Accessibility links

İlham İsmayıl: "FETÖ" deyilən əməllərdən 30-cu illərin ab-havası gəlir [Video-Müsahibə]


Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbərinin Amerikanın Səsinə müsahibəsi

Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl Amerikanın Səsinə müsahibəsində Azərbaycanda “Fətullah Gülən tərəfdarları”na qarşı qaldırılan cinayət işi, cinayət işinin predmeti, obyekti və “Gülən tərəfdarları”nın fəaliyyət dairələrindən danışıb.

Amerikanın Səsi: Baş Prokurorluğun mətbuat xidməti bildirir ki, Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan "Fətullah Gülən tərəfdarları”na qarşı cinayət işi qaldırılıb. Bununla yanaşı, cinayət işinin Cinayət Məcəlləsinin hansı maddəsi ilə qaldırıldığı, predmetinin, obyektinin nə olduğu barədə məlumat verilmir. Sizcə bu cinayət işinə başlanması üçün zərurət nədir?

İlham İsmayıl: Sizin qoyduğunuz sualdan da aydın olur ki, Baş Prokurorluğun mətbuat xidmətinin verdiyi bəyanatda bir yarımçıqlıq var. Yəni ki, sonadək bəlli deyil ki, burada obyektiv, subyektiv tərəf kimlərdir. Bu cinayət Azərbaycan Respublikasının ərazisindədir, yoxsa Türkiyə Respublikasının ərazisindədir. Yəni, burada qaranlıq tərəflər var. Amma, hər halda istintaq orqanına bəllidir. Çünki konkret olaraq hədəf olmasa, daha doğrusu əməl olmasa cinayət işinin qaldırılması mümkün deyil. Əgər firkirləşirlər ki, Türkiyədə baş verən dövlət çevrilişinə cəhddə iştirak edənlərin burada hansısa bir adamları var və onların əməllərində konkret qanunsuz hərəkətlər var, (mən demirəm indi açıqlasınlar ki, kimlərdir), amma ən azı biz burada onu hiss etmədik. Yəni, Azərbaycan Respublikasında konkret olaraq kimlər hansı fəaliyyətdə olub. Ola bilsin ki, Türkiyədəki insanlarla sıx əlaqədə olsunlar. Amma, əlaqədə olmaq hələ cinayət tərkibi deyil. Yardıma son dövrlərdə istər Türkiyədə, istər Azərbaycanda bu FETÖ (Fetullah Terror Örgütü-red) və yaxud “Fətullah Gülən tərəfdarları” deyilən əməllərdə 30-cu illərin ab-havası gəlir. Vaxtı ilə Maksim Qorki (Sovetlər Rusiyasının inqilabi yazıçısı, Stalinin dostu Qorki xəstyəxanada öləndən sonra 1930-cu illərin sonlarında həkimlərə qarşı yazıçını zəhərləmələri ilə bağlı iş başlayıb-red) öləndə də bir “Həkimlər işi” var idi. Ölkədəki bütün həkimləri bu məsələyə cəlb edirdilər. İndi də “Fətullah Gülən tərəfdarları” adı ilə cəlbetmə prosesi gedir. Bir var qanunsuz əməl, cinayət tərkibi daşıyan əməl, bir də var sadəcə olaraq hansısa bir xəttə bir ehtiram məsələsi ilə əlaqədar cinayət işinin qaldırılması, bu mümkün deyil. Amma, qanunsuz əməl varsa, qanusuz hərəkət varsa, konkret olaraq Türkiyədəki dövlət çevrilişinə hər hansı bir dəstək varsa, bu dəstəkdə tam cinayət tərkibi düzəlirsə bu zaman olar. Yenə deyirəm, Baş Prokurorluğun mətbuat xidmətinin bəyanatında bir yarımçıqlıq var.

Türkiyədəki dövlət çevrilişinə hər hansı bir dəstək varsa, bu dəstəkdə tam cinayət tərkibi düzəlirsə bu zaman olar. Yenə deyirəm, Baş Prokurorluğun mətbuat xidmətinin bəyanatında bir yarımçıqlıq var.

Amerikanın Səsi: Fətullah Gülən Azərbaycan üçün kimdir? Onun əməllərinin Azərbaycan üçün hansı hüquqi, siyasi və ya iqtisadi-biznes nəticələri olub?

