Accessibility links

Filipp Lefort: Hər iki dövlət münaqişənin qurbanıdır


Filipp Lefort: Hər iki dövlət münaqişənin qurbanıdır

Filipp Lefort: Hər iki dövlət münaqişənin qurbanıdır

Regional münaqişələr və böhranlar, habelə Aİ-nin regional siyasəti ilə bağlı məsələlər Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəliyinin səlahiyyətlərinə aid edilib.

Avropa İttifaqının sentyabrın 1-dən missiyasına başlamış Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə yeni xüsusi nümayəndəsi Filipp Lefortun fəaliyyətinin əsas istiqaməti regional münaqişələrin nizamlanması və Avropa İttifaqının regional siyasəti olacaq.
Cənab Lefort bu gün Bakıda keçirdiyi mətbuat konfransında bildirib ki, onun səlahiyyətləri əvvəlki xüsusi nümayəndə Piter Semnebinin mandatından bir qədər fərqlənir.
Onun sözlərinə görə, Lissabon sazişinə uyğun olaraq, Avropa İttifaqının nümayəndəlikləri daxili inkişaf da daxil olmaqla, siyasi funksiyaları tamamilə həyata keçirmək səlahiyyəti alıb. Eyni zamanda, Aİ regional münaqişələrə böyük diqqət yetirməyə çalışır. Buna görə, regional münaqişələr və böhranlar, habelə Aİ-nin regional siyasəti ilə bağlı məsələlər Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəliyinin səlahiyyətlərinə aid edilib.
Bununla əlaqədar olaraq, cənab Lefort əsas diqqətini regional münaqişələrin həllinə və Gürcüstanda böhransonrası proseslərə yönəldəcək. O, Qarabağ nizamlanmasına yardım üçün hər ay bölgəyə səfər etmək niyyətindədir.
ATƏT-in Minsk qrupunun işinə dəstək ifadə edən nümayəndə bildirib ki, Aİ öz növbəsində regionun münaqişəsonrası reabilitasiyası üçün beynəlxalq donorların cəlb edilməsi təcrübəsini bölüşməyə hazırdır. “Münaqişələrin həlli üzrə işi gücləndirmək, Avropa İttifaqı və region arasındakı əlaqələri yaxşılaşdırmaq istərdim”, - deyə o bildirib.
Qarabağ münaqişəsinin nizamlanmasına əsas maneənin nədən ibarət olması barədə sualın cavabında cənab Lefort deyib: “Mənə elə gəlir ki, əsas maneə etimadın olmaması və qorxudur. Əminəm ki, hər iki dövlət münaqişənin qurbanıdır”.
Oktyabrın 26-27-də cənab Lefort Azərbaycan prezidenti, parlamentin spikeri, XİN rəhbəri və digər rəsmilərlə danışıqlar aparıb, habelə vətəndaş cəmiyyəti fəalları ilə görüşüb. Azərbaycanı BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi və Türkiyə ilə qaz nəqli üzrə saziş imzalaması münasibətilə təbrik edib və bunu mühüm strateji layihədə uğur kimi qiymətləndirib.

Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eştonun noyabrın əvvəllərində regiona nə ilə gələcəyi haqqında suala cavabda cənab Lefort “yaxşı olar ki, o, özü bu barədə danışsın” deyə cavab verib. Şəxsi mövqeyinə gəlincə o, “Cənub qaz dəhlizi”nin yaradılması ilə əlaqədar Aİ-nin regiona böyük marağı olduğunu qeyd edib. Bundan başqa, regionun böyük potensialı və mədəni müxtəlifliyi diqqətəlayiqdir.

XS
SM
MD
LG