Accessibility links

Əfqan qadın dünyaya qız uşağı gətirdiyinə görə öldürülüb (video)


Əfqanıstanın şimal-qərbində, Kunduz vilayətində bu ilin əvvəli 22 yaşlı qadın iki qız uşağı dünyaya gətirdiyinə görə əri və qayınanası tərəfindən öldürülüb. Baxmayaraq ki, qadının ölümü beynəlxalq diqqətə səbəb olub, onun əri hələ də azadlıqdadır.

Storainin əmisi gənc qadını günahsız və ailəsinin qayğısına qalan dindar bir qadın kimi təsvir edir.

Storainin əmisi, Zalmay: “Biz onun onu xöşbəxt edəcək biri ilə evlənməsini istəyirdik. O, daim dindar ailədə gəlin olmaq istəyirdi. Təəssüf ki, biz onu xoşbəxt həyata qovuşdura bilmədik.”

Storai ilə əri ikitərəfli qohum idi. Storainin qardaşı onun ərinin bacısı ilə evlənib. Altı ay sonra Storai bir qız uşağı dünyaya gətirdi. Qonşuların sözlərinə görə məhs uşaq dünyaya gələndən sonra əsasən qadının qayınanası tərəfindən zorakılıq və hədələr başladı.

Storainin əmisi Zalmay: “Səkkiz ay sonra Storai başqa bir qız uşağı dünyaya gətirdi. Storainin bizim evdə gəlin olan baldızı ara-bir ona baş çəkirdi. Bir gün onların evindən qayıdanda o dedi ki, Storai cəzalandırılıb. İkinci qızını həyata gətirdikdən dərhal sonra qayınanası Storaini inək tövləsinə atır.”

Bir neçə ay sonra Storai orada ölü halda tapılır. Onun özünü tavandan asdığı ehtimal edilir. Lakin cəsədi müayinə edən yerli həkim qadının boğazındakı kəndirin üzərindəki izlərin zorakılıq izlərinə bənzədiyini deyir. Həkim ehtimal edir ki, qadın boğularaq öldürülüb. Qadının qayınanası hal-hazırda Kunduz mərkəzi həbsxanasındadır. Storainin əri isə deyilənə görə Qadirak adlı səhra komandirinin himayədarlığından istifadə edərək gizlənir. Nadera Gia Kunduzda qadın problemləri üzrə direktoratın rəhbəridir. Onun sözlərinə görə siyasi əlaqələri olan polislərə qanun güc gələ bilmir.

Nadera Gia: “Bu növ cinayətlər baş verəndə və cinayətkar həbsə alınmayanda, bu, o deməkdir ki, cinayətkar hansısa komandir tərəfindən müdafiə olunur. Nəyə görə Arbakay həbsə alınmayıb sualına cavab, onun silahlı polis işçisi olmasıdır. Bu ölkədə polis vəzifəsinin qüdrəti onun məsuliyyətini üstələyir.”

Qadirak qızların təhsil aldıqları məktəbdə müəllimələrə hədə-qorxu gəlmək də daxil olmaqla Kunduz şəhərində etdiyi zorakılıqlarla məşhurdur. O, müsahibə verməyə razılaşdı və polisin müşayiəti altında gəldi. O, Storainin məsələsində əli olmasını inkar edir.

Qadirak: “Mən hadisə baş verəndən bəri Xanabadda deyiləm. 20 gündür ki, mən Kunduz şəhərində idim. O, mənimlə deyil, mənim himayəndarlığımda deyil. O, heç bir zaman mənimlə olmayıb.”

Müsahibə etdiyimiz yerli əhali və rəsmilərin hər biri Qadirakın sözlərinin əksini deyir. Storainin həbsdə olan qayınanası, Vali Hazrata günahsız olduğunu, lakin oğlunun polis işçisi olduğunu və məhz Qadirakın rəhbərliyi altında işlədiyini deyir.

Vali Hazrata: “Mənim oğlum iki il bundan əvvəl Qadirakın dəstəsinə qoşuldu. Ona görə ki, Qadirakın çoxlu düşməni var. O gün səhər Qadirak onu evinə müşayiət etmək üçün mühafizəçilərinə müraciət etdi. Ona görə ki, onun düşmənləri evinin yaxınlığında idi.”

Hal hazırda Storainin ölümünə görə cəza çəkən yenə də yalnız qadındır. Nadera Gia deyir ki, prosesin nəticəsi əfqan qadınlarının aşağı statusda olmalarına daha bir sübutdur.

Lakin Storainin ailəsi təslim olmaq fikrində deyil. Onlar deyir ki, nə qədər ki sağdırlar, onlar prosesi davam etdirəcək və qatili tapmağa çalışacaqlar.

XS
SM
MD
LG