Accessibility links

İranın türk, ərəb, kürd, bəluç, türkmən, sünni, bəhayi və xristian toplumlarının təmsilçiləri noyabrın 24-ü və 25-də Birləşmiş Millətlər Təşkilatının insan haqları üzrə ali komissiyasının təşkil etdiyi azlıqlar məsələləri forumunun 8-ci sessiyasında iştirak edib.

Əl-Ərəbiyə TV-nin veb səhifəsinə istinadən, Cenevrədə təşkil olunan iclasda çıxış edən hüquq müdafiəçisi Şahin Xiyavlı bu yaxınlarda İran televiziyasında türkləri aşağılayan bir proqramın yayımlanması ardından İran Azərbaycanında baş verən kütləvi etirazlarda 150 nəfərin həbs edildiyini gündəmə gətirib.

Şahin Xiyavlı forumda İran Azərbaycanında baş verən insan haqları pozuntuları ilə bağlı fəaliyyət göstərən AHRAZ cəmiyyətini təmsil edib.

BMT-nin veb səhifəsində nəşr edilən videolara əsasən, Şahin Xiyavlı İranın ən böyük qeyri-fars etnik cəmiyyəti olan türklərin məruz qaldığı sistemli ayrı-seçkiliyi önə çəkməklə bərabər Urmiyə gölü ətrafında cərəyan edən ekoloji fəlakət haqqında da danışıb. O, həmçinin dinc etirazçıların polis şiddətinə məruz qaldığına diqqət çəkib.

Əhvazlı ərəb hüquq müdafiəçisi Mona Silawi isə İranda etnik və dini azlıqlara mənsub qadınların ikiqat ayrı-seçkilik və basqı ilə üzləşdiklərini şərh edib.

Şahin Xiyavlı və Mona Silawi eləcə də, İranın dövlət dairələri və məhkəmə sistemində sadəcə fars dilinin hakim olduğu və bu üzdən fars dilini yaxşı bilməyən vətəndaşlar, xüsusilə qadınların ciddi problem yaşadığını gündəmə gətirib.

XS
SM
MD
LG