Accessibility links

Firudin Cəlilov: Cənubi Azərbaycandakı zəlzələ ümumilli faciədir


Firudin Cəlilov və Aynur İmranova mətbuat konfransı keçirib

Firudin Cəlilov və Aynur İmranova mətbuat konfransı keçirib

Uluslararası Güney Azərbaycan Türkləri Konseyini prezident İlham Əliyevi laqeyd qalmamağa, Cənubi Azərbaycandakı soydaşlara yardım göstərilməyə çağırıb

Avqustun 11-də Cənubi Azərbaycanda (İran) baş vermiş zəlzələ ümummilli faciədir. Uluslararası Güney Azərbaycan Türkləri Konseyinin İdarə Heyətinin üzvü Firudin Cəlilov belə hesab edir. Bu gün mətbuat konfransındakı çıxışında o, xatırladıb ki, üç sutka ərzində Şərqi Azərbaycan əyalətində 930 yeraltı təkan baş verib, 220 kəndə ziyan dəyib. Kəndlərin 66-sı tamamilə dağılıb. Rəsmi məlumatlara görə, 120 min adam zərər çəkib, 300-dən çox adam həlak olub, 2 mindən çoxu yaralanıb. Lakin reallıqda qurbanların sayı beş mini ötür. İran real statistikanı gizlədir.

F.Cəlilov qeyd edib ki, İran xarici yardımı qəbul etmir, bu da “İran şovinist rejiminin azərbaycanlılara qarşı münasibətinin göstəricisidir”. O həmçinin deyib ki, Təbriz yaxınlığında zəlzələ heç də həqiqi deyil. “Çox ehtimal ki, yeraltı təkanlar süni mənşəli ola bilər. Məhz bu səbəbdən də İran xarici yardımı ölkəyə buraxmır”.

Cənab Cəlilov Azərbaycan telekanallarını və hakimiyyəti Cənubi Azərbaycanda faciəyə laqeyd qalmaqda ittiham edib. O bu günlərdə telekanallarda şou proqramların nümayiş etdirilməsini “mənəviyyatsızlıq” adlandırıb. “Azərbaycan hakimiyyəti də baş verənlərə eyni cür yanaşır, baxmayaraq ki, zəlzələdən zərər çəkənlər etnik azərbaycanlılardır”.

Təşkilatın İdarə Heyətinin üzvü Aynur İmranova bildirib ki, Facebook vasitəsilə 10 min manat yığa biliblər. “Çalışacağıq ki, bu pulları Cənubi Azərbaycandakı fəallara çatdıraq. Bizim yardımdan imtina edirlər, deyirlər ki, yalnız uşaqlar üçün süd göndərilə bilər. Orada donor qanına ciddi ehtiyac var və bu cür isti hava şəraitində onu göndərmək çətindir”. Təşkilat prezident İlham Əliyevə müraciət edərək laqeyd qalmamağa, Cənubi Azərbaycandakı soydaşlarımıza yardım göstərilməsinə çağırıb.
XS
SM
MD
LG