Accessibility links

Freedom House: Azərbaycanda 2014-cü ildə fərqli düşünənlərə qarşı təqiblər gücləndirilib


Beynəlxalq insan haqlarını müdafiə qrupu Freedom House illik hesabatında dünya miqyasında demokratik ideyaların bərqərar olduğu bir sistemin qurulması perspektivlərinin təhlükə altında olduğunu bildirib. Təşkilatın “Dünyada azadlıq” adlı yeni hesabatında 2014-cü ildə dünya ölkələrində demokratik azadlıqların ağır bir durumda olduğu göstərilir. Hesabatda deyilir ki, iqtisadi cəhətdən güclü və regional səviyyədə nüfuzlu ölkələrdə demokratik standartların aşağı düşdüyü müşahidə edilir. Freedom House təşkilatının illik hesabatında Azərbaycan yenə qeyri-azad ölkə kateqoriyasında göstərilib. Təşkilatın nümayəndəsi Sara Repuççi Amerikanın Səsinə müsahibədə hesabatın Azərbaycanla bağlı hissəsini şərh edib.

"Bunun səbəbləri ölkədə fərqli düşünən insanlara qarşı təqiblərin güclənməsi, siyasi məhbusların həbsə alınması, insan haqları müdafiəçiləri və jurnalistlərin təqib olunması ilə izah edilir"-Sara Repuççi

Hesabatın Azərbaycanla bağlı hissəsində əsas məqamlar və ölkənin reytinqinin düşməsinin səbəblərindən danışan Sara Repuççi 2014-cü ildə də əvvəlki illər olduğu kimi media və vətəndaş cəmiyyəti üzvlərinə qarşı təqiblərin davam etdirildiyini deyib:” Biz Azərbaycanda bu il də vəziyyətin yaxşılaşdığı deyil, daha da pisləşdiyinin şahidi olduq. Biz bunu enməyə meyl kimi səciyyələndiririk. Bu o deməkdir ki, biz reytinqin dəyişdiyi deyil, ionun aşağı düşdüyünü görürük. Bunun səbəbləri ölkədə fərqli düşünən insanlara qarşı təqiblərin güclənməsi, siyasi məhbusların həbsə alınması, insan haqları müdafiəçiləri və jurnalistlərin təqib olunması ilə izah edilir. Biz Azərbaycanda demokratik azadlıqlar sahəsində vəziyyətin kəskin dəyişdiyi deyil, artıq bir neçə ildir bir-birinin ardınca pisləşdiyini görürük. Firkimcə, 2013-cü ildə prezident seçkisi dövrü vətəndaş cəmiyyəti nümayəndələri və müstəqil mediaya qarşı təqiblər artdı və biz 2014-cü ildə bunun davam etdiyini görürük.”

Araşdırmaçı jurnalist Xədicə İsmayıln həbsi beynəlxalq təşkilalar tərəfindən pislənilir.
Araşdırmaçı jurnalist Xədicə İsmayıln həbsi beynəlxalq təşkilalar tərəfindən pislənilir.

Sara Repuççi Azərbaycanın reytinqinin yaxşılaşdırılması üçün hansı addımların atılmalı olduğu sualının cavabında ölkədə media azadlığı ilə bağlı vəziyyətin xüsusilə böyük narahatlıq doğurduğunu vurğulayıb:” Biz siyasi hüquqlar və vətəndaş azadlıqları məsələlərinə diqqət yetiririk. Siyasi hüquqlar baxımından biz həm prezident, həm də parlament seçkilərini nəzərə alaraq siyasi müxalifətin fəaliyyəti üçün daha geniş yer verilməsini görmək istərdik. Vətəndaş azadlıqlarına gəldikdə isə biz media azadlığı ilə bağlı, həmçinin müstəqil medianın azad şəkildə fəaliyyət göstərə bilməməsi, vətəndaş cəmiyyəti nümayəndələri, xüsusilə də rejim tərəfindən təqiblərə məruz qalan hüquq müdafiəçilərinin fəaliyyətinə yer verilməməsinə görə narahatlığımızı bildiririk.”

"Müstəqil medianın azad şəkildə fəaliyyət göstərə bilməməsi, vətəndaş cəmiyyəti nümayəndələri, xüsusilə də rejim tərəfindən təqiblərə məruz qalan hüquq müdafiəçilərinin fəaliyyətinə yer verilməməsinə görə narahatlığımızı bildiririk”-Sara Repuççi

Freedom House təşkilatının nümayəndəsi Azərbaycan və qonşu ölkələrdə vəziyyətə də toxunub: “Həm Ermənistan, həm Gürcüstan qismən azad ölkə kateqoriyasındadır. Burada iqtidarda olan partiyanın maraqları ilə üst-üstə düşməyən siyasi fəallıq üçün imkanın olduğunu görürük. Bu ölkələrdə həmçinin ifadə və sərbəst toplaşmaq azadlıqlarına, eləcə də qeyri-hökumət təşkilatlarının fəaliyyətinə daha böyük yer verildiyini müşahidə edirik. Rusiyaya gəldikdə, biz illərdir repressiyaların şahidi olmuşuq və Rusiya Azərbaycandan fərqli olaraq artıq illərdir qeyri-azad ölkə kateqoriyasındadır. Biz Rusiyada bu il də vəziyyətin pisləşdiyini görürük. Türkiyəyə gəldikdə isə bir neçə il bundan əvvəl bizdə ölkə ilə bağlı böyük nikbinlik var idi. Lakin son bir neçə ildir orada da vəziyyətin pisləşdiyini, prezident Ərdoğanın rejimi tərəfindən repressiyaların artdığını görürük. Türkiyə hələ qismən azad ölkə kateqoriyasındadır, amma bu yolla davam etsə, ölkənin qeyri-azad kateqoriyaya salınması mümkün ola bilər.”

Freedom House təşkilatı yeni hesabatda dünya ölkələrində demokratik azadlıqlarla bağlı durumun bu il ən aşağı səviyyədə olduğunu göstərərək narahatlığını bildirib. Azərbaycanda vəziyyət dünya boyu müşahidə edilən tendensiyanın bir hissədirmi? Sara Repuççi: "Biz bu il demokratik azadlıqların qlobal səviyyədə düşdüyünün şahidiyik. Bu artıq doqquzuncu ildir ki biz inkişaf deyil, tənəzzül müşahidə edirik. Bu təkcə Avrasiya regionu deyil, Afrika, Yaxın Şərq, Asiyanın bəzi yerlərinə də aiddir. Azərbaycan bu tendensiyanın bir hissəsidir."

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG