Accessibility links

Parisdə hicabla bağlı insidentə görə kütlə polisə hücum edib


Paris ətrafında qadınların üz örtüyü olan niqaba qadağa ilə əlaqədar etiraz zorakılıq hadisəsinə çevrilib. Trapp şəhərində bir kişi üzü niqablı həyat yoldaşını yoxlayan polisə hücum etdikdən sonra həbs edilib. Bunun ardınca onun həbsinə etiraz edən təxminən 250 adam polis idarəsi qarşısına toplaşıb.

Həbsə görə qəzəblənən etirazçılar iğtişaş polisi ilə toqquşmadan öncə polis idarəsinin yerləşdiyi binaya əşyalar atıb, əmlaka zədə vurublar. Fransa rəsmiləri altı nəfərin həbs edildiyini və 14 yaşlı oğlanın gözündən ağır xəsarət aldığını bildirir.

Polis cümə günü gecə baş vermiş hadisədən sonra şənbə günü qayda-qanunun bərpa olduğunu və ictimai asayişin qorunması məqsədilə Trappda polis qüvvələrinin nəzarəti həyata keçirməyə davam edəcəyini bildirib.

Fransada “bürqəyə qadağa” adı tanınan hicabın qadağası ilə bağlı qanun 2011-ci ildə qəbul edilib. Qanuna əsasən, qadınlar ictimai yerlərdə üzün örtülü saxlanmasını nəzərdə tutan bürqə və niqabla görünməməlidir.

Trapp Fransada 2005-ci ildə zorakılıqların baş verdiyi əsas şəhərlərdən biri idi. Parisin yoxsul və əsas etibarilə mühacirlərin yaşadığı ətraf şəhərlərində başlamış zorakılıqlar sonradan ölkənin başqa şəhərlərini bürümüş, hökumət ölkədə fövqəladə vəziyyət elan etməli olmuşdu.
XS
SM
MD
LG