Accessibility links

"Son 5 ildə Azərbaycanda vəziyyət kəskin pisləşib" [Video]


Freedom House-un illik hesabatı
please wait

No media source currently available

0:00 0:04:28 0:00

Freedom House-un illik hesabatı

Freedom House-un yeni hesatına görə, Azərbaycan 2014-cü ildə mətbuat azadlığının kəskin pisləşdiyi 10 ölkədən biridir

Bu yaxınlarda Jurnalistləri Müdafiə Komitəsinin ən çox senzura tətbiq edən 10 ölkə sırasına daxil edilən Azərbaycanın adı bu həftə Freedom House təşkilatının 2015-ci il Mətbuat Azadlığı hesabatında da qeyri-azad ölkələr siyahısında yer alıb.

Xəbərləri izləməyin bu qədər asan olduğu bir dövrdə jurnalistlər məhkəmə qarşısına çıxarılır, həbsxanalara salınır və susdurulur. Bunu Freedom House Mətbuat Azadlığına dair açıqladığı yeni hesabatında bildirir.

Hesabatın Vaşinqtondakı "Newseum" xəbər muzeyində keçirilən təqdimat mərasimində danışan Freedom House-un vitse-prezidenti Venessa Taker bu il vəziyyətin daha da pisləşdiyini bildirib.

2015-ci ildə Mətbuat Azadlığının durumuna dair hesabata əsasən, Meksikada jurnalistlərin qorxudulması halları baş verib və informasiya ilə bağlı mübahisəli qanun qəbul edilib.

Şimali Amerikada mətbuat azadlığının mövcud olduğu halda, Latın Amerikası ölkələrində mətbuat ya qismən, ya da qeyri-azaddır.

Hesabatda Birləşmiş Ştatlar da Missuri ştatının Ferquson şəhərində hadisələrlə əlaqədar polisin jurnalistlərlə rəftarına görə tənqid edilib.

Asiya-Sakit okeanı regionunda isə əhalinin yalnız beş faizinin azad mətbuata çıxış imkanı var.

Dünyanın digər ölkələri azad və qeyri-azad kateqoriyalara bölünüb.

Hesabata görə, qeyri-azad ölkələr sırasında yer alan Azərbaycan 2014-cü ildə vəziyyətin kəskin pisləşdiyi 10 ölkədən biridir. Vanessa Taker son 5 ildə Azərbaycanda vəziyyətin xeyli pisləşdiyini bildirir. "Azərbaycanda davamlı pisləşmə müşahidə edilir. Son 5 ildə demək olar ki, heç bir yaxşılaşma görməmişik. Ona görə son zamanlar Azərbaycana diqqətin artırılmasına çalışırıq. Xədicə İsmayılovanın işi aşkar nümunədir. Xüsusilə onun işində bir dəyişikliyə nail olmağa çalışırıq. Ancaq təəssüf ki, gələcək barədə o qədər də nikbin deyilik" - deyə təşkilatın vitse-prezidenti bildirir.

Freedom House-un hesabatında deyilir ki, Avrasiya regionunda vəziyyət dünyada ən pis səviyyədə olaraq qalır.

Bu ölkələrdə mətbuatın 80 faizi qeyri-azad, 20 faizi isə azad kimi qeyd edilib.

Amerikanın Səsinə müsahibə verən təqdimat mərasiminin moderatoru, Pulitzer mükafatı laureatı, Vaşinqton Post qəzetinin müxbiri Dana Priest bildirib ki, Freedom House-un hesabatında Azərbaycan haqda deyilənlər dünyada ölkədəki vəziyyətlə bağlı narahatlığı artırmalıdır: "Azərbaycanda nə baş verdiyini yalnız müttəfiq olan ABŞ deyil, mətbuat azadlığına dəyər verən bütün başqa ölkələr də bilməlidir. Gözəl ənənələrə və neftdən gəlirlərlə yaxşı imkanlara malik olan Azərbaycan siyasi azadlıqlara imkan verməli, dəqiq jurnalistika ilə məşğul olan reportyorları həbs etməməlidir".

Freedom House Azərbaycan hökumətinin müstəqil KİV-ə qarşı iri hücum kampaniyası həyata keçirdiyini, reydlər təşkil etdiyini, hədə-qorxulara, məhdudlaşdırıcı qanunlara, saxta cinayət ittihamlarına əl atdığını qeyd edib. Dana Priest isə daha çox beynəlxalq təşkilat və Qərb hökumətlərinin ölkədə vəziyyətə diqqətini artdığını bildirir. "İndi görürük bu təşkilatlar koalisiya yaradaraq Azərbaycan həkumətinə necə güclü təzyiq göstərmək imkanları üzərində çalışır. İlk olaraq onlar problemi ictimailəşdirməyə çalışırlar. Misal olaraq deyim ki, Merilend Universitetində bir qrup tələbə üzərində Xədicə İsmayılovanın adı olan bilərziklər hazırlayıb və bu bilərziklər bütün dünyada satılacaq. Yəni bütün dünyada insanlar biləklərində onun adını və ölkənin adını daşıyacaqlar və onun həbsdə olduğunu unutmayacaq" - deyə Pulitzer mükafatı laureatı bildirir.

Onun sözlərinə görə, Azərbaycan hökuməti lobbiçilər vasitəsilə nə etmək istəməsindən asılı olmayaraq, hökumətin neqativ addımlarını unutmayan insanlar çoxdur.

Təqdimat mərasiminin sonunda iştirakçılara Dana Priestin haqqında bəhs etdiyi bilərziklər də verildi.

XS
SM
MD
LG