Accessibility links

Forbes jurnalı dünyanın ən zəngin adamlarının siyahısını açıqlayıb


Dünyanın ən zəngin adamı, Microsoft şirkətinin təsisçisi Bill Geyts

Dünyanın ən zəngin adamı, Microsoft şirkətinin təsisçisi Bill Geyts

Forbes jurnalı 2016-cı ildə dünyanın ən zəngin adamlarının illik siyahısını açıqlayıb.

Microsoft şirkətinin təsisiçisi Bill Geyts 75 milyard dollar varidatla dünyanın ən zəngin adamlarının siyahısında yenə də birinci yerdədir.

Zara geyim mağazaları şəbəkəsinin təsisçisi Anasio Orteqa 67 milyard dollarla ikinci yerdədir.

Amerika investoru Uorren Baffet isə 60,8 milyard varidatla siyahıda üçüncü yerdə göstərilib.

Forbes jurnalının siyahısında dünyanın ən zəngin qadını Fransanın L'Oreal kosmetika şirkətinin təsisçisi Lilian Bettenkortdur. Onun varidatı 36,1 milyard dollardır.

Siyahıda ən gənc zəngin adamı Norveç investoru Aleksandra Andresendir. 19 yaşında varidatı 1,2 milyard dollar olan Andresen siyaıhda 1810-cu yerdən 1476-cı yerə keçib. ​

Lukoyl şirkətinin prezidenti Vahid Ələkbərov

Lukoyl şirkətinin prezidenti Vahid Ələkbərov

Dünyanın ən yaşlı zəngin adamı isə neft və bank sektorunda biznes sayəsində varidat sahibi olmuş Deyvid Rokfellerdir. 100 yaşlı iş adamının varidatı 3 milyard dollar təşkil edir.

Birləşmiş Ştatlar ən çox zəngin adamın yaşadığı ölkə olaraq qalır. ABŞ-da milyarderlərin sayı 540-dır. İkinci yerdə 251 milyarderlə Çin gəlir. Çində zəngin adamlarının sayı keçən illə müqayisədə 70 nəfər daha çoxdur.

Daşınmaz əmlak maqnatı, ABŞ prezident seçkilərində Respublikaçılar partiyasından namizəd Donald Tramp dünyanın ən zəngin adamları siyahısında 324-cü yeri tutur. Forbes Trampın varidatını 4,5 milyard dollar kimi qiymətləndirir.

İş adamı Fərhad Əhmədov

İş adamı Fərhad Əhmədov

Forbes jurnalı artıq 30 ildir dünyanın ən zəngin adamlarının siyahısını tərtib edir. Jurnalın bildirdiyinə görə, keçən ilki siyahıda olan 221 adam maliyyə itirdiyinə görə bu il siyahıdan çıxarılıb, lakin 198 yeni adam siyahıya daxil edilib.

Dünyanın ən zəngin adamlarının çoxu siyahıda artıq ikinci ildir göstərilir. Forbes bildirir ki, son 12 ayda onlardan 892 nəfər maliyyə itkisinə məruz qalıb, 501 nəfər isə daha da zəngin olub.

Forbes jurnalının dünyanın ən zəngin adamlarının siyahısında Rusiyanın ən nüfuzlu iş adamları olan üç azərbaycanlı da var. Bunlardan biri Rusiyanın ən böyük neft şirkətlərindən birinin prezidenti Vahid Ələkbərovdur. Siyahıda 124-cü yerdə götərilən Ələkbərovun varidatı 10 milyard dollar kimi dəyərləndirilir.

İş adamı Araz Ağalarov

İş adamı Araz Ağalarov

Forbes jurnalının siyahısında yer alan daha bir azərbaycanlı iş adamı Fərhad Əhmədovdur. Rusiyanın ən zəngin adamlarından biri olan Fərhad Əhmədovun 1,44 milyard dollarlıq varidatının əsas mənbəyinin təbii qaz sənayesindən əldə edildiyi bildirilir. O, dünyanın ən zəngin adamlarının siyahısında 1275-ci yerdədir.

Siyahıda 1476-cı yerdə iş adamı Araz Ağalarov göstərilib. Rusiyanın ən zəngin adamları arasında olan Ağalarovun varidatı 1,24 milyard kimi göstərilib. Forbes jurnalında Araz Ağalarov haqda verilmiş qısa məlumatda onun Rusiyada Azərbaycan diasporunun qeyri-rəsmi təmsilçisi olduğu qeyd edilib.

İş adamı Qod Nisanov

İş adamı Qod Nisanov

Forbes jurnalının siyahısında yer alan Azərbaycanda anadan olmuş daha bir biznesmen Qod Nisanovdur. Rusiyanın ən zəngin iş adamlarından biri olan Nisanov 3,2 milyard dollarlıq varidatını Moskvada daşınmaz əmlak biznesi sayəsində əldə edib. Siyahıda 527-ci yerdə göstərilən Qod Nisanov Quba rayonunda anadan olub, sonradan Moskvaya köçüb və orada biznes fəaliyyəti ilə məşğul olmağa başlayıb.

Show comments

XS
SM
MD
LG