Accessibility links

1947-ci ildə azərbaycanlı partizanla evlənmiş İvonna Botto-Şirməmmədova 64 ildən sonra dogma vətəni Fransaya qayıdıb


1947-ci ildə azərbaycanlı partizanla evlənmiş İvonna Botto-Şirməmmədova 64 ildən sonra dogma vətəni Fransaya qayıdıb

1947-ci ildə azərbaycanlı partizanla evlənmiş İvonna Botto-Şirməmmədova 64 ildən sonra dogma vətəni Fransaya qayıdıb

1947-ci ildə Fransada azərbaycanlı partizan hərəkatının iştirakçısı ilə evləndikdən sonra Azərbaycana gələn İvonna Botto 64 il ürəyində doğma vətəni Fransanı bir dəfə də olsun ziyarət etmək arzusu ilə yaşayıb

1947-ci ildə Fransada azərbaycanlı partizan hərəkatının iştirakçısı ilə evləndikdən sonra Azərbaycana gələn İvonna Botto-Şirməmmədova 64 il ürəyində bir arzu ilə yaşayıb-vətəni Fransanı bir dəfə də olsun ziyarət etmək.

Nəhayət bir neçə gün əvvəl İvonna nənənin arzusu gerçəkləşib. İvonna nənənin hekayəsini ilk dəfə olaraq qələmə alan jurnalist Səbuhi Məmmədli onu səfərdə müşayiət edir. Onunla əlaqə saxlayıb görüşlərin necə keçdiyini öyrəndik.


Dilşad Əliyarlı: Səbuhi bəy, günlər necə keçir, günün ritmi necədir?

Səbuhi Məmmədli: İvonna nənə mətbuata müraciət edəndən sonra, daha doğrusu Lent.az saytında və Britaniyanın hərb və sülh icmalları institutunda (IWPR) yazılar çıxandan sonra Avropa-Azərbaycan Cəmiyyəti onunla maraqlanmağa başladı. Cəmiyyət İvonna nənənin vətəni Fransaya səfər etmək xahişini yerinə yetirdi və bu səfərin təşkilini öz üzərinə götürdü. Biz ayın 9-u tezdən Parisə gəldik. Parisdə İvonna nənəni əmisi qızı Marsel Qrequar qarşıladı. Qardaşı qızı Beatris Bordodan uçub gəlmişdi onu qarşılamağa. Həmin gün biz hava limanından Liona gəldik. Liona getməkdə məqsəd o idi ki, Marsela bizim gələcəyimi bildirdi və bütün qohum-əqrəbaya xəbər vermişdi ki, onun evinə yığışsınlar. Təxminən yarım saat ərzində Marselanın özünün dediyi kimi bütün Botto ailəsi, Botto nəslindən olan 30-40 adam İvonna nənənin ziyarətinə gəldi. Bir gün İvonna nənə dincəldi. Sonra biz çəkiliş qrupu ilə La Fayet kəndinə (İvonno Bottonun doğma kəndi) gəldik. Biz İvonna nənənin atası Jan, anası Mariya və qardaşı Polun dəfn olunduğu qəbiristanlıqda çəkiliş qrupu ilə birlikdə çətinliklə də olsa onların qəbirlərini tapa bildik. Bundan sonra İvonna nənənin La Fayetdə anadan olduğu evi tapa bildik.

Dilşad Əliyarlı: Bu evdə indi kim yaşayır? İvonna nənənin anadan olduğu bu evdə onun özünün qohumlarından yaşayan varmı?

Səbuhi Məmmədli: Xeyr, qohumlardan yaşayan yoxdur. İvonna nənənin qardaşı Polun qızı Beatris evi xeyli müddət bundan əvvəl satıb, evi alan adam da sonra başqasına satıb. Biz ona deyəndə ki, bu, evin sahibi kimdir, evin indiki sahibi çaşıb qaldı. Amma sonra biz məqsədimizi başa salanda gülüb dedi ki, İvonna nənə nə qədər istəsə gəlib bu evdə qala bilər.

Dilşad Əliyarlı: Səbuhi bəy, səfərə yerli camaat, yəni kənd sakinləri arasında maraq nə səviyyədədir? Bu xəbəri onlar necə qarşıladı?

