Accessibility links

ABŞ-ın Miçiqan ştatı Flint şəhərində suların qurğuşunla çirklənməsi ilə bağlı açılan məhkəmə işinə son qoymaq üçün minlərlə evin su xətlərinin dəyişdirilməsi haqda razılıq əldə edib.

Razılığa əsasən, Miçiqan ştatında azı 18 min evdə qurğuşun və sinklənmiş poladdan düzəldilmiş su xətləri dəyişdiriləcək.

Flint şəhərinin suyu 2014-cü ildə şəhər xərcləri azaltmaq üçün su təchizatını Detroit şəhərinin su sistemindən Flint çayına dəyişəndən sonra çirklənib.

Lakin bu dəyişiklik Flint çayındakı suya qanuna uyğun olaraq, korroziya əleyhinə maddələrin əlavə edildiyindən əmin olmadan həyata keçirilib.

Su şəhərin köhnə su kəməri sistemində çirklənib və dəmir çirklənməsi səbəbilə içməli suyun rəngi qəhvəyi rəngə çevrilib.

Su təchizatında qurğuşunun olması xüsusilə də beyin və sinir sistemləri inkişaf etməkdə olan uşaqlarda ciddi və daimi sağlamlıq problemlərinə gətirib çıxara bilər.

Şəhər sakinləri ötən il məhkəməyə müraciət ediblər. Onlar ştatın Təhlükəsiz İçməli Su Qanununu pozduğunu iddia edirdilər. Sakinlər həmçinin federal Ətraf Mühitin Qorunması agentliyini (EPA) zəhərli suyun təhlükələri ilə bağlı onlara xəbərdarlıq etməməkdə və yerli, eləcə də ştat rəsmilərinin böhranı həll etməsini təmin etmək üçün lazımı addımlar atmamaqda ittiham edib.

Bu ayın əvvəli EPA içməli su infrastrukturunu yeniləməsi üçün Flint şəhərinə 100 milyon dollar ayırıb.

Saziş çərşənbə axşamı son təsdiq üçün Detroytda federal hakim tərəfindən nəzərdən keçiriləcək.

XS
SM
MD
LG