Accessibility links


Səyahətsevərlərə Florida ştatının bu bölgəsi yaxşı tanışdır. Mavi səması və ilıq havası ilə Mayami dünyanın hər yerindən insanları özünə cəlb edir. Xoş havasına görə bəziləri yaşamaq üçün buraya köçür.

Birləşmiş Ştatlar xəritəsində Mayamini asanlıqla tapmaq mümkündür. Mayami ölkənin cənubundakı Florida ştatının cənub-şərq hissəsində yerləşir.

Mayami sözü yerli hindulardan qaynaqlanır. Yerli amerikalılar bu bölgəni 1565-ci ildən, ispanlar gəldikdən sonra tərk etməyə başladılar. Hindular eləcə də, avropalıların gətirdikləri xəstəliklərə tutularaq və avropalılarla müharibələrdə ölürdülər.

1821-ci ildə İspaniya Floridanı əsarəti altında olan hindularla birlikdə Birləşmiş Ştatlara satdı. Burada qalan yerlilərin Seminol qəbiləsi Amerikanın qanunlarına baş əymək istəmədi və Birləşmiş Ştatlar ordusu ilə Seminol qəbiləsi arasında 3 dəfə silahlı toqquşma baş verdi. Nəhayət, 1858-ci ildə Seminollar sıxışdırılıb Everqleyds torpaqlarına çəkildilər və sonda təslim oldular.

1890-ci illərdə Mayamidə cəmi 500 ağdərili amerikalı yaşayırdı. Növbəti əsrdə üç qadın bu bölgənin inkişafında böyük işlər gördü. Bunlardan birincisi Culiya Tattl idi ki, ona “Mayaminin anası” deyərdilər. Culiya Tattl şimaldan gəlmiş, varlı dul qadın idi. O, Mayamidə torpaq almışdı və bir vaxtlar bu bölgənin Birləşmiş Ştatlarla Cənubi Amerika arasında mühüm təmas nöqtəsi olacağına inanırdı.

Culiya Tattl o zamanlar Floridanın şərq bölgəsinə dəmir yolu çəkən, biznesmen Henri Flaqlerə onun torpağından da istifadə edərək, dəmiryol çəkməsini təklif etdi. Henri Flaqler Mayamiyə dəmir yolu xətti çəkdi.

1896-ci ildə dəmiryol hazır olduqdan sonra Mayamı sürətlə inkişaf etməyə başladı. Lakin 1926-ci ildə okeandan gələn qasırğa Mayamiyə böyük ziyan vurdu. Bindan sonra şəhər 1930-cu illərdə “Böyük depressiya” nı yaşadı, yeni tikililər üçün planlaşdırılan bütün layihələr dayandırıldı.

Mayami II Dünya Müharibəsindən sonra yenidən bərpa edilməyə başladı. Bu məkan Karib hövzəsi dövlətlərinin ticarət mərkəzinə çevrildi. Birləşmiş Ştatların müxtəlif bölgələrindən insanlar kurort havasından ləzzət almaq üçün buraya köçməyə başladılar.


Ikinci qadın yazıçı Marcori Stonmen Duqlas idi. 1947-ci ildə yazıçı insanlara başa salmağa çalışırdı ki, inkişaf Everqlades təbiətini təhlükə qarşısında qoya bilər. Onun Ot Çayı adlı kitabı Everglades-in Floridanın həyatındakı mühüm rolunu önə çəkirdi.

Üçüncü ən təsirli qadın isə Barbara Baer Kapitman idi. 1970-ci illərdə o, Mayami-Biç şəhərində Art-Deko üslubunda tikilmiş binaların qorunub-saxlanması uğrunda kampaniya aparırdı.
Biznesmenlərin çoxu və yerli rəsmilər bu binaların köhnə və yararsız olduğunu dedikləri halda, Barbara Kapitman isə onların tarixi arxitekturalı binalar olduğunu deyirdi. O, Art-Deko ərazisini Milli Tarixi Qoruqlar Siyahısında qeydiyyatdan keçirməyə nail oldu.


Hazırda Mayami-Biç şəhərində Art-Deco üslublu 800-dən çox tarixi bina var. Bu gün Mayaminın bu bölgəsində 2 milyona qədər insan yaşayır.

Mayami dünyanın bir çox ölkəsindən gəlmiş mühacirlərə evdir. Bölgədə yaşayan insanların 50 faizə qədəri Mərkəzi və Cənubi Amerikadan gələn ispandillilərdir. Haitili mühacirlər ikinci yerdə gedirlər. Buraya yaşamağa gələn təqaüdçü kanadalı fransızlar bəzən Mayamini “Tropik Kvebek” adlandırır.

Mayamidə kubalılar çoxdur. Onlar buraya 1960-70-ci illərdə Fidel Kastronun hakimiyyəti ələ keçirməsindən sonra üz tutublar. Onların yaşadığı məhəllə “Kiçik Havana” adlanır. Kubalı-amerikalılar Mayami siyasətində də aparıcı rol oynayırlar.


Mayamidə minlərlə fabrik və zavod var. Mayami limanı beynəlxalq ticarət və sərnişin gəmilərini qəbul edir. Buranın havası yerli kənd təsərrüfatının inkişafında böyük rol oynayır və Birləşmiş Ştatlarda ən böyük sənayelərdəndir.

Turizm bölgənin ən böyük gəlir mənbəyidir. Hər il Mayamiyə dünyanın bütün guşələrindən 10 milyon müsafir gəlir. Mayami limanından kruiz gəmiləri müsafirləri Karib hövzəsi ölkələrinə daşıyır.
XS
SM
MD
LG