Accessibility links

Fuad Ağayev: Rauf Mirqədirovun həbsini biabırçı pozuntular şəraitində uzadıblar [Video-Müsahibə]


Jurnalistin vəkili Amerikanın Səsinə danışır

Vəkil Fuad Ağayev Amerikanın Səsinə müsahibəsində “Zerkalo” qəzetinin həbsdə olan müxbiri Rauf Mirqədirovun həbs müddətinin uzadılması zamanı qanun pozuntularından, istintaqın perspektivsizliyindən danışıb. Rauf Mirqədirov bu il aprelin 17-də Ankarada saxlanılıb və aprelin 19-da Bakıya deportasiya olunub. Jurnalist aprelin 19-da Bakı Hava limanında həbs olunub.Mirqədirov Ermənistanın xeyrinə casusluqda günahlandırlır və on qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb.

Amerikanın Səsi: Siz bu gün Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında jurnalist Rauf Mirqədirovla görüşübsünüz. Onun səhhəti, ümumi durumu necədir? Nə düşünür?

Bizim iştirakımız olmadan, bizi məlumatlandırmadan, biabırçı, yolverilməz pozuntular şəraitdə Raufun həbsdə saxlanma müddətini uzadıblar. Bunu Rauf bu gün bir daha təsdiq etdi.

Fuad Ağayev: Rauf Mirqədirovun səhhətində hələ həbs olunan dövrdən müəyyən problemlər mövcud idi. İstintaq təcridxanası şəraitində mümkün müalicə alır.

Amma əsas məsələ bu deyil. Əsas məsələ ondan ibarətdir ki, Mirqədirov bizə ötən həftənin cümə günü baş verənlər haqqında danışdı. Bir daha təsdiqlədi ki, mən və digər vəkil Elmar Süleymanov MTN-nin təcridxanasında Rauf Mirqədirovla görüşə gedəndə, orada olduğumuz vaxt Raufu təcridxanadan qanuni baxımdan mövcud olmayan həbs müddətinin uzadılması üçün Nəsimi rayon Məhkəməsinə aparıblar və biz vəkilləri aldadıblar ki, Rauf həkim müayinəsindən keçir. Yalnız axşam vəkillərinə məlumat veriblər ki, bizim iştirakımız olmadan, bizi məlumatlandırmadan, biabırçı, yolverilməz pozuntular şəraitdə Raufun həbsdə saxlanma müddətini uzadıblar. Bunu Rauf bu gün bir daha təsdiq etdi.

Amerikanın Səsi: Noyabrın 20-də Rauf Mirqədirovun həbs müddətini daha 5 ay uzadıblar və məhkəmədə siz vəkillər iştirak etməyibsiniz. Mirqədirov məhkəmədə təyin edilmiş digər vəkilə etiraz edibmi? Ümumiyyətlə burada qanun pozuntusu nə olub?

Mirqədirovun həbsdə saxlanmasına yalnız və yalnız əvvəlki məhkəmə qərarında noyabrın 19-dək icazə verilmişdi. Yəni noyabrın 19-da Rauf Mirqədirov azadlıqda olmalı idi. Nəsimi rayon Məhkəməsinin hakimi isə qərarını noyabrın 20-də axşam saat 19 radələrində elan edib.

