkəbləşdirir.

Xuda Səmra: “Belə ki, siz Suriyadan qaçqın düşən insan üçün bu vəziyyətin nə olduğunu təsəvvür edə bilərsiniz. Bəlkə də iki dəfə didərgin düşüb, ikinci qaçqınlıq həyatını yaşayır. Bu, asan iş deyil.”

Yeni gələnlərin çoxu bir neçə ailə ilə birlikdə bir otaqda, darısqal dörd divar arasında yaşayırlar. İbtisam doqquz qohumu ilə birlikdə yaşayır.

“Biz üç ailəyik, hamımız bir otaqda yaşayırıq. Nə edə bilərik? Ölümdən və güllə-barandan qurtulub indi bu vəziyyətdə yaşayırıq,” deyə İbtizam bildirir.

Livan hökuməti qaçqınlara yaşayış üçün bir aylıq viza verib. Lakin Suriyadakı vəziyyətin nə qədər davam edəcəyini kimsə bilmir, onlar isə sığınacağın yalnız müvəqqəti olacağından narahatdılar.
XS
SM
MD
LG