Accessibility links

"Fövqəladə Hallar Nazirliyi şəxsi yarı-hərbi idarə kimi fəaliyyət göstərir"


"Fövqəladə Hallar Nazirliyi şəxsi yarı-hərbi idarə kimi fəaliyyət göstərir"

"Fövqəladə Hallar Nazirliyi şəxsi yarı-hərbi idarə kimi fəaliyyət göstərir"

The Telegraph qəzeti Wikileaks saytının Azərbaycanla bağlı yeni sənədlər açıqladığını yazıb, Kəmaləddin və Tale Heydərovlar məlumatları təkzib edib.

Amerikanın Səsinin verdiyi məlumata görə, Böyük Britaniyanın The Telegraph qəzeti Wikileaks saytının Azərbaycanla bağlı yeni sənədlər açıqladığını yazıb. “Villiam, Henri və Azərbaycanın Abramoviçi” adlı yazıda ABŞ rəsmilərinin sənədlərinə istinadla deyilir ki, şahzadə Villiam və Henri zəngin ailədən olan milyarder gənclə dostdurlar.

“Şəhzadələr 25 yaşlı Tale Heydərova 2009-cu ildə Qlouçesterdə Beaufort Polo Klubunda təşkil olunan qlamur xeyriyyə matçında təqdim olunub. Orada onlar Şahzadə Xeyriyyə Fondu üçün pul toplanılması məqsədilə Azərbaycanda matç keçirilməsini müzakirə ediblər.

London İqtisadiyyat Məktəbinin sabiq tələbəsi olan cənab Heydərov sahibi olduğu yerli futbol komandasına milyonlarla funt sterlinq yatırandan sonra “Azərbaycanın Abromoviçi” adı qazanıb. Bu yatırımlara ildə bir milyon dollar müqabilində İngiltərə yığmasının sabiq kapitanı Toni Adamsın da komandaya cəlb olunması daxildir”-deyə The Telegraph-in yazısında qeyd olunur.

Qəzetin yazdığına görə, Wikileaks məxfi diplomatik sənədlərdən ələ keçirdiyi məlumatlardan aşkar edib ki, ABŞ nümayəndələri cənab Heydərovun yüksək ranklı hökumət naziri olan atasının neftlə zəngin post-Sovet respublikasında belə yüksək məbləğdə pul toplamasından ciddi narahatdırlar.

“Kəmaləddin Heydərov hazırda fövqəladə hallar naziridir. Bu nazirlik o qədər geniş sahəni əhatə edir ki, o, daha çox “Hər şey nazirliyi” adı ilə tanınır.

O, daha əvvəl Gömrük Komitəsinin sədri olub. Amerikalılar bu sahəni Azərbaycanda ən çox korrupsiyalaşmış sahələrdən biri kimi təsvir edir".

The Telegraph qəzetinin yazdığına görə, 2010-cu ilin fevralında Bakıdakı ABŞ səfiri Kəmaləddin Heydərovun gücünün artması barədə 2500 sözdən ibarət səmimi məktub yazıb. Məktubda deyilir: “Dövlət Gömrük Komitəsində rəhbərlik vəzifəsi ona var-dövlətinin böyük hissəsini qazanmağa imkan verib. Burada o, toplanmış pullar piramidasının başında dayanan bir şəxs olub”.

Qəzetin yazdığına görə, səfir sözünə davam edərək Fövqəladə Hallar Nazirliyinin xidmətlərindən danışır. "Nazirlik şəxsi yarı-hərbi idarə kimi fəaliyyət göstərir. O, habelə Bakı elitasının və xüsusilə də Heydərov ailəsinin “nəğd pul mənbəyi” hesab olunur”. Məktubda həmçinin deyilir ki, ölkənin neft ehtiyatlarının zənginliyinə baxmayaraq, 9 milyon əhalisi olan ölkədə əhalinin 10 faizindən çoxu yoxsulluq səviyyəsindən aşağı vəziyyətdə yaşayır.

Qəzet ABŞ diplomatının məktubuna istinadən yazır: “Kəmaləddin Heydərov və onun ailəsi Ağbalıq kürüsündən tutmuş inşaata kimi nəhəng biznes imperiyası qurub. “Azərbaycanda iqtisadiyyata geniş şəkildə inhisarçılar nəzarət edir və müşahidəçilər deyir ki, Heydərovlar bu, rəqabətin olmadığı dağın zirvəsində dayanır”-deyə ABŞ diplomatı yazır”.

The Telegraph-in yazdığına görə, sənəddə Londonun St. Ceyms Meydanında yaşayan Tale Heydərovun yanlış işlər görməsi barədə heç nə yazılmır. “Dünən həm Kəmaləddin Heydərov, həm də Tale Heydərov deyilənləri təkzib edib” – deyə qəzet məqaləni sona çatdırır.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG