Accessibility links

Freedom House hesabatında Azərbaycan yenə "azad olmayan" ölkələr sırasında


Freedom House-nin “Dünyada Azadlıq – 2017" hesabatı

Freedom House-nin “Dünyada Azadlıq – 2017" hesabatı

“Freedom House” beynəlxalq hüquq müdafiəsi təşkilatı dünyada azadlığın səviyyəsini göstərən illik hesabatını açıqlayıb.

“Dünyada Azadlıq – 2017” adlı hesabatda deyilir ki, 195 ölkədə siyasi hüquqlar və vətəndaş azadlıqları qiymətləndirilib. Bu ölkələrin 87-si azad, 59-u qismən azad, 49-u azad olmayan ölkə hesab olunub.

Azərbaycan yenə də "azad olmayanlar"ın, həm də son 10 ildə geriləyən ölkələrin sırasındadır.

Təşkilatın hesabatında deyilir ki, ötən il populistlərin və millətçilərin xeyli irəlilədiyi dövrdə qlobal demokratiyaya təzyiqlər iki dəfə artıb.

Hesabatın “Referendumlar və demokratik zəiflik” bölməsində Azərbaycanda ötən il keçirilən referendumdan söz açılır. Demokratiyanın zəif olduğu bəzi başqa ölkələrdəki kimi, Azərbaycanda da prezident İlham Əliyevin konstitusiyaya dəyişikliklər etməklə öz hakimiyyətini gücləndirdiyi, referendumun ciddi nəzarət altında keçirildiyi və seçicilərin 90%-nin dəyişikliklərə səs verdiyi deyilir.

Freedom House-nin “Dünyada Azadlıq – 2017" hesabatı

Freedom House-nin “Dünyada Azadlıq – 2017" hesabatı

Azərbaycanda ötən ilin sentyabrında Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilib. Dəyişikliklərdə prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilədək artırılıb. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılıb. Müxalifət bu dəyişiklikləri “mürtəce” adlandırıb.

Hesabatın “Hakimiyyətdəkilər gələcəyə hazırlaşırlar” bölməsində isə Avrasiya ölkələrinin iki qismə ayrıldığı bildirilir. Ukrayna, Gürcüstan və Moldovanın demokratik irəliləyişə nail olmağa çalışdıqları, şərqdə isə bəzi liderlərin iqtisadi və siyasi sabitsizliyə hazır olmaqdan ötrü hakimiyyətlərini gücləndirdiyi vurğulanır. Neftin ucuzlaşmasından narahat olan Azərbaycan liderlərinin də gələcək hakimiyyətlərinin möhkəmliyini bərpa etmək məqsədilə referendum keçirdiyi bildirilir.

Siyahıya aşağıdan yuxarı baxanda Azərbaycanın azadlığın inkişafı baxımından durumun ən pis olduğu Suriyadan 20 pillə irəlidə dayandığı görünür. Kuba, Çin, İran kimi ölkələr Azərbaycandan öndədir.

Qafqaz qonşuları bu hesabatda da Azərbaycandan irəlidədir: Gürcüstan da, Ermənistan da “qismən azad” ölkə kimi dəyərləndirilib.

Türkiyədə də ciddi geriləmə müşahidə olunub və Türkiyə, həmçinin Rusiya və İran da azad olmayan ölkələr siyahısındadır.

Bu hesabata Azərbaycan rəsmiləri, hələlik, reaksiya verməyib. Amma indiyədək beynəlxalq insan haqları qurumlarının tənqidlərini hakimiyyət təmsilçiləri rədd edib, ölkədə təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirib.

XS
SM
MD
LG