Accessibility links

Fəlakətlə nəticələnən yardım missiyası


Qəzzaya yardım aparan gəmidə insan tələfatına səbəb olan hadisədən sonra Türkiyə İsraillə münasibətlərin minimuma endirilməsi ilə hədələyir. Türkiyə rəsmiləri bu ölkə ilə iqtisadi və müdafiə əlaqələrini azaldacaqlarını bildiriblər.

Qəzza zolağına yardım aparan gəmiyə İsrail təhlükəsizlik qüvvələrinin keçirdiyi reyd nəticəsində doqquz adam həlak olub.

Ölənlərin siyahısına Türk mənşəli bir amerikalı da daxildir.

Hadisədə ölənlər üçün cümə axşamı günü təşkil edilən dəfn mərasimində İsrail əleyhinə şuarlar səslənib. Türk yardım qrupu tərəfindən təşkil edilmiş konvoya daxil olan gəmi Qəzza zolağının İsrail tərəfindən üç il davam edən blokadasını pozmağa çalışarkən İsrail təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə üz-üzə qalıb. İsrail Qəzzaya yardımların Aşdod limana aparılmasına icazə verir və bəzi avadanlıqların Qəzzaya daxil olmasına qadağa tətbiq edir. İsrail tez-tez Qəzzadan raket hücumlarına məruz qalır. Qəzzanı nəzarətində saxlayan Fələstinlilərin Həmas qrupu seçkilərdə qələbə çalıb, ancaq qrup İsraili tanımağı qəbul etmir.

Bu həftə Qəzzaya gedən gəmidə insan tələfatına səbəb olan hadisədən sonra Türkiyə İsraili onunla münasibətlərin minimuma endirilməsi ilə hədələyir. Türkiyə Baş nazirinin müavini Bülent Arınç cümə günü bildirib ki, İsraillə olan iqtisadi və müdafiə əlaqələri azaldılacaq. Türkiyə mətbuatının yazdığına görə, Ankara İsrailə qarşı beynəlxalq məhkəmədə cinayət işinin açılmasını da nəzərdə tutur. İsrail rəsmiləri tərəfindən saxlanılan yaralı fəallar Türkiyənin təcili yardım təyyarələri ilə vətənə aparılıb.

Fələstin tərəfdarı qruplar Qəzzaya yardım kampaniyasına davam edəcəklərini, buraya yeni konvoylar göndərəcəklərini bildirsələr də, İsrail hökuməti yardımların Aşdod limanından başqa heç bir yerə aparılmasına imkan verməyəciyini təkidlə bildirib. Yardım kampaniyasında müxtəlif ölkələrdən fəallar iştirak edir.

İsrail baş naziri Bencamin Natenyahu deyib ki, gəmilərin Qəzzaya keçməsinə icazə verilməyəcək. Bunun əvəzində fəallar məhsulları İsrailin cənubundakı Aşdod limanına boşalda bilər.

XS
SM
MD
LG