Səbuhi Məmmədli: Səfərə maraq olduqca böyükdür. Təsəvvür edin ki, şəhər meriyasına gəldik. Orada bizə bildirdilər ki, bu qadın haqda xəbərimiz var. Çünki Fransa televiziyası artıq bu haqda xəbər vermişdi. Fransanın həftəlik Dimanche qəzeti İvonna nənə haqda yazmışdı. Onlar bizə dedilər ki, hər nə lazımdırsa əlimizdən gələni edəcəyik. Doğrudan da o köməkliyi göstərdilər. Bu gün İvonna nənənin nikah kazığını tapıb bizə verdilər. Bu, İvonna nənəyə həddindən artıq çox təsir etdi. Fransanın xeyli media qurumu burada idi. Onlar meriyada çəkiliş aparırdı. Meriyadan əvvəl isə ən dramatik, ən həyəcanlı an İvonna nənənin əzizlərinin qəbirlərini ziyarət etməsi oldu. O təxminən bir saata yaxın qəbiristanlığın qapısında dayanıb həyəcandan hərəkət edə bilmirdi. Heç ağlaya da bilmirdi.

Dilşad Əliyarlı: Səbuhi bəy, bu, bir insanın həyat hekayəsidir, bir məhəbbət hekayəsidir. İvonna nənənin hadisələrə özünün reaksiyası necədir, çünki o, Fransanı tərk etdikdən sonra faktiki olaraq onun tanıdığı insanların heç biri artıq həyatda deyil. İndi görüşdüyü insanlarla necə münasibət qurur? Dil cəhətdən çətinlik çəkmir ki? Müsahibələri təbii ki, fransız dilində verir. 64 il bu dildə danışmayandan sonra indi fransız dilində necə danışır, nələrdən danışır?

Səbuhi Məmmədli: Bəli, 64 ildir buradan çıxıb və fransız dilində çox cüzi danışır, zəif danışır. Amma bir söz demək istəyirəm ki, biz artıq üçüncü gündür buradayıq, bu adamın dili yavaş-yavaş açılmağa başlayır. Birdən qəfildən suallara elə reaksiyalar verir ki, bizim burada tərcüməçimiz özü də təəccüb edir. Məhəbbət hekayətinə gəldikdə, burada bir məqamı qeyd etmək istəyirəm. Meriyanın işçisi dedi ki, siz Azərbaycandan buraya gəlmisiniz, bu sənəd sizə niyə lazımdır? Nənə tərs-tərs baxıb cavab verdi ki, mən məhəbbətimin ardınca gəlmişəm. Ən təsirli səhnələrdən biri də qəbiristanlıqdan çıxanda onun qəfildən dayanıb yerdən torpaq götürməsi oldu. Əl yaylığına büküb dedi ki, mən öləndə mənim qəbrimin üstünə atarsınız torpağı. Qohumların hamısı onu ovuclarının içində gəzdirir. Həddindən artıq gözəl münasibət bəsləyirlər. Bu üç günə xeyli cavanlaşıb, şuxlaşıb, rahatlaşıb, amma əminliklə deyir ki, vətənimə qayıdacam, Azərbaycana.

Dilşad Əliyarlı: Səbuhi bəy, planlar necədir? Bundan sonra nə edəcəksiniz?

Səbuhi Məmmədli: Sabah məktəbə və onun evinə gedəcəyik. Onun ən böyük arzusu Parisdə teatra və kinoya baxmaqdır. Bir də ki kəndin yanında Alp dağlarına doğru dəmir yolu keçir. Uşaqlıq xatirəsi kimi dəmir yolu ilə getmək istəyir. Iki-üç gündən sonra Parisə qayıdacayıq. Mütləq partizanlar muzeyinə gedəcəyik. Orada Müqavimət Hərəkatına həsr olunmuş muzey var. Partizan hərəkatının bir neçə iştirakçısını tapmışıq, bir neçə başqa adamı da tapmaq üçün işlər gedir. İvonna nənə kimi 42 fransız qadın partizanlara qoşularaq, Sovet İttifaqına gəlmişdi. Onlardan birinin qızı anası haqda kitab yazıb. Ola bilsin o xətlə də nəsə əldə edə bilək.

Dilşad Əliyarlı: Səbuhi bəy, İvonna xanımın özü ilə danışmaq imkanı varmı?

Səbuhi bəy telefonu İvonna xanıma ötürdü.

Dilşad Əliyarlı: İvonna xanım, salam, necəsiniz?

İvonna Botto-Şirməmmədova: Yaxşıyam çox sağ olun.

Dilşad Əliyarlı: Təbrik edirəm sizi, gözünüz aydın, vətənə qayıtmısınız, Fransaya qayıtmısınız.

İvonna Botto-Şirməmmədova: Çox sağ olun.

Dilşad Əliyarlı: Kimlərlə görüşmüsünüz, necə keçir görüşlər?

İvonna Botto-Şirməmmədova: Çox sağ olun. Yaxşı keçir. Əmim qızını , əmim oğlunu, qardaşımın qızını görmüşəm. Hamı çox sevinir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG