Accessibility links

Natiq Cəfərli: "Formula -1" yarışından öncə turizm sahəsində islahat aparılmalı idi [Video - Müsahibə]


REAL Hərəkatının icra katibi Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində Bakıdan keçirilən “Formula -1” Avropa Qran-Prisinin yaratdığı problemlər və perspektivdə görüləsi işlərdən danışıb.

Amerikanın Səsi: “Formula -1” Avropa Qran-Prisinin Bakıda keçirilməsi ölkənin turist sənayesinə inkişaf stimulu gətirdimi? Yarışları izləmək üçün ölkəyə gələn xarici turistlərin sayı, yarışlara xərclənən vəsaitlər və gəlirlər barədə məlumatlar varmı?

Nədənsə, hökumət çox bahalı, təmtəraqlı otellərin tikilməsinə üstünlük verir. Bu da turizm üçün ciddi əngəllərdən biridir.

Natiq Cəfərli: Əvvəl xərclərdən başlamaq lazımdır. Çünki, son günlərə qədər rəsmi məlumatlar yayılmırdı, müxtəlif rəqəmlər səsləndirilirdi. Amma, yarışlara iki gün qalmış Gənclər və İdman naziri Azad Rəhimov rəsmi rəqəmləri açıqladı. 100 milyon manata yaxın vəsait xərclənməsi barədə bilgi verdi. Amma, bura iştirakçı ölkənin üzvlük haqqı daxil deyil. İştirakçı ölkələr bu yarışı qəbul etmək üçün 40 milyondan 55 milyon dollaradək üzvlük haqqı verirlər. Məsələn, Rusiyada bu 52 milyon dollardır. Azərbaycanın bu günədək nə qədər üzvlük haqqı verdiyi rəsmən açıqlanmayıb. Amma, minimum 40 milyon dollar saysaq və bunu xərclənən vəsaitin üzərinə gəlsək, təqribən 160-170 milyon manata yaxın vəsait xərclənib.

Azad Rərimovun dediyi digər bir maraqlı rəqəm ondan ibarətdir ki, cəmi 3 milyon manatlıq bilet satılıb. O biletlərin də 70 faizini Azərbaycan vətəndaşları alıb. Çox təəssüf ki, xarici vətəndaşların gözlənilən sayda gəlməsi mümkün olmadı. Çünki, yarışların təşkilindən öncə turizmi infrastrukturunun alp yapısı hazırlanmalı idi ki, bu yarışlar vasitəsi ilə ölkəyə turist cəlb etmək mümkün olsun. Təəssüf ki, bu mümkün olmadı. Çünki, Azərbaycan bu günədək viza ilə bağlı problemləri həll edə bilməyib. Məsələn, Gürcüstan 108 ölkə ilə vizanı ləğv edib Bu Gürcüstanda turizmin inkişafına çox böyük təkan verdi. Azərbaycanda isə MDB-dən başqa demək olar ki, bütün ölkələrlə viza siyasəti hələ də həyata keçirilməyib. Vizanın olması, gələn turistlərin viza ilə bağlı problemlər yaşaması gəlmək istəyənlərin belə, həvəsini öldürür. Bundan başqa, son illərdə nədənsə Azərbaycanın marağı bahalı otellərə yönəldi. Ancaq, 4, 5 ulduzlu, əsasən də 5 ulduzlu otelləri seçdi. Amma, dünyada turizm və turist profili dəyişib. Dünyada müasir turist profili belədir ki, turistlər artıq çox bahalı otellərə bir neçə saat yatmaqdan ötrü pul vermək istəmir. Azərbaycanda isə nə hostellər, nə də iki və üç ulduzlu otellər şəbəkəsi geniş yayılmayıb. Nədənsə, hökumət çox bahalı, təmtəraqlı otellərin tikilməsinə üstünlük verir. Bu da turizmi üçün ciddi əngəllərdən biridir.

Amerikanın Səsi:Belə tipli yarışların Azərbaycanda keçirilməsini ictimai fikir dəstəkləyirmi? Ölkə rəhbərləri bu tipli yarışların keçirilməsi ilə bağlı qərarlar qəbul edərkən nəyə əsaslanır?

Natiq Cəfərli: Bu tipli yarışlarala bağlı qərarlar verərkən bir önəmli amili nəzərə almaq lazımdır. Bu qərarlar təqribən 2011-2012-ci illərdə verilib. Avropa oyunları, Avrovizion ilə bağlı, Formula -1, Şahmat olimpiadası, İslam oyunları (bu yarış 2017-ci ildə olacaq), o zaman neftin qiyməti 100 dillardan yuxarı, 118-120 dollar civarında idi. Azərbaycan hökuməti də həmişə belə olacağını düşünürdü. Əldə olunan vəsaitin bir hissəsini də ölkənin, həm də hökumətin tanıtımı kimi düşünürdü. Bu qəraraları verərkən indiki ağır iqtisadi durumun olacağını çox yəqin ki, güman etmirdilər. Bu qərarların verilməsi ictimai rəydə birmənalı qarşılanmır. Sosial şəbəkələrdə, əhali arasında təbii ki, bu yarışların qəbulu ilə bağlı, bu yarışlara xərclənən vəsaitlə bağlı kifayət qədər suallar var. Məsələn, bu yaxınlarda Azərbaycan təhsil nazirliyinin bir açıqlaması oldu ki, xaricdə təhsilin maliyyələşdirilməsini azaldacaqlar. Çünki, vəsait çatışmır. Xaricdə oxuyanlar üçün bir neçə milyon manatın tapılmadığı bir ölkədə yüz milyonlarla vəsait xərcləyib idman yarışları keçirilməsi təbii ki, ictimaiyyət arasında birmənalı qarşılanmır.

Amerikanın Səsi: Azərbaycan “Formula- 1” yarışlarının növbəti 5 ildə Azərbaycanda keçirilməsindən imtina edə bilərmi? İmtina edilərsə nə qədər cərimə ödənilməlidir və cərimə hansı mənbədən ödənilməlidir?

Natiq Cəfərli: Bununla bağlı müxtəlif fikirlər səslənir. Amma, dünyada bir praktika var. İspaniyanın Valensiya şəhəri Avropa Qran-Prisinin şəhər içi turunun təşkili ilə bağlı ilkin razılaşma əldə etmişdi, amma 2102-ci ildə Valensiya bundan imtina etdi. “Formula- 1” təşkilatçıları Valensiyadan 32 milyon avro kompensasiya ödəməyi tələb etdilər. İş məhkəməyə getdi və bu günədək məhkəmə işi uzanır. Halbuki, üstündən 4 il keçib. Hələ bir qərar yoxdur. Çox güman ki, Valensiyanın udmaq şansı da var. Amma, Azərbaycan rəhbərliyi, daha doğrusu

Gənclər və İdman nazirliyi belə bir açıqlama verdi ki, yarışlardan imtina edilsə Azərbaycan 100 milyona yaxın kompensasiya verməlidir. Bu 100 milyonun haradan alındığını və nəyə görə bu rəqəmin səsləndirildiyini təəssüf ki, açıqlamadılar.

Çünki, müqavilənin özünü biz görməmişik. Halbuki, bu dövlət büdcəsindən maliyyələşən bir yarışdır. Vətəndaş olaraq, vergi ödəyicisi olaraq bizim haqqımızdır ki, o müqaviləni görək və Azərbaycanın hansı şərtlər daxilində belə bir yarışın keçirilməsinə imza atdığını bilək. Amma, təəssüf ki, bunu kommersiya sirri adı altında gizlədirlər və detallarını bilmirik. Amma, azından Azərbaycan yarışları keçirməsindən imtina etsə idi, kompensasiyanın ödənilməsi söhbətin mövzusu olmayacaqdı. Ən yaxşı halda, bir neçə il kompensasiyanın ödənilməsi məsələsi gündəmə gələcək idi. Çünki, “Formula 1” təşkilatçıları Azərbaycanı beynəlxalq məhkəmələrə verməklə kompensasiyanı almağı düşünəcəkdilər. Buna da bir neçə il sərf olunacaqdı və Azərbaycan tərəfdən yaxşı hüquqşünaslar olsa idi, beynəlxalq məhkəmədə bunun perspektivləri çox az görsənərdi. Çünki, artıq bunun bir presedenti var, Valensiya bundan imtina edib.

XS
SM
MD
LG