Fuad Ağayev: Noyabrın 20-də Nəsimi rayon Məhkəməsi, konkret olaraq hakim Emin İsayev həbsdə saxlanma müddətinin uzadılması ilə bağlı təqdimata baxıb. Hakimin yol veridyi ifrat dərəcədə qanun pozuntusunun birincisi ondan ibarətdir ki, Mirqədirovun həbsdə saxlanmasına yalnız və yalnız əvvəlki məhkəmə qərarında noyabrın 19-dək icazə verilmişdi. Yəni noyabrın 19-da Rauf Mirqədirov azadlıqda olmalı idi. Nəsimi rayon Məhkəməsinin hakimi isə qərarını noyabrın 20-də axşam saat 19 radələrində elan edib. O görməyə bilməzdi ki, hüquqmühafizə orqanının əməkdaşlarının müşayiəti altında gətirilən və dəmir barmaqlılar arxasında saxlanılanşəxs orada olmalı deyil, çünki onun həbs müddəti artıq iki gün əvvəl bitib. Hakim bunu görməyə bilməzdi. O bunu görübsə, məndə şübhələr yaranır, necə hakim statusuna layiq bilinir. Raufun iradəsindən kənar bir şəxsin vəkil təyin edilməsinə dair order qəbul edib və onunla birgə məhkəmə iclasında iştirak edib. Həbs müddəti ilə bağlı məsələyə baxılarkən Rauf konkret bildirib ki, mənim vəkillərim var, öz vəkillərim iştirak etməlidir. Xahiş edib ki, məhkəmə təxirə salınsın. Lakin hakim buna əhəmiyyət verməyib. Onun tələblərini eşitməməzliyə vurublar. Rauf deyib ki, bu vəkil mənim müdafiəçim deyil, vəkalətlə digər iki vəkilə hüquqlarımı müdafiə etmək üçün səlahiyyət vermişəm. Mirqədirov təyin olunmuş vəkildən imtina etdiyini bildirib, buna da əhəmiyyət verməyiblər. Təyinatla yalnız o zaman vəkil verilə bilər ki, bu və ya digər vətəndaşın vəkil tutmağa maddi imkanları olmasın, ya da bunu xahiş etsin. Rauf isə nə vəkillərindən imtina etməyib, nə də maddi imkanlarının olmaması barədə heç nə deməyib.

Amerikanın Səsi: Bununla bağlı şikayət verəcəksinizmi?

Mən 30 ildən yuxarı vəkillik təcrübəmdə belə şey görməmişdim, MTN-nin istintaq təcridxanasında biz vəkilləri ləngitmək üçün 2 saatdan çox aldadıblar.

Fuad Ağayev: Artıq şikayət vermişik, Rauf Mirqədirov artıq məhkəmə iclası protokoluna dair qeydlər göndərib. Bizim böyük etirazımız MTN-nin istintaq təcridxanasının bəzi əməkdaşlarının özlərini az qala prokurorluq orqanlarının qanunsuz əməllərində iştirakçı kimi göstərmələridir. Mən 30 ildən yuxarı vəkillik təcrübəmdə belə şey görməmişdim, MTN-nin istintaq təcridxanasında biz vəkilləri ləngitmək üçün 2 saatdan çox aldadıblar. Deyiblər ki, Rauf Mirəqdirov həkim müayinəsindədir. Halbuki o zaman Mirqədirov nəinki həkim müayinəsidnə, heç MTN-də olmayıb.

Amerikanın Səsi: Bundan sonra istintaqın perspektivlərini necə görürsünüz?

Əslində isə özləri də dolayısı ilə etiraf edirlər ki, erməni xüsusi xidmətlərinin materialları və gözləntiləri əsasında iş görürlər.

Fuad Ağayev: Bu cür biabırçı pozuntularla müşayiət olunan istintaqın qanuniliyini gözləmək sadəlövlükdür olardı. Mirqədirova verilən ittiham heç nə ilə təsdiq olunmur, çox əsassızdır. Ola bilsin, hansısa bir görüntü yaratmaq istəyirlər ki, nə isə ciddi bir iş araşdırırlar. Əslində isə özləri də dolayısı ilə etiraf edirlər ki, erməni xüsusi xidmətlərinin materialları və gözləntiləri əsasında iş görürlər.

Amerikanın Səsi: Rauf Mirəqdirovun insanlara, cəmiyyətə mesajları varmı?

Fuad Ağayev: Bəli, əlbəttə mesajları var. Onun əsas dedikləri odur ki, mənim heç bir günahım yoxdur və qanunsuzluğa son qoyulmasını tələb edirəm.

XS
SM
MD
LG