İlham İsmayıl: Fətullah Gülən haqqında informasiyalar təxminən 1990-cı illərin əvvəllərində, 1991-ci ildə başladı. Artıq,1992-1993-cü illərdə konkret olaraq Fətullah Güləndən daha çox leksikonda nurçular sözü işlənirdi, Səid Nursinin tərəfdarları. Zaman keçdikcə, bu məsələlər hüquqi tərəfdar tapmasa da, daha çox iqtisadi tərəfdə özünü göstərməyə başladı. Birinci, bilirsiniz ki, Fətullah Gülən tərəfdarları, ümumiyyətlə nurçuluqda iqtisadiyyata böyük önəm verilir ki, mütləq ticarətlə məşğul olmaq lazımdır. Perspektiv ideoloji xətti yeritmək üçün müəyyən dərəcədə təbii ki, maliyyə lazımdır. İlk dövrdə Azərbaycanda müəyyən biznes şəbəkələri oldular, sonra məktəblər açıldı (söhbət hələ orta məktəblərdən gedir), sonra isə ali məktəb açıldı. Amma, bütün bunların hamısının fonunda konkret olaraq ideologiya söhbəti yox idi. Dünyəvi elmlərin, təhsilin prosesi gedirdi. Ola bilər ki, orada oxuyan şagirdlərə, tələbələrə və yaxid müəllimlərə müəyyən dərəcədə Fətullah Gülən ideyaları, nurçuluq ideyaları təbliğ olunurdu. İdeya mümkündür. Hər cür ideya mümkündür. İdeyaya görə, düşüncəyə görə insanlar təqib olunmur. O vaxt təqib olunurlar ki, onların əməllərində qanunsuzluqlar var. O cümlədən, Fətullah Gülən Türkiyə ilə müqayisədə Azərbaycanda o qədər də populyar deyil. Amma, müəyyən tərfdarları var. Bilirsiniz ki, o tərəfdarlar müxtəlifdir. Burada ziyalılar da, hərbi sistemdə, hüquq sistemində olanlar da ola bilər, adi vətəndaşlar da ola bilər. Yəni onların əməllərinə diqqət yetirmək lazımdır. Yoxsa, niyə onun tərəfdarısan, niyə onun ideyalarını təbliğ edirsən? Bu günah deyil və əlbəttə ki, cinayət də deyil.

Amerikanın Səsi: Onların əməlləri Azərbaycanda hüquqi nəticələr törədibmi?

Türkiyədə baş verən son hadisələrdən sonra, yəni 15 iyul hadisələrindən sonra Azərbaycanda da onun rezonans doğurmağı təbiidir. Çünki müəyyən izlər var idi.

İlham İsmayıl: Hüquqi nəticələr deyəndə, nurçuların ideyasında, onların nizamnaməsinə diqqət yetirəndə sonunda şəriət dövlətinin qurulmasıdır. Yəni dünyəvi yox, şəriət dövlətinin qurulmasıdır. Əgər, şəriət dövləti qurulacaqsa, aydındır ki, bu Azərbaycan dövlətinin konstitusion quruluşunu dəyişmək deməkdir. Əgər, Türkiyədə deyildiyi kimi, paralel dövlət yapılırsa və bunlar nəzarətdən çıxırsa, burada artıq konkret əməl varsa, aydın məsələdir ki, bunun zamanında qarşısı alınmalıdır. İlk dövrdə proflaktika kimi qarşısı alınır, profilaktika məqsədinə çatmırsa, onun qarşısı qanunun sərt yolları ilə, cinayət məcəlləsinin konkret maddələri ilə alınır. Azərbaycanda bəzi məsələlərdə siyasi tərəflər oldu. Tutaq ki, müəyyən yazışmaların nəticəsi olaraq, müəyyən münasibətlərin, əlaqələrin nəticəsi olaraq bir sıra vəzifəli şəxslər işdən çıxarıldı, onların tərəfdarları işdən azad edildi. Əvvəlki popuyarlıqları itirildi. Əvvəlki kimi siyasi kluarlarda söhbətləri alınmadı. Bu bir növ profilaktik xarakter daşıdı. Amma, Türkiyədə baş verən son hadisələrdən sonra, yəni 15 iyul hadisələrindən sonra Azərbaycanda da onun rezonans doğurmağı təbiidir. Çünki müəyyən izlər var idi. O izlər tədricən həm də Türkiyə ilə bizim münasibətlərimizdə, hakimiyyətlərin arasındakı münasibətlərə görə müəyyən razılaşmalar nəticəsində onların kənarlaşdırılması prosesi getdi. İndi isə konkret olaraq cinayət varsa yəqin ki, istintaq orqanının hədəfində kimlərsə var.

Amerikanın Səsi: Azərbaycanda “Fətullah Gülən tərəfdarları” deyiləndə kimlər nəzərdə tutulur? Bu tərəfdarlar hökumət qurumlarında, yoxsa müxalifətin tərkibində axtarılacaq?

İlham İsmayıl: İdeologiyaya görə, hətta təriqətə görə, düşüncəyə görə insanlar təqib oluna bilməz. Amma, qeyri-rəsmi məlumatlara görə Azərbaycanda istər hərbi, istər mülki strukturlarda, istər ali məktəblərdə, gənclər arasında kifayət dərəcədə Fətullah Gülən ideyalarına (nurçuluq ideyalarına) sadiq olan insanlar var, onların tərəfdarları var. Ona görə də Azərbaycan cəmiyyətində bundan ötrü xüsusi ova çıxmaq lazım deyil. Mənə elə gəlir ki, konkret əməl sahiblərinin arxasınca müəyyən hüquqi addımlar atılmalıdır.

Show comments

XS
SM
MD
LG