Accessibility links

ABŞ-ın nüfuzlu Forbes jurnalında dərc edilən məqalədə Azərbaycanın başqa ölkələr üçün siyasi islahat modeli ola bilmədiyi yazılıb. Jurnalın yazarı Mark Adomanis Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın keçən həftə Azərbaycan haqqında məqaləsində ifadə etdiyi fikirləri böyük təəccüblə qarşıladığını bildirib. Mark Adomanis yazıb ki, “Azərbaycan kimi insan hüquqlarının vəziyyətinin pis olduğu bir ölkənin islahat aparmaq səylərinə görə təriflənməsinə çox nadir hallarda rast gəlmək olar.”Müəllif Metyu Brayzanın məqaləsində ifadə edilmiş bir fikrə xüsusi diqqət çəkir:”Azərbaycan haqqında strateji düçüncə Qərb dəyərlərinin qurban verilməsi demək deyil. İranda mücadilə aparan islahatçılar 1400 il tarixi olan yəhudi icmasının dövlət tərəfindən dəstəkləndiyi və qadınların amerikalı bacılarından bir il öncə səsvermə hüququ aldığı qonşu Azərbaycana ilham mənbəyi kimi baxa bilər. Birləşmiş Ştatlar və onun Avropa müttəfiqləri Azərbaycanı silib atmamaq üçün müdrik olmalı, bunun yerinə bu kiçik, lakin strateji əhəmiyyətli ölkə ilə bölüşdükləri maraqlar və dəyərlərdən tam yararlanmalıdır.”

Mark Adomanis İranda islahatçıların Azərbaycana ilham mənbəyi kimi baxması fikrinin heç cür dəstəklənə bilməyəcəyini yazır. Azərbaycanı dünyanın ən repressiv rejimlərindən biri adlandıran müəllif Economist Intelligence Unit qrupunun dünyanın 167 ölkəsində demokratiyanın durumuna dair təhlilində Azərbaycanı Rusiya ilə müqayisə edərək, Rusiyanı 122-ci, Azərbaycanın isə 139-cu yerdə göstərdiyini qeyd edir. Müəllif habelə Freedom House təşkilatının hesabatında da Azərbaycanın Rusiya ilə eyhi kateqoriyada qeyri-azad ölkələr sırasında qeyd edildiyini yazır. Mark Adomanis dünya ölkələrində demokratik və avtokratik idarəçiliyin müqayisəli təhlilini verən The Polity IV layihəsində də Azərbaycanda Rusiyadan daha avtokratik və repressiv rejimin mövcudluğunun göstərildiyini qeyd edir. Onun yazdığına görə, “Brayzanın dediyindən belə çıxır ki, İranda islahatçılar siyasi sistemi Rusiyadan daha pis təmsil olunmuş bir ölkəyə baxmalıdır.”

Mark Adomanis bu fikri cəfəngiyyat adlandıraraq, Rusiya ilə münasibətlərin inkişaf etdirilməsinin əleyhinə olmasa da, ölkəni parlaq siyasi islahatlara nümunə kimi göstərilə bilməyəcəyini qeyd edir.

Müəllif daha sonra “Qərb Azərbaycanla münasibətləri inkişaf etdirməlidirmi” sualını verərək yazır: “Qərb virtual mənada bütün ölkələrlə münasibətləri inkişaf etdirməlidir. Amma biz iddia etməməliyik ki, yaxşı təmsil olunmamamış və avtoritar hökumətlə münasibətlər quranda biz öz dəyərlərimizi təbliğ edirik. Biz bunu etmirik. Azərbaycan hökuməti Qərb dəyərlərini bölüşmür, buna görə də davamlı olaraq müstəqil qurumlar tərəfindən dünyanın ən qapalı siyasi sistemlərindən biri kimi səciyyələndirilir.”

Maraqlar və dəyərlər arasında ziddiyyət və Azərbaycan kimi ölkələrlə münasibətlər qurarkən bu güzəştin daha bariz olduğunu qeyd edən Mark Adomanis məqaləsini bu sözlərlə bitirir: “İstəyirsinizsə, azərbaycanlılarla işləyin, lakin kiminlə işlədiyiniz haqda heç bir illüziyaya qapılmayın.”

İndependent qəzeti isə Bakıda World Challenge avtomobil yarışlarının işıqlandırılmasına buraxılmadığı haqqında yazıb. Qəzetin yazarı Simon Osborn bunun səbəbini şounun təşkilatçılarının İndependent-in tədbirin özü və beşulduzlu Kempinski mehmanxanası deyil, Azərbaycanda ümumi vəziyyətlə daha çox maraqlana biləcəyindən ehtiyat etdiyi ilə izah edib. Jurnalist “onlar mənim prezident Əliyevin hakimiyyətində həyatın hansı tərəflərini görməyimi istəmirdi?” sualını verir. O yazır ki, Azərbaycanda oktyabrın 9-da prezident Əliyevin səslərin 85 faizini aldığı seçkidən sonra fəallar və kampaniya iştirakçıları vəziyyətin daha da pisləşdiyini qeyd edir. Simon Osborn Mərkəzi Seçki Komissiyasının seçkinin nəticələrini səsvermə məntəqələrinin açılmasından öncə iPhone applikasiya vasitəsilə açıqlması və beynəlxalq müşahidəçilərə istinadən seçkinin ədalətli keçdiyini deməsindən yazır.

Keçmiş diplomat, hazırda Londonda da insan haqları məsələləri üzrə məsləhətçi kimi çalışan Rebekka Vinsentə istinad edən müəllif səsvermə zamanı sistematik pozuntuların olduğunu qeyd edib. “İnsan hüquqları sahəsində vəziyyət pisləşdikcə, rejimin repressiyaları beynəlxalq səviyyədə PR vasitəsilə maskalaması səyləri intensivləşir”-deyə müəllif Rebekka Vinsentə istinad edir.

Simon Osborn Bakıda dövlətin sponsorluğu ilə keçirilən avtomobil şousunun reklam broşürlərinin Britaniyanın dərgilərində də dərc edildiyini yazır. Lakin müəllif qeyd edir ki, Rebekka Vinsentin sözlərinə görə, Azərbaycandan uzaq durmaq cavab deyil, hətta demokratiya tərəfdarı qruplar da həqiqəti söyləmək üçün belə tədbirlərə ev sahibliyi edilməsindən razıdır.
XS
SM
MD